Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqtisadiyyatda müsbət dinamikanın qorunması diqqət mərkəzindədir

Nazirlər Kabinetinin 2020-ci ilin ilk yarısının yekunlarına həsr olunan iclasında ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı göstəricilər təhlil edilərkən belə bir qənaət hasil olur ki, cari ilin mart ayından başlayaraq ölkə iqtisadiyyatı güc­lü xarici iqtisadi şokların təzyiqi ilə üzləşib. Bu, bir tərəfdən nef­tin qiymətinin kəskin şəkildə enməsi, digər tərəfdən COVID-19 pandemiyasının yayılması, eyni zamanda, bütövlükdə dünyada iqtisadi inkişafla bağlı kapitalın səmərəliliyinin kəskin şəkildə azalması ilə özünü biruzə verib. Bütün bunlara baxmayaraq, həyata keçirilən tədbirlər nəticəsində iqtisadiyyatda müsbət dinamika qorunub saxlanılıb. Başqa sözlə, hesabat dövründə düşünülən iqtisadi idarəetmə, əlverişli büdcə-vergi siyasəti, valyuta bazarındakı vəziyyətlə bağlı müsbət tendensiya böhra­nın meydana çıxmasını əngəlləyib.

Ekspertlər neftin qiymətinin kəskin ucuzlaşmasına, qlobal pande­miyanın təsirindən bir çox sahələrin fəaliyyətlərinə məhdudiyyətlər qoyul­masına, gəlirlərin azalmasına baxmaya­raq, yarım il ərzində dövlət büdcəsinin icrasında çətinliyin yaranmamasını ölkədə iqtisadi proqramların uğurlu icrası ilə əlaqələndirir və burada iqtisa­diyyatın şaxələndirilməsi siyasətinə xü­susi diqqət çəkirlər. Bildirirlər ki, isla­hatların vaxtında gerçəkləşdirilməsinin nəticəsidir ki, cari ilin 6 ayında kənd təsərrüfatı 2,2 faiz, qeyri-neft sənayesi isə 11 faiz artıb.

Bundan başqa, pandemiya şəraitində makroiqtisadi sabitliyin qorunması, iş yerlərinin, məşğulluğun saxlanılması və inkişafı, büdcə gəlirlərinin iqtisadi bazası olan daxili tələbin və investisi­yaların dəstəklənməsi, habelə “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması istiqamətində ciddi addımlar atılması da iqtisadi dinamikaya öz müsbət təsirini göstərib.

Hesabat dövründə vergi və gömrük orqanları xətti ilə ilin əvvəlində proqnoz­da nəzərdə tutulduğundan 425 milyon manat əlavə vəsaitin dövlət büdcəsinə mədaxil olunması da yuxarıda vur­ğulanan məsələ–ölkədə kölgə iqtisa­diyyatının azalmasının göstəricisidir. Eyni zamanda, ötən altı ay ərzində qeyri-neft ÜDM-in 2,1 faiz azalmasına baxmayaraq, ticarət əməliyyatlarında rəsmiləşdirilmələrin şəffaflaşdırılması sayəsində ƏDV depozit hesabına mədaxilin 6,8 faiz artması və digər tədbirlər dövlət büdcəsi qarşısındakı müasir dövrün çağırışlarına uyğun yeni öhdəliklərin icrasını şərtləndirib.

Digər statistik rəqəmlərə də diqqət yetirsək, müsbət dinamika aydın nəzərə çarpar. Məsələn, bu ilin yan­var-iyun aylarında sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 11,2 faiz artıb. Sənaye məhsulunun 61,6 faizi mədənçıxarma sektorunda, 32,1 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isteh­sal olunub.

Yeri gəlmişkən, iqtisadiyyatda nəzərə çarpan müsbət dinamikanın nəticəsidir ki, yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri 27 milyard 377,8 milyon manat təşkil edib və əvvəlki ilin eyni dövrünə nisbətən 0,6 faiz artıb.

Burada bir məqamı da qeyd etmək istərdik. Son illərdə respublikada yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inki­şafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırıb. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirib. Ölkəmizin təşəbbüskarı olduğu trans­milli layihələr də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mü­hüm rol oynayıb. Məhz bütün bunların nəticəsidir ki, ilin ilk yarısında neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 17,5 faiz artıb.

Xatırladaq ki, əsas kapitala yönəldilən vəsaitlərin 3 milyard 501,8 milyon manatını və ya 58,8 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapi­tala yönəldilən vəsaitlərin 3 milyard 577,3 milyon manatı və ya 60,1 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 61,6 faiz, büdcə vəsaitləri 22,2 faiz, əhalinin şəxsi vəsaitləri 6,2 faiz, bank kreditləri 5,4 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 2,4 faiz, sair vəsaitlər isə 2,2 faiz təşkil edib.

Bu ilin ilin yanvar-iyun aylarında Bakı şəhərində “Yeni klinika” tibb müəssisəsi, 3 saylı DOST mərkəzi, modul tipli xəstəxana kompleksi, “Əhmədli” elektrik yarımstansiyası, Naxçıvan Muxtar Respublikasında 2 ambulatoriya-poliklinika müəssisəsi, Sumqayıt şəhərində 2 tibbi maska istehsalı və qoruyucu kombinezonla­rın istehsalı müəssisəsi, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu, Şəkidə 200 çarpayı­lıq tibb ocağı, Abşeronda modul tipli xəstəxana, Ağcabədidə “Asan Həyat” kompleksi, dənli bitki toxumlarının emalı zavodu, Ağstafada “Azərxalça” ASC-nin filialı, Aqrar Sənaye Komp­leksi, Qazaxda əhəng zavodu, Şəmkirdə “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi və s. mühüm əhəmiyyətli obyektlərin istifadəyə verilməsi də dövlətin investisiya siyasətinin uğurla reallaşdırılmasının məntiqi nəticəsidir.

V. BAYRAMOV, “Xalq qəzeti”

31 2020 12:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə