Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sankt-Peterburqda İkinci Avrasiya Qadınlar Forumu keçirilib

Sankt-Peterburqda İkinci Avrasiya Qadınlar Forumu keçirilib

110 dövlət və bir çox nüfuzlu aparıcı təşkilatların (UNESCO, BRİKS, UNİDO və s.) nümayəndələrinin təmsil olunduğu forum Sankt-Peterburqun mədəni-tarixi mərkəzində təşkil olunub.

Tavrida sarayının Duma zalında keçirilən plenar iclası Rusiya Federal yığıncağının Federasiya Şurasının sədri Valentina Matvienko giriş sözü ilə açıb. Daha sonra Rusiya prezidenti Vladimir Putin iştirakçıları salamlayıb. O, çıxışında müasir, sürətlə dəyişən dünyada qadınların özlərini müxtəlif sahələrdə çox uğurla və aktiv təmsil etdiklərini, sülhün, təhlükəsizliyin möhkəmlənməsində getdikcə daha əhəmiyyətli rol oynadıqlarını, həmçinin vacib sosial-iqtisadi, humanitar məsələlərin həllində onların fəaliyyətlərinin təqdirəlayiq olduğunu vurğulayıb.

Bakı Dövlət Universitetinin "Qafqaz xalqları tarixi" kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Əməkdar müəllim, Beynəlxalq "Sokrat" mükafatı laureatı və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü İradə Hüseynova Azərbaycan nümayəndə heyətinin tərkibində II Avrasiya Qadınlar Forumunda iştirak edərək ölkəmizi layiqincə təmsil edib. O, "Azərbaycan Respublikasının timsalında qadının qlobal təhlükəsizliyin təminatında və davamlı inkişafında rolu" mövzusunda çıxış edib. Çıxışında Azərbaycanda milliyyətindən, dinindən asılı olmayaraq gender bərabərliyinin qorunub saxlanmasını dövlətinin prioritet məqsədlərindən biri olduğunu vurğulayıb. Ulu öndər Heydər Əliyevin 2000-ci ilin mart ayında dövlət siyasətində qadınların rolunun daha da artırılmasına dair fərmanını diqqətə çatdırıb. Bu fərman Azərbaycan qadınlarına hakimiyyətin bütün sferalarında öz hüquq və vəzifələrini demokratik dəyərlərə əsaslanaraq icra etmək imkanını daha da genişləndirib.

Çıxışının sonunda İ.Hüseynova tolerant ölkə olan Azərbaycanın alim qadınları olmasından qürur duyduğunu bildirib və bütün dünya qadınlarını ölkələrinin uğurlu inkişafı naminə dünya miqyasında xeyirli əməkdaşlığa və həmrəyliyə dəvət edib. Onun çıxışı rəğbətlə qarşılanıb, böyük maraqla dinlənilib və yüksək qiymətləndirilib.

Forum çərçivəsində "Qlobal dünyanın davamlı inkişafında qadınlar", "Sosial tərəqqidə qadınlar", "İqtisadi inkişafın balanslaşdırılmasında qadınlar" və digər mövzularda məruzələr dinlənib.

Forumun sonunda Valetina Matviyenkonun rəhbərliyi ilə iştirakçılar yekun sənəd qəbul ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

8 Oktyabr 2018 12:14 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Ən son xəbərləri səhifəmizdən də izləyin