• RUB: 0.0259
  • TRY: 0.3020
  • EUR: 1.9479
  • USD: 1.7000
  • Bakı + 20.9 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Görkəmli bəstəkar Tofiq Quliyevin xatirəsi anıldı

Görkəmli bəstəkar Tofiq Quliyevin xatirəsi anıldı

Görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin (1917-2000) xatirəsi anıldı. Tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək bəstəkarın məzarı önünə əklil qoyub, tər çiçəklər düzdülər.

Anım mərasimində çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə ötən əsrin 30-cu illərində sənət yoluna qədəm qoymuş Tofiq Quliyevin Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında əvəzsiz xidmətlərindən danışdı. Bildirdi ki, bəstəkarın yaradıcılığı geniş və rəngarəng olmaqla həmişə diqqəti cəlb edir: “Tofiq Quliyev müxtəlif illərdə 5 musiqili komediya bəstələyib, valslar, fortepiano üçün prelüd, variasiyalar yazıb. Eyni zamanda bir çox kino musiqilərinin müəllifidir. Bütün bunlarla yanaşı, Tofiq Quliyev estrada musiqisinin əvəzsiz sənətkarı kimi də tanınıb. Bəstəkarın lirik, şux, nikbin çalarlı musiqiləri əbədiyaşardır. Bu gün böyük bəstəkar aramızda olmasa da, onun mahnıları müxtəlif tədbirlərdə, konsertlərdə daima eşidilir. Tofiq Quliyevin mahnıları, ayrı-ayrı tamaşalar üçün yazdığı musiqilər könlümüzdə daim yaşayacaq. Fəxr edirəm ki, bu böyük bəstəkarın rəhbərliyi altında Bəstəkarlar İttifaqında onunla bir yerdə çalışmışam”.

Ümummilli lider Heydər Əliyevin bəstəkara olan münasibətindən söhbət açan Firəngiz Əlizadə qeyd etdi ki, 1997-ci ildə Tofiq Quliyevin 80 illiyinə həsr olunan yubiley mərasimində ulu öndər Heydər Əliyev bəstəkara xitabən bildirmişdi ki, vaxt gələcək hər şey dəyişəcək, yaddan çıxacaq, ancaq Tofiq Quliyev musiqisi yaşayacaq.

Sənətkarın musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azərpaşa Nemətov vurğuladı ki, Tofiq Quliyev mahnıları ilə milyonlarla dinləyicinin qəlbini fəth etməyi bacarıb. O, Azərbaycan xalqının qəlbinə təkcə sənəti ilə deyil, həm də şəxsiyyəti ilə də yol tapan görkəmli ziyalılardan idi.

Tədbirdə bəstəkarın ailə üzvləri adından oğlu, görkəmli kinorejissor, Xalq artisti Eldar Quliyev çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirdi.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

8 Oktyabr 2018 12:08 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin