Ən son xəbərlər

Son buraxılış
Arxiv

Akademik İsa Həbibbəyli Qırğızıstanda keçirilən forumda iştirak edib

Akademik İsa Həbibbəyli Qırğızıstanda keçirilən forumda iştirak edib

Qırğızıstanın Çolpon-Ata şəhərində “Çingiz Aytmatov və müasir dövrün çağırışları” adlı üçüncü Beynəlxalq İssık-Kul Forumu keçirilir. Tədbirdə dünyanın 25 ölkəsindən 160-dan çox tanınmış siyasətçi, ədəbiyyatçı, rəssam, müxtəlif sahələri əhatə edən alim və tədqiqatçı iştirak edib.

www.science.gov.az saytı yazır ki, ölkəmizi forumda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, filologiya elmləri doktoru, Çingiz Aytmatovun tədqiqatçısı Mehman Həsənov, professor, kulturoloq Fuad Məmmədov və Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov təmsil ediblər.

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Forum çərçivəsində bu nüfuzlu tədbirin fəxri qonaqları sırasında İsa Həbibbəyli ilə də görüşüb. Humanizm, müasir iqtisadi problemlər, xalqların milli və mədəni dəyərlərinin qorunması məsələlərinin də müzakirə olunduğu tədbirdə İsa Həbibbəyli, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, qazax yazıçısı Oljas Suleymenov, Rusiya Federasiyasının Tatarıstan Respublikası Baş nazirinin müavini Leyla Fazlieva, Başqırdıstan Baş nazirinin müavini Fanzil Çınqızov və digər şəxslər çıxış edib.

İ.Həbibbəyli çıxışında Çingiz Aytmatovun Azərbaycanda da çox sevildiyini bildirib, bu böyük yazıçının bir çox əsərlərinin Bakıda Azərbaycan dilində çap olunduğunu diqqətə çatdırıb. 2008-ci ildə böyük yazıçının 80 illik yubileyinin Bakıda yüksək səviyyədə keçirildiyini, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Çingiz Aytmatovun “Dostluq” ordeni ilə təltif edildiyini vurğulayıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

8 Oktyabr 2018 15:04 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin