Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hasilat sənayesində şəffaflıq üzrə hesabatlılığın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Mədən Hasi­latı üzrə Şəffaflıq Təşəbbüsünün tətbiqində pilot ölkə olmuş, hasilat sənayesində şəffaflıq (bundan sonra – HSŞ) və hesabat­lılıq üzrə beynəlxalq səyləri dəstəkləmişdir. Beynəlxalq səviyyədə HSŞ üzrə hesabatlı­lığın təmin edilməsi məqsədilə Azərbaycan Respublikasında lazımi tədbirlər həyata keçirilmiş və mütəmadi hesabatlar dərc edilmişdir.

Son illərdə hesabatlılığı təşviq edən beynəlxalq prinsip və standart­larda hesabatvermə mexanizmlərinin səmərəliliyinin artırılması və daha çevik işləməsi məqsədilə mühüm dəyişikliklər edilmişdir. Bu dəyişikliklərdən biri də dövlət idarəçiliyində müasir texnologiyalardan istifadə etməklə aparılan işin səmərəliliyini artırmaq, məlumatlardan istifadə imkan­larını sadələşdirmək, məlumatları sərbəst əldə etmək üçün şəffaflıq və hesabatlılığın müntəzəmliyini təmin etmək məqsədilə hesabatlılığın aidiyyəti dövlət qurumları­nın fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilməsi yolu ilə tədricən onların açıqlama və hesabatvermə sistemlərinə inteqrasiya olunmasıdır.

HSŞ sahəsində beynəlxalq standart­ların ardıcıl tərəfdarı olaraq Azərbaycan Respublikası bu dəyişikliklərin ölkəmizdə tətbiqini təmin etməyi və onların müsbət nəticələrindən yararlanmağı zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusi­yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, HSŞ üzrə daha ardıcıl və dayanıqlı hesabatlılığın tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. HSŞ üzrə hesabatlılığın təmin edilməsi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə həvalə edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki:

2.1. HSŞ üzrə hesabatlılıq sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirsin;

2.2. Azərbaycan Respublikasında HSŞ üzrə hesabatların davamlı top­lanılmasını və toplanmış hesabatlar əsasında ümumiləşdirilmiş rəsmi statistika məlumatlarının ictimaiyyətə açıqlanmasını təmin etsin.

3. Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına tapşırılsın, həmçinin Azərbaycan Respublikasında hasilat sənayesi sahəsində fəaliyyət göstərən xarici şirkətlərə tövsiyə edilsin ki, HSŞ üzrə hesa­batlılığın təmin edilməsi ilə əlaqədar zəruri məlumatları Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi forma­da və müddətdə təqdim etsinlər.

4. “Hasilat sənayesində şəffaflığın və he­sabatlılığın artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezi­dentinin 2017-ci il 5 aprel tarixli 1315 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 529; 2019, № 5, maddə 829) ləğv edilsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 iyul 2020-ci il

29 İyul 2020 00:39 - FƏRMANLAR
FƏRMANLAR

Köhnə versiyamızdan xəbərləri izlə