Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Virusa yoluxanla bir yerdə yaşayan xüsusi qaydaya əməl etmlidir

Ölkədə COVİD-19 virusunun geniş yayılmasının qarşısını almaq məqsədilə Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən işçi qrupunun üzvü Nailə Daşdəmirova koronavirusa yoluxmuş yüngül simptomlu və simptomsuz vətəndaşlara ev şəraitində müalicə alarkən ailə üzvləri ilə davranış üçün tövsiyə olunan qaydalar haqda danışıb. Bu pasiyentlərin öz evlərində sahə həkiminin nəzarəti altında müalicə alan zaman, ilk növbədə, ayrıca bir otaqda izolyasiya olunmaları məsləhət görülür. Belə şərait olmadığı halda xəstənin yatağı digərlərindən ən azı 2 metr məsafədə olması məqsədəuyğundur.

Xəstə və onunla eyni evdə qalan bütün şəxslər ev daxilində tibbi maska və qoruyucu vasitələrdən istifadə etməklə özlərini və ətrafdakıları virusa yoluxmadan qorumuş olurlar. Tibbi maskanı hər iki saatdan bir dəyişmək tövsiyə olunur. COVİD-19-a yoluxmuş pasiyent yaşayış yerini tərk etmədən, 21 günlük karantinə riayət etməlidir.

Bununla yanaşı, bu müddət ərzində koronavirusa yoluxmuş xəstə qohum və yaxınların vasitəsilə ərzaq və ya lazımi dərmanları market və aptekdən əldə edə bilər. Bu mümkün olmadığı təqdirdə bütün lazım olan məhsulları onlayn sifariş etmək də mümkündür. İmuniteti zəif olan və ya xroniki xəstəliyi olan şəxslərə xəstə üçün yemək hazırlamaq və onunla təmasda olmaq məsləhət görülmür. İnfeksiyaya yoluxmuş şəxsin yeməyini otağına daxil olmadan vermək daha təhlükəsiz olar. Və təbii ki, öz evində müalicə alan pasiyent yeməkdən əvvəl və sonra əllərini sabunla yumalıdır.

Həkim xəstənin şəxsi gigiyena vasitələri və yemək qablarının ayrı saxlanılmalı olduğunu bildirib. İnfeksiyaya yoluxmuş vətəndaş hansısa səbəbdən qaldığı otağı tərk etdiyi təqdirdə onun toxunduğu bütün əşyalar mütləq dezinfeksiya olunmalıdır. COVID-19 viruslu xəstənin yaşadığı ev xlor tərkibli mayələr ilə təmizlənməlidir, xəstənin paltarları isə ayrıca 60-90 dərəcədə yuyulmalıdır, otaqlar tez-tez havalandırılmalıdır. Simptomsuz və ya yüngül simptomlu xəstələrə, onlarla eyni evdə yaşayanlara bol vitaminli meyvələr yemək tövsiyə olunur. Sahə həkimi gündə 2 dəfə COVID-19 testi pozitiv nəticə vermiş vətəndaşlar və onların ailə üzvləri ilə əlaqə yaradıb, onları nəzarət altında saxlayır. Buna görə də, pasiyent və yaxınlarına həkimdən xəbərsiz hər hansı tibbi preparatı qəbul edib, özünümüalicə ilə məşğul olmaq tövsiyə olunmur.

Nailə Daşdəmirova COVID-19 viruslu xəstələrə və onlarla birlikdə yaşayan yaxınlarına ev şəraitində aktiv qalmağı, idmanla məşqul olmağı, stresdən uzaq qalaraq, pozitivliyə köklənməyi məsləhət görüb.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti” 

20 İyul 2020 14:53 - SƏHİYYƏ
SƏHİYYƏ
25 Sentyabr 2020 | 09:20
Koordinatorlar üçün seminar

Köhnə versiyamızdan xəbərləri izlə