• RUB: 0.0259
  • TRY: 0.3020
  • EUR: 1.9479
  • USD: 1.7000
  • Bakı + 20.9 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalq yazıçısı Anarın yeni kitabı çap olunub

Xalq yazıçısı Anarın yeni kitabı çap olunub

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın “Səhər-səhər” adlı yeni kitabı işıq üzü görüb.

Kitabda müəllifin 2017-ci ildə “525-ci qəzet”də dərc olunmuş şənbə yazıları - esseləri və publisistik məqalələri toplanıb. “Səhər-səhər” və “Başqa yazılar” adlı iki hissəyə bölünən kitabın “Ön söz” müəllifi “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Son söz”ünün müəllifi isə Anar yaradıcılığının tədqiqatçısı, yazıçı Pərvindir. Kitabın üz qabığındakı “Səhər” fotosu müəllifin özünə, arxa qabığındakı “Səhər” tablosu isə Xalq rəssamı Tahir Salahova aiddir.

Rəşad Məcid kitaba yazdığı “Anarın və hamımızın “Səhər-səhər”i adlı “Ön söz”də Xalq yazıçısı Anarın əsərlərinin “525-ci qəzet”in fəaliyyətə başladığı ilk illərdən böyük məmnunluqla çap olunduğunu xatırladır, yazıçının bir sıra əsərlərinin ilk dəfə məhz bu qəzetdə işıq üzü gördüyünü qeyd edir.

Yazıçı Pərvinin kitaba yazdığı “Səhərin səfiri” başlıqlı “Son söz”də deyildiyi kimi, “Anar yaradıcılığına bütöv nəzər salanda görürsən ki, yazıçı ömrü boyu millətini yazıb. Təkcə publisistikası, kinoları, siyasi çıxışları, azərbaycançılıq ideyalarını əks etdirən nəsri yox, bütün əsərləri hansısa şəkildə millətin ifadəsidir. Hətta zahirən dünyadan təcrid olunmuş, başqa adam təsiri bağışlayan Təhminə də xalq mahnılarından danışır, onların məzmununu öz aləmində təhlil edir. Bu mənada elə “Səhər-səhər” kitabı da Anarın böyük ideyasını əks etdirir”.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

9 Oktyabr 2018 11:54 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin