Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Başabəla soydaşımızın başından yekə böhtanı...

Azərbaycanlı yazar Sevinc Osmanqızının bugünlərdə xaricdən yayımlanan teleaçıqlamasında Azərbaycan həqiqətinə qatı kölgə salan, açıq-aşkar işğalçı Ermənistanın ədalətsiz mövqeyini ifadə edən sayıqlamaları bu başabəla məxluqun çörəyini yeyib-suyunu içdiyi, naz-nemətləri ilə böyüdü­yü vətənində ikrah və kəskin etirazla qarşılanıb. Yeni Azərbaycan Partiyası Sosial media qrupunun rəhbəri Ramil Vəlibəyov artıq soydaşımız olduğuna təəssüfləndiyimiz telejurnalistin düşmən dəyirmanına su axıdan qondarma fikirlərinə münasibətini belə ifadə etdi:

– Tanınmış ziyalı, şəhid jurnalist, Osman Mirzəyevin ailəsində böyümüş Sevinc Osmanqızı xaricdə şübhəli və konyunktur fəaliyyəti ilə bundan əvvəl də soydaşlarımız arasında narazılıq və qalma­qallara səbəb olmuşdu. Onun iyulun ortalarında Ermənistanın Azərbaycan sərhədlərinə hərbi təcavüzünə etiraz əlaməti olaraq həmvətənlərimizin xarici ölkələrdə keçirdikləri dinc etiraz aksiyalarını birmənalı olaraq pisləməsi, ölkəmizi və xalqımızı aşağılaması isə bu bədnam persona­nın erməni dairələrinin tam təsirində olduğuna heç bir şübhə yeri qoymadı.

Sevinc Osmanqızının öz bədnam çıxışında azərbaycanlıları “xuliqan, bandit, vətənşüvən” adlandırdığı videonun yayılmasından sonra ictimaiyyətimizdə kəskin reaksiya formalaşdı. Ziyalılar, jurnalistlər, vətəndaş cəmiyyəti və mədəniyyət nümayəndələri, hətta sadə vətəndaşlar belə Osmanqızını lənətləyir, onu xəyanətdə, düşmənə xidmətdə qınadılar.

Cəmiyyətimizin böyük əksəriyyəti düşü­nürdü ki, bəlkə, bundan sonra Sevinc Osman­qızı xalqdan, xüsusilə də şəhid ailələrindən üzr istəyəcək. Axı Sevinc Osmanqızı həmin sözləri şəhidlərimizin portretlərinin ermənilər tərəfindən tapdalandığı, bayrağımızın yandırıldığı, azərbaycanlıların erməni millətçiləri tərəfindən vəhşicəsinə döyüldüyü, xəsarət yetirildiyi bir zamanda xüsusi həvəslə, emosiya ilə demişdi. Amma görünür, azərbaycanlıları təhqir edib, erməniləri günahsız göstərmək Sevinc Osmanqızı­nın həmin gün üçün xüsusi siyasi missiyası imiş. Ona görə də, xalqın sözlərini qulaqardına vurdu, azərbaycanlılara yönəlmiş nifrətinə Ramiz Yunus, Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimilərdən ibarət “dəstək truppası” yaratdı. Amma onun bu cəhdi fiaskoya uğradı. Çünki Sevinc Osmanqızı artıq xəyanət obrazına çevrilib və ictimaiyyət ona satqın damğası vurub.

Xalqın iradəsinə, düşüncəsinə qarşı gedərək Sevinc Osmanqızını müdafiə edənlərin heç birinin məntiqli müdafiə arqumeni olmadı. Yalnız bir məsələ üzərində dayandılar: “montaj”. Axı, başqa necə müdafiə etsinlər ki? Sevinc Osmanqızı açıq şəkildə deyir ki, ermənilərin günahı yoxdur, bütün təxribatları Azərbaycan tərəfi edir. Bu məqamda qeyd edim ki, elə Osmanqızının bədnam çıxışının olduğu həmin gün Paşinyanın həyat yoldaşı Anna Hakobyan da erməni mediasına açıqlamasında deyirdi ki, xaricdəki təxribatları Azərbaycan tərəfi törədir. Buyurun, fakt ortadadır. Anna Hakobyan da, Sevinc Osmanqızı da eyni mövqeyi, məntiqi və sözləri bölüşürlər. Buna necə bəraət qazandırasan?

İndi isə gələk “montaj” bəhanəsinə. Tutaq ki, Sevinc Osmanqızının videosunu montaj ediblər, kəsiblər, doğrayıblar. Lakin videoda deyilən sözlər, işlədilən təhqirlər başqa kiminsə dilindən deyilmir. Videodan görünür ki, Sevinc Osmanqızı açıq şəkildə erməniləri müdafiə edir. Əgər kimsə videoya Sevinc Osmanqızının əvəzinə, başqa səs yerləşdirsəydi, yaxud, Osmanqızının dodaqlarının tərpənişi, mimikası ilə sözlər, ifadələr arasın­da gecikmə, dəyişmə olsaydı, o zaman montaj “bəhanəsi” işə yarayardı. Amma belə bir hal olma­dığından “cəbhəçi trollar”ın müdafiə taktikasının da, bəhanənin də yalnışlığı göz önündədir.

Ramil Vəlibəyov daha sonra dedi: “Bununla yanaşı, mediada və sosial şəbəkələrdə sürətlə yayılan videoya olan kəskin reaksiyaları, payla­şılan statusları da görməzdən gəlmək özü böyük təhqirdir. Çünki məlumatları təhlil etdikdə aydın şəkildə görürsən ki, bir nəfər də olsun, sadə vətəndaş Sevinc Osmanqızının xain sözlərinə bəraət qazandırmadı. Əksinə bu ağlını və milli ləyaqətini itirmiş soydaşımızı qınadı, özü də şiddətlə qınadı. Amma AXCP və Milli Şura rəhbərliyi, “cəbhəçi trollar” bilə-bilə ki, xalq Sevinc Osmanqızının bu hərəkətinə xəyanət kimi baxır, onun müdafiəsinə qalxdılar. Belə çıxır ki, AXCP və Milli Şura üçün xalqın rəyi də, fikri də önəmli deyilmiş. Əsas məsələ erməni maraqlarıdır, onların uzantılarının müdafiəsidir”.

YAP Sosial media qrupunun rəhbəri sonda qeyd etdi ki, eyni mövqeyi Sevinc Osmanqızı özü də sərgilədi. Həmin azərbaycanlıları təhqir videosunun yayılmasından sonra canlı yayıma çıxan Osmanqızı özünə bəraət qazandırmağa, hətta ictimai rəyi saya salmamağa çalışdı: “Hər dəfə “burada nə var ki?” deməklə xalqın düşüncəsinə hörmət etmədiyini sübut etdi. Hətta bir az da irəli gedib dedi ki, guya, montaj olunmuş video ermənilərin maraqlarına xidmət edir. Çox gülməli məntiqdir. Necə olur ki, Sevinc Osmanqızının çıxışı ermənilərin maraqlarına xidmət etmir, amma onun qısaldılmış videosu edir? Görünür, Sevinc Osmanqızı, ciddi stress, psixoloji sarsıntı keçirir. Onun özünə bəraət qazandırmaq cəhdi şizofreniya və “beyin oyunu” sindromuna da yoluxmasından xəbər verir. Başabəla soydaşımı­zın, hansı səbəbdən olur-olsun, dünyaya yaydığı başından yekə böhtan onu Vətəninə qarşı xəyanət mövqeyinə yuvarlatdı”.

R.TAHİR, “Xalq qəzeti”

31 2020 12:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə