Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA-nın müxbir üzvü Eldar Zeynalovun 70 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Eldar Zeynalovun 70 yaşı tamam olur

Oktyabrın 8-də görkəmli kimyaçı alim, yüksək molekullu birləşmələr və neft kimyası sahəsində tanınmış mütəxəssis, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü Eldar Zeynalovun 70 yaşı tamam olur.

Eldar Bahadır oğlu Zeynalov 8 oktyabr 1948-ci ildə Bakı şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1972-1976-cı illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Kimyəvi Fizika İnstitutunda aspirantura təhsili alan alim 1976-1995-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Polimer Materialları İnstitutunda çalışıb. O, 1995-2014-cü illərdə AMEA-nın Neft-kimya Prosesləri İnstitutunun laboratoriya rəhbəri, 2014-cü ildən isə Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Nanokarbon katalizatorları iştirakında hidrogen peroksidlə oksidləşmə laboratoriyasının rəhbəri vəzifəsində işləyir..

www.science.gov.az saytı yazır ki, alim 1976-cı ildə kimya üzrə fəlsəfə, 1989-cu ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini alıb, 2010-cu ildə isə professor elmi adına layiq görülüb. E.Zeynalov 2017-ci ildə AMEA-nın müxbir üzvi seçilib. Eldar Zeynalovun elmi fəaliyyətinin əsas istiqamətləri fullerenlərin, metal saxlayan karbon nanoboruların, nanoliflərin və funksionallaşdırılmış karbon nano-strukturların iştirakında karbohidgenlərin və polimerlərin maye fazada katalitik aerobik və peroksid oksidləşmə proseslərinin kinetik qanunauyğunluqlarının öyrənilməsi, sintetik neft və oksiturşuların müasir tələblərə cavab verən alınma proseslərinin işlənib təkmilləşdirməsidir.

E.Zeynalov tərəfindən ilk dəfə Azərbaycan nefti və neft fraksiyalarının tərkibində təbii neft antioksidantların aktivliyi kinetik üsullarla tədqiq edilib və Azərbaycan ərazisi üzrə neftlərin inhibitor aktivliyinə dair məlumat bankı yaradılıb. Təbii neft antioksidantların əsasında bir sıra effektiv stabilizator-antioksidant sistemləri yaradılıb və polimer kompozisiyalarda tətbiq edilib. Neft karbohidrogenlərinin dizel fraksiyasının və bəzi poliolefinlərin oksidləşməsi proseslərinin kinetik qanunauyğunluqları tədqiq olunub. Azərbaycanda ilk dəfə olaraq neft karbohidrogenlərin və polimerlərin aerob oksidləşmə proseslərində nanokarbon birləşmələri: füllerenlər C60 və C70 metalsaxlayan bir və çoxdivarlı karbon nanoboruları və nanoliflər, funksionallaşdırılmış karbon nanobirləşmələri katalizator və antioksidant kimi tətbiq edilib və bu sahənin fundamental və praktiki elmi əsasları işlənib hazırlanıb.

 

Alim 360-dan çox elmi əsərin, o cümlədən 9 monoqrafiya və kitab, 15 müəlliflik şəhadətnaməsi və patent, eləcə də aparıcı xarici jurnallarda dərc olunmuş 215 məqalənin müəllifidir. Eldar Zeynalov elmi yaradıcılığı ilə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olur. O, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində mühazirələr oxuyur. Alimin pedaqoji fəaliyyətində elmi kadrların hazırlığı böyük yer tutur. Onun elmi rəhbərliyi altında kimya elmləri üzrə 11 fəlsəfə və 1 elmlər doktoru hazırlanıb.

Onun elmi araşdırmaları beynəlxalq elmi ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilib. O, 1990-cı ildə Beynəlxalq Yaradıcılıq Akademiyasının müxbir üzvü və 2009-cu ildə isə Amerika Kimya Cəmiyyətinin üzvü seçilib.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

8 Oktyabr 2018 15:07 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin