• RUB: 0.0259
  • TRY: 0.3042
  • EUR: 1.9550
  • USD: 1.7000
  • Bakı + 21.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suriya müxalifəti İdlibdən ağır texnikanı geri çəkir

Suriya müxalifəti İdlibdən ağır texnikanı geri çəkir

Türkiyə və Rusiya arasında İdliblə bağlı əldə olunan razılaşmanın şərtlərinə riayət edərək, Suriya silahlı müxalifəti cəbhənin təmas xəttindən ağır texnikanı geri çəkməyə başlayıb. Bu barədə Milli Azadlıq Cəbhəsinin (MAC) mətbuat xidmətinin rəhbəri Naci Mustafaya istinadən “Anadolu” agentliyi məlumat yayıb. 
Qeyd edək ki, MAC döyüşçüləri Əsəd rejiminə qarşı Suriya Azadlıq Ordusunun tərkibində vuruşurlar. Onların məqsədi rejimi devirmək, ölkənin demokratik yolla inkişafına nail olmaqdır. Rəsmi Dəməşq və onu dəstəkləyən beynəlxalq qüvvələr isə MAC-ı Suriyanın radikal müxalifətinin cəbhəsinə şamil edirlər. 
Xatırladaq ki, bu il sentyabrın 17-də Soçidə Rusiya və Türkiyə prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin İdlibdə bufer zonasının yaradılması barədə mühüm razılığa gəliblər. Razılaşmaya əsasən, bu il oktyabrın 15-dək regiondakı silahlı müxalifət dəstələri ağır texnikanı cəbhənin təmas xəttindən geri çəkməlidir. 
Türkiyə və Rusiyanın çevik hərbi patrul xidməti dəstələrinin nəzarəti altında artıq bu prosesə start verilib. Bundan başqa, Türkiyə hərbçiləri bufer zonasının daxili perimetri üzrə müşahidə məntəqələrini gücləndirəcəklər. 
Bu arada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə Suriya münaqişəsinin siyasi yolla həlli barədə fikirlərini açıqlayıb. Onun sözlərinə görə, İdlibdə bufer zonasının yaradılması Suriya münaqişəsinin siyasi yolla nizamlanması üçün ümidləri artırıb. 
M.Çavuşoğlu Türkiyə və Rusiya liderləri arasında İdliblə bağlı razılaşmanın əhəmiyyətini bir daha vurğulayaraq deyib ki, bu sənəd  regonda humanitar fəlakətə sipər çəkməklə bərabər, Avropaya yeni qaçqın axınının qarşısını alıb. 
Türkiyəli nazir sonda bildirib: “İdlib olmasaydı, biz bu barədə danışa bilməzdik. Biz bu gün tərəfdaşlarımızı dialoqa sövq edirik. İndi ölkənin gələcək taleyi həll olunur. Bu, siyasi qərar üçün sonuncu imkandır, bundan faydalanmaq lazımdır”. 
P.S.Yazı çapa hazırlanarkən məlum oldu ki, dünən axşam  Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Azaz şəhərinin mərkəzində avtomobilin partladılması nəticəsində azı 5 nəfər ölüb, daha 27 nəfər isə yaralanıb.
Bildirilir ki, partlayış yanacaqdoldurma məntəqəsində baş verib. Yaralılar Türkiyənin Kiliz şəhərindəki xəstəxanaya yerləşdirilib. “Associated Press”in məlumatına görə, ölənlərdən ikisi uşaqdır.

M.HACIXANLI, “Xalq qəzeti” 

9 Oktyabr 2018 12:19 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin