• RUB: 0.0259
  • TRY: 0.3020
  • EUR: 1.9479
  • USD: 1.7000
  • Bakı + 20.9 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat: Zatulin kimi ermənipərəstlər Azərbaycan-Rusiya münasibətlərinin inkişafından narahatdır

Deputat: Zatulin kimi ermənipərəstlər Azərbaycan-Rusiya münasibətlərinin inkişafından narahatdır

Rusiya Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin Azərbaycanla bağlı qərəzli fikirləri onun Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etməsindən narahat olduğunu göstərir. Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, K.Zatulinin Ermənistan və erməni lobbi dairələrinin əlində bir alət olduğu hər kəsə məlumdur: “Görünür, Azərbaycanla Rusiya arasında son dövrlərdə əlaqələrin inkişafı, dövlət başçılarının qarşılıqlı səfərləri və bu səfərlər çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair imzalanan sənədlər həm erməniləri, həm də Zatulini ciddi narahat edib və o, yenə də ermənilərin sifarişini yerinə yetirir”.

A.Hüseynov qeyd edib ki, K.Zatulin bir siyasətçi, dövlət adamı kimi anlamır ki, onun bu cür qərəzli fikirləri Rusiyanın dövlət siyasətinə tamamilə ziddir:

“Zatulin həmişə separatçılığa, işğalçılığa dəstək verən mövqeyi ilə tanınıb. 2010-cu ildə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin seçki şousuna qatıldığı üçün Azərbaycan tərəfindən "arzuolunmaz şəxs" elan edildi. Təsadüfi deyil ki, bundan əvvəl də o, millətlərarası münasibətləri qızışdırdığına görə 2006-cı ildə Ukrayna tərəfindən də "arzuolunmaz şəxs" elan edilib".

Deputat vurğulayıb ki, K.Zatulin kimilərinin fikirləri Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafına heç bir təsir göstərmək gücündə deyil: “İndiyə qədər Zatulinin ermənipərəst mövqeyi heç bir təsirə malik olmayıb. Düşünürəm ki, bundan sonra da Zatulin və onun arxasında dayanan ermənilər heç nəyə nail ola bilməyəcəklər, Azərbaycan və Rusiya arasında əməkdaşlığın hərtərəfli inkişafından narahatlıq və məyusluqları daha da artacaq”.

8 Oktyabr 2018 10:45 - SİYASƏT
SİYASƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin