Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə

Hörmətli cənab Prezident!

Cari ilin 12 iyul tarixində Azərbaycan və Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan hərbi birləşmələri artilleriya qurğularından istifadə edərək atəşkəs rejimini kobud şəkildə pozmuş, təxribata əl atmışdır. Bu qəfil və xain hücum nəticəsində Azərbaycan Ordusunun hərbçiləri, mülki əhali həlak olmuş və yaralanmışdır. Əks həmlələr və cavab atəşi nəticəsində hücum dəf edilsə də, növbəti günlərdə Ermənistanın hərbi-siyasi rəhbərliyi avantürist və təcavüzkar siyasətindən əl çəkməmiş, ölkəmizin hərbi və mülki obyektlərinə zərbələrin endirilməsi ilə bağlı göstərişlər vermişdir.

Bildiyiniz kimi, 30 ilə yaxın müddətdir ki, Azərbaycanın 20 faiz torpağı – Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayon erməni işğalı altındadır, bir milyondan çox azərbaycanlı doğma torpaqlarından didərgin düşmüşdür. Məhz bu səbəbdən qeyd olunan hadisə adi sərhəd toqquşması kimi deyil, Ermənistanın işğalçı siyasətinin davamı ola­raq qəbul edilməlidir.

Bu gün hərbçilərlə yanaşı uşaq, qadın və yaşlı insanların hədəf seçilərək öldürülməsi Xocalı soyqırımını həyata keçirənlərin hələ də hazırkı Ermənistan rəhbərliyində təmsil olunduğunu nümayiş etdirdi.

Hər zaman olduğu kimi, bu gün də Ermənistan rəhbərliyi öz ikiüzlü və ri­yakar siyasətinə sadiq qalaraq həm öz ictimaiyyətini, həm də dünya birliyini aldat­mağa çalışır. Ölkələrində hökm sürən sosial-iqtisadi problemlərin fonunda Azərbaycanla münaqişəni alovlandırmaqla müəyyən məqsədlərə çatmaq istəyirlər. Ölkəmizin hərbi qüdrəti, qəhrəman övladlarımızın qətiyyəti və şücaəti sayəsində Ermənistanın məkrli və çirkin təxribatının qarşısı qətiyyətlə alınmış və bundan sonra da alınacaqdır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunması ilə bağlı Türk Şurasının 2020-ci il 14 iyul tarixli bəyanatına görə Sizə həm öz adımdan, həm də Azərbaycan xalqı adından təşəkkür edirəm.

Sizə möhkəm cansağlığı, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 iyul 2020-ci il

17 İyul 2020 03:15 - MƏKTUBLAR
MƏKTUBLAR
17 Sentyabr 2020 | 00:06
Azərbaycanın yəhudi icmasına

Köhnə versiyamızdan xəbərləri izlə