Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qasım Qasımzadə yaradıcılığa tələbəlikdən başlamışdı

Şair, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan Dövlət Mükafatı laureatı, filologiya elmləri doktoru Qasım Qasımzadə (Qasım Xansuvar oğlu Qasımzadə) 1923-cü il iyunun 23-də Qubadlı rayonunun Xocamusaxlı kəndində doğulub. Şəki Pedaqoji Texnikumunu bitirdikdən sonra Kəlbəcərdə orta məktəb müəllimi, Yevlax rayon Xalq maarifi şöbəsində metodist işləyib. 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində təhsilini davam etdirib. O, universitetdə oxuyarkən, eyni zamanda, “Azərbaycan gəncləri” qəzetində ədəbiyyat və incəsənət şöbəsinin müdiri (1947-1949) olub.

Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspirantı (1950-1953) olan Q.Qasımzadə, bu elm-ədəbiyyat ocağında baş elmi işçi əvəzi (1953-1954), baş elmi işçisi (1954-1959) olub. Yaradıcı ömrünün bir hissəsini “Ədəbiyyat və İncəsənət” qəzetinə bağlayan ədib, burada Tənqid şöbəsinin müdiri və sonralar baş redaktor vəzifələrində çalışıb. Sonralar yenidən Akademiyanın Ədəbiyyat İnstitutuna qayıdaraq, ömrünün sonunadək burada baş elmi işçi (1963-1973) və şöbə müdiri vəzifəsində çalışıb (1973-cü ildən).

Peşəkar ədəbi fəaliyyətə XX yüzilin 40-cı illərindən başlamış Q.Qasımzadənin, mətbuatda ilk şeiri 1944-cü ildə o vaxtkı “Kommunist” qəzetində çap etdirdiyi “Vəfasız olmaz” şeiridir. Dövri mətbuatda şeirləri, ədəbi-tənqidi və publisist məqalələri ilə ardıcıl çıxış edib,

Şeirləri bir sıra xarici dillərə çevrilib. İlk kitabı “Bizim kənd” 1951-ci ildə, Bakıda –“Uşaq Gənc Nəşr”də gün üzü görüb. Sonrakı illərdə “Nikolay Ostrovski” (1955), “Ürək döyüntüləri” (1959), “Son görüş” (1960), “Nəğməli ürəklər” (1963), “Bənövşə yarpağı” (1964), “İsmət” (1966), “Утешение” (1968), “Aşıq gördüyünü çağırаr” (1969), “Лес дышал: Стихи и поэма” (1970), “Getdim, gördüm, düşündüm” (1971), “İnsan min il yaşardı” (1973), “Keçmə namərd körpüsündən” (1975), “Dağlar buraxmır məni” (1978), “Daşdan keçən söz” (1981), “Səndən ayrılalı” (1985), “Seçilmiş əsərləri” (1988), “Ədəbiyyatımız, mənəviyyatımız” (1988), “Seçilmiş əsərləri” (2005) və b. kitabları oxucuların ixtiyarına verilib.

M.Tursunzadənin “Hindistan balladası” (1950), “Asiyanın səsi” (1964), M.Mirşəkərin “Qızıl qışlaq” (1954), İ.Noneşvilinin “Qonaq gəlin Gürcüstana” (1962) əsərləri Q.Qasımzadə tərəfindən ruscadan dilimizə çevrilib.

Şairin arxivindən tapılmış və sağlığında çap edilməmiş “İstiqbala səyahət (yaxud “Yerin övladı”) (1946) adlı poeması ədəbi ictimaiyyətin marağına səbəb olub.

Oğlu şair, tərcüməçi, şərqşünas-alim Nəriman Qasımoğlu atasının sənət yolunu ləyaqətlə davam etdirir. Ədib 1993-cü il iyulun 28-də haqqın rəhmətinə qovuşub.

RUHU ŞAD OLSUN!

 

Qənirə PAŞAYEVA,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

31 2020 11:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə