Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Düşmənə Tovuz dərsi

Davamı var…

Azərbaycan – Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində iyul ayının 12-dən başlayaraq törədilən təxribatlar ordumuzun sərt cəza tədbirləri ilə cavablandırılmaqdadır. Əsgərlərimizin əks-həmlələri hər nə qədər adekvat xarakter daşısa da, nə qədər gözlənilən olsa da, düşmən daha artığına layiqdir. Neçə ki, ərazi bütövlüyümüz bərpa edilməyib, ədalətli sülh təmin olun­ma­yıb, ya Tovuz, ya Naxçıvan istiqamətində… düşməndən təxribat, həmlə gözləməyimiz də, düş­mənə layiq olduğu cavabı verərək, qisas əməliyyatı keçirməyimiz də istisna deyil.

Əslində, Ermənistan silahlı qüvvələrinin yeni həmləsini yalnız təxribat saymaq özü yetərli deyil. Bu, açıq-açığına işğalın növbəti fazasına keçid cəhdi, düşünülmüş, planlı hərbi təcavzkarlıq aktıdır. Yəni, belə demək mümkünsə, sıradan sərhəd toq­quşması deyil, bütün hallarda, “düşü­nülmüş”kən – dərin düşünülməmiş, “he­sab­lan­mış”kən – “yüz ölçülüb, bir biçilməmiş” hərbi təca­vüzkarlıq hərəkətidir. Ona görə də, düşmən, Tovuzda, özünün ağılsız hərəkətinin cavabını aldı. Və hələ ağıllanmasalar, yeni dərsləri borcumuz olsun!

 

Bütün hallarda, düşmənin Tovuzdakı təcavüzkarlıq cəhdi artıq dünyanın bildiyi bir hadi­sədir. Bəs, bu hadisə hansı səbəblərlə bağlana bilər?

Dağlıq Qarabağ və ətraf rayonların işğalını, bu işğalın nəticələrini ikinci plana keçirmək, bu sahədə da­şıdığı siyasi-diplomatik və hərbi məsuliyyətdən qaçmaq;

Üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını iki ölkə arasındakı məsələlərə cəlb etmək, Azərbaycanı təkləmək;

Daxili böhranı, o cümlədən koronavirusla bağlı öhdəsindən gəlməkdə aciz qaldığı problemləri əsas gündəlikdən sıxışdırmaq. “Xarici təhlükə” – klassik Makivelli düsturunu tətbiq etmək, bu­nunla da, kəskin sosial-iqtisadi, ictimai-siyasi  qayğılardan müəyyən müddətlik də olsa zaman qa­zanmaq;

Habelə, kənarda qaldığı regional kommunikasiya, nəqliyyat layihələrinə, o cümlədən “Şərq-- Qərb nəqliyyat dəhlizi”nə xələl gətirmək. – 12 iyuldan bu yana baş verənlərin qısa məzmunu bunlardır.

Ermənistanın regionda yeni gərginlik ocağı yaratmaq, Qafqaza yeni təhlükələr yaşatmaq cəhdinin, niyyət və planının mənzərəsi Azərbaycan Res­publikası Müdafiə Nazirliyinin hələ az bir bölümünü yaydığı video-materiallarla cavablandırılır. Amma çanaq işğalçı ölkənin öz başında çatlamaqdadır. Düşmən indi nə ölənlərinin, nə yaralılarının sayını açıqlaya bilir... Bunun qarşılığında, Azərbaycan dövləti nəinki itkiləri ört-basdır edir, tam tərsinə, generalımızın şəhidliyinədək ən ciddi xə­bərləri xalqımızla bölüşür. – Bizim işimiz haqq işidir: Xalqın orduya inamı tamdır və şəhadət şərbəti içmək heç də hər adama nəsib olmur…

Azərbaycan Prezidenti iyulun 15-də, döyüş zamanı müdafiənin ön xəttində olarkən qəh­rəmancasına şəhid olmuş general Polad Həşimovun anası Səmayə xanım və polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə telefonla danışdığını, şəhidlərin ruhuna ehtiramı dövlət başçımıza minnətdarlığımla bir yerdə qeyd etmək istərdim. Ali Baş Komandan şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verərək, qeyd edib ki, Vətən uğrunda həlak olmuş hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq.

Paytaxt Ba­kıda, Sumqayıt, Tovuz, Ağstafa, Qazax, Masallı və Qəbələdə, başqa şəhər­lərimizdə, qəsəbə və kənd­lərimizdə, döyüşən Azərbaycan ordusuna məhəbbət, şəhidlərimizin ru­huna ehti­ram ifadəsi olaraq keçirilən dəstək yü­rüşləri, gursəsli çağırışlar, diqqət yetirilməli xüsusi hadisələrdən biridir.

Bakıda minlərlə vətənpərvər insanın, özəlliklə cavanların orduya dəstək nümayişində, Müdafiə Nazirliyinin rəsmisi, general Rasim Əliyev çıxış edərək, vətənpərvərlərə təşəkkür etdi.

Bundan bir neçə saat sonra, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Vətənin müdafiəsini özünə mənəvi borc bilən vətəndaşlara göstərdikləri yüksək vətənpərvərliyə görə bir daha təşəkkür etdi. Lakin bu gün belə bir zərurət olmadığını, ordumuzun qanun­ve­riciliyin tələblərinə uyğun olaraq kom­plekt­ləş­dirildiyini bildirdi.

Ayrıca, 2016-cı ilin aprelində olduğu kimi, yenə Ermənistan hərbçiləri ön cəbhədən qaçırsa, qarşıları polislərin qurduğu xüsusi vasitələrlə alınırsa, bizim cavanların ön cəbhəyə axınının qar­şısını polislərimiz kəsib, əlavə qüvvəyə ehtiyac olmadığına dair izahat işi aparmalı olur. Könüllülər səfərbərlik və hərbi çağırış idarələrinə üz tutur – bu müraciətlərin 40 faizi yalnız Tovuzda qeydə alınıb.

Müxtəlif yaşda, müxtəlif imkanda, müxtəlif dünyagörüşündə olan və­təndaşlarımızın küt­ləvi şəkildə “Qa­rabağ”, “Səfərbərlik” çağırışları ilə, “Şəhidlər ölməz, Vətən bö­lün­məz!” şüarı ilə küçə və mey­dan­lara çıxması – ordumuza, dövlətimizə dəstək nümayiş etdirməsi əvəzsiz hadi­sələrdir! Vətənpərvər gəncliyimiz şüar sözünün özünü şüarçılıqdan çıxartdı. Bütün dünya, ilk növbədə, düşmən və düşmənin ha­vadarları gördü ki, Azərbaycan xalqı quru şüarçılıqla məşğul deyil – zarafat eləmir – Azər­bay­canın ərazi bütövlüyü təxirəsalınası, gözardı ediləsi məsələ deyil və ola da bilməz! Hər kəs gördü ki xalq dərin hiddət içindədir; ərazi bütövlüyü mövzusunda güzəşt yeri yoxdur, ola da bilməz! Sülh olacaqsa, ədalətli sülh olmalıdır – olmayacaqsa, müharibə variantı masanın üzərindədir və biz onu qaldırıb tozlu rəfə yaxud ayda-ildə bir açılan köhnə sandığa qoymamışıq. 

Bəli, hərbi təcavüz cəhdinin Qarabağdan uzaqdakı bir bölgədə baş ver­məsi, işğalçının çirkin niyyətinin, təmas xətti boyunca yeni gərginlik yaratmaq planının xə­bər­çisidir. Daxildə böhran yaşayan “demokrat libaslı, işğalçı zehniyyətli” Paşinyan höku­mətinin ön cəbhədəki bu hərəkətlənməsi, öz xalqının qəzəbindən yayınmağa ça­lışmaq taktikasının ifa­dəsidir. Silahlı Qüv­vələrimiz, səbəblərdən asılı olmayaraq, düşmənin ön ­cəbhədə törətdiyi hər bir təcavüz aktına, təx­ribata, pozuculuq hərəkətinə layiqincə cavab verərək, ona ağır zərbələr yetirir (və yetirəcək də).

Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində atəşləri da­yandır­mağa vadar etmək və cəza tədbirləri məqsədi ilə, onların hərəkətdə olan, hərbçilərlə dolu hərbi nəq­liyyat vasitəsinin bölmələrimizin sərrast atışı ilə məhv edildiyini də, sözlərimə əlavə etmək istərdim.

Başqa nələri fərqləndirə bilərik?

Ayın 12- dən bəri İrəvan arzu etdiyi beynəlxalq dəstəyi təmin edə bilmədi, əvəzində Azərbaycanı müdafiə edənlər daha konkret şəkildə öz fikirlərini ifadə etdi, müvafiq bəyanatlar verdilər. Düşmən ölkənin politoloqları bunu “Bakının yeni silahı, Qarabağ üçün təzə “kart-blanş” sözləri ilə ifadə etdilər.

Ermənistanın Azərbaycana qarşı hərbi hücumuna ilk reaksiyanı, gözlənildiyi kimi, qardaş Türkiyə dövləti və xalqı verdi.

Əlbəttə, başqa dost, müttəfiq ölkələrin (Ukrayna, Pakistan…), müxtəlif qurum və quru­luşların (Türk Şurası, İslam Konfransı Təşkilatı), dünyanın dörd yanındakı soydaşlarımızın dəs­təyi, verilən ciddi bəyanatlar ehtirama layiqdir.

Rəsmi reaksiyalar öz yerində, hətta, özbək şairi Xasiyyət xanım Rüstəm, qazax şairi Gülnaz xanım Fayzulla şəhidlərimizə şeir həsr etdi, yenə qazax yazıçısı Erkinbek Serikbay, qazax araşdırmaçı-yazarı Nurqali Jusufbay, qonşu və qardaş Türkiyədən araşdırmaçı-yazar, ictimai xadim Hikmət Ərən, Kərkükdən Şəmsəddin Kuzəçi, çoxsaylı iraqlı soydaşımız, əlbəttə, Təbriz başda olmaqla, Güneydəki soydaşlarımız Tovuzdakı çatışmaya öz sosial media hesablarında ədalətli və qardaşlıq hüququna uyğun reaksiya verdilər. Azər­bay­can Respublikasının haqq işinin yanında olan hər kəsə könül dolusu təşəkkürlər! Azərbaycanın haqlı işinə göstərilən dəstək öz yüksək qiymətini heç vaxt itir­mə­yəcək! İşğalçı Ermənistanın qeyri-insani hərəkətlərini unut­mayacağımız kimi, bizi müdafiə edən hər kəsin də yaxşılıqlarını, ədalətli mövqeyini unut­mayacağıq! Sağlıq olsun!

Beləliklə, Azərbaycan -- Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində erməni təx­ri­batı üzündən baş verən döyüşlər Azərbaycan Or­dusunun döyüş qüdrətinin, mənəvi, psixoloji üs­tünlüyünün, əsgər və zabitlərimizin döyüş şücaətinin yeni örnəyidir. Ordumuzun düşmənin is­tə­nilən həmləsinə layiqli cavab verəcəyinə, şəhidlərimizin qanını yerdə qoymayacağına, işğal altında olan torpaqlarımızı azad edəcəyinə ina­mımız tamdır.

Bir sözlə, Tovuzda, dövlət sərhəddində baş verənlər adi sərhəd toq­quşması deyil, Ermə­nistanın öz işğalçı siyasətini davam etdirmək cəhdidir. Ermənistan rəhbərliyi hər zaman olduğu kimi, ikiüzlü, riyakar siyasətinə sadiq qalaraq həm öz ictimaiyyətini, həm də dünya birliyini aldatmağa çalışır.

Bir daha şəhidlərimizə ulu Tanrıdan rəhmət, yaralı hərbçilərimizə tezliklə öz sağalm­lıq­larına qovuşmalarını diləyirəm!

Dövlətimiz zaval görməsin!

Bayrağımız uca olsun!

Əkbər QOŞALI,
Milli QHT Forumu İdarə heyətinin üzvü

16 2020 14:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə