Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda yol hərəkətinin təşkilində daha bir yenilik tətbiq edilib

Bakıda yol hərəkətinin təşkilində daha bir yenilik tətbiq edilib

“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, pilot layihə olaraq A.Bakıxanov və S.Vurğun küçələrinin kəsişməsində ilk sarı kəsişmə toru nişanlanması təşkil edilib.

Bu yenilik paytaxtın küçələrində yaranan tıxacların qarşısının alınması və nəqliyyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə tətbiq edilib. BNA mütəxəssislərinin hazırladığı pilot layihə sonrakı mərhələdə şəhər mərkəzini əhatə edən, eyni zamanda, tıxacların və nəqliyyat sıxlığının müşahidə edildiyi 74 yol kəsişməsində də təşkili nəzərdə tutulub.

Sarı kəsişmə toru yol kəsişməsində nəqliyyatın kilidlənməsinin qarşısını alır və kəsişməni hər zaman nəqliyyat üçün təmiz saxlayır. Onlar, adətən, iki və daha artıq yolun kəsişməsində, bəzi hallarda dairələrdə, yanğın söndürmə, təcili yardım stansiyalarının qarşısında yerləşdirilir.

Sarı kəsişmə toru 1967-ci ildə Londonda uğurla sınaqdan keçirilib və bu gün Avropanın bir çox ölkələrində, ABŞ-da və bəzi Asiya ölkələrində tətbiq edilir.

Azərbaycan Respublikasının Yol hərəkəti haqqında qanununun 75-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər yolayrıcında və ya hərəkət hissələrinin kəsişməsində tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya kəsişmə yerlərinə girməsi qadağandır.

Hazırda qeyd edilən nişanlanmanın Azərbaycan Respublikasında qüvvədə olan müvafiq normativ aktlara əlavə edilməsi üçün təklif layihəsi BNA tərəfindən aidiyyəti qurumlara göndərilib

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

9 Oktyabr 2018 12:06 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin