Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial layihələr tam icra olunacaq

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı nitq söyləyərək, hər ilin əvvəlində il ərzində görüləcək işlər haqqında qərar verildiyini, tədbirlər planı təsdiq edildiyinin bir qayda olduğunu bildirərək dedi: “Ancaq həyat yerində durmur. Həyat dəyişir və yeni çağırışlar üzə çıxır. Belə olan halda əlbəttə ki, biz öz planlarımıza da düzəlişlər etməliyik və edirik. Bu düzəlişlərin əsas məqsədi ölkəmizin uğurlu inkişafını sürətləndirmək, bunu təmin etməkdir. Ona görə biz bu gün də ənənəvi olaraq bu məsələləri müzakirə edəcəyik”.

İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi nazirı Sahil Babayev çıxış edərək, pandemiya dövründə sosial müdafiə sahəsində işlərin dayanmadığını, əksinə, daha yeni istiqamətdə davam etdiyini və uğurlar əldə edildiyini bildirdi. Nazir cari ilin ilk yarısında bütün sosial ödənişlərin vaxtında, hətta pandemiya dövründə də həmişəki tarixdən əvvəl həyata keçirildiyini dedi. Qeyd edildi ki, sosial ödənişlər çərçivəsində ötən ilin analoji dövrü ilə müqayisədə 24 faiz artıq, yəni 436 milyon manat çox vəsait ödənilib. Pensiyaların indeksasiyası ilə bağlı cari ilin əvvəlində dövlət başçısının qəbul etdiyi qərara uyğun olaraq 1,2 milyon pensiyaçının pensiyaları 16,6 faiz artırılıb. Bunun nəticəsində də orta pensiya ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz artaraq 297 manata çatıb. Eyni zamanda, pandemiya dövründə 750 min şəxsə müavinət və təqaüdlər yenə də vaxtından əvvəl ödənilib. Bu ilin altı ayı ərzində pensiya və təqaüdlərin 53 mini məhz tam elektron qaydada, məmur -- vətəndaş təması olmadan həyata keçirilib. Eyni zamanda, 324 min insana elektron qaydada arayışlar təqdim edilib. Hazırda Azərbaycan minimum pensiyanın məbləğinə görə alıcılıq qabiliyyəti üzrə MDB-də birinci yeri, orta pensiyanın alıcılıq qabiliyyəti üzrə isə ikinci yeri tutur.

Cənab Prezidentin tapşırığı ilə ünvanlı sosial yardım proqramının ödənişinin, prosedur qaydaları sadələşdirilib. Artıq bu gün 84 min ailənin 350 min üzvünə ünvanlı sosial yardım ödənişləri həyata keçirilir. Pandemiya dövründə artım 14 min ailənin 58 min üzvünü əhatə etdi və deməliyik ki, orta məbləğ burada 225 manatdır.

Sosial təminatın digər bir istiqaməti olaraq aztəminatlı ailələrimizə dəstək proqramları və şəhid ailələrinə, müharibə əlillərinə mənzil və avtomobillərin verilməsi davam etdirilib. İndiyədək 300 mənzil və 100 avtomobil bu kateqoriyadan olan insanlarımıza təqdim edilib. Karantin rejimi bitdikdən sonra daha 200 mənzil və 100 avtomobil hazırdır, onlar da şəhid ailələrimizə və müharibə əlillərinə təqdim olunacaq. Ümumilikdə ilin sonunadək 1500 mənzil və fərdi ev və 400 avtomobilin verilməsi planlaşdırılır. Eyni zamanda,  sosial müdafiəsinin təmin edilməsi üçün 15 min nəfər 65 yaşdan yuxarı tənha ahılın hər biri nazirlik tərəfindən tam şəkildə sosial xidmətə götürülüb. Dövlət və özəl şirkətlərimizin təşəbbüsü ilə pandemiya dövründə 100 mindən çox ailəyə ərzaq payları təqdim edilib.

Nazir, həmçinin vurğuladı ki, sosial rifah və məşğulluğa dəstək tədbirlər planının ikinci əsas istiqaməti məşğulluq tədbirləridir. Bu iş iki istiqamətdə qurulub. Birinci istiqamət bu gün əmək müqaviləsi ilə işləyənlərin iş yerlərinin qorunması və işsizliyin artmasına imkan verilməməsi ilə bağlıdır. Qeyd edək ki, dövlət sektoru üzrə 900 min iş yeri qorunub, onların hər birinin əməkhaqqı ödənilib. Eyni zamanda, özəl sektorda 110 min əmək müqaviləsi, 17 faizlik bir artım meydana çıxıb. Bu gün əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı  751 minə çatıb. Əmək müqavilələrinin sayının artımı nəticəsində əməkhaqqı fondunda da 8 faizlik artım yaradılıb. Özəl sektorda artım 14 faizdən yuxarı olub.

Məşğulluqla bağlı tədbirlərin ikinci istiqaməti isə işsiz şəxslərlə bağlı olub. İlk mexanizm onlara ölkə üzrə yaşayış minimumu olan 190 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsi idi. Bu tədbir aprel və may aylarında genişləndirilərək 600 min şəxsi əhatə edib və onlara ödənişlər tam şəkildə və vaxtında həyata keçirilib. Sonra 16 şəhər və rayonda sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyini nəzərə alaraq üçüncü dəfə həmin rayonlar üzrə qeydiyyatdan keçmiş işsizlər və qeyri-formal işləyən şəxslərə 283 min manat ödəniş olunub. Ümumilikdə bu üç ödəniş çərçivəsində vətəndaşlara 280 milyon manat vəsait ödənilib. Bu vəsaitin də 210 milyon manatının ödənilməsində məhz Dövlət Sosial Müdafiə Fondunun ehtiyat vəsaiti hesabına yaranan imkanlardan istifadə edilib. Eyni zamanda, işsiz şəxslər üçün haqqıödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilib. Belə iş yerlərinin sayı 90 minə çatdırılıb. İlin əvvəlində 38 min, əlavə olaraq da pandemiya dövründə işsizlər üçün 52 min ikiaylıq iş yerləri yaradılıb. Bu günə qədər artıq 38 min davamlı iş yerlərinin 95 faizi tam şəkildə, 52 min ikiaylıq iş yerinin isə 50 faizi təmin olunub. İşsizlərə dəstək proqramının növbəti hissəsi-- özünüməşğulluq proqramı genişləndirilərək 12 min ailəni əhatə edib. Ona həm Dünya Bankı qoşulub, həm də BMT-nin İnkişaf Proqramı ilə birgə layihə davam etdirilib. Heydər Əliyev Fondunun Regional İnkişaf Birliyi və yerli banklar aktiv şəkildə ƏƏSMN ilə əməkdaşlıq edir. Artıq 3500 ailə bu proqrama cəlb edilib. Onlayn təlimlərə üstünlük verərək, ilin sonuna bu say 12 min ailə olacaq.

İclasda qeyd edildi ki, Birinci vitse-prezidentin təşəbbüsü olan DOST mərkəzləri ilə bağlı işlər davam etdirilir. İlk altı ay ərzində bu mərkəzlərdə 61 min vətəndaş qəbul edilib, onlara xüsusi xidmətlər göstərilib. Vətəndaşların məmnunluq səviyyəsi 96 faiz təşkil edib. Hazırda daha 7 mərkəzin yaradılması üzərində  iş aparılır. Bunlar Binəqədi, Abşeron, Sumqayıt, Bərdə, Quba, Şəki və Sabirabad rayonlarında olacaq regional mərkəzlərdir və növbəti ilin birinci rübünün sonlarınadək bu mərkəzlərin əksəriyyətinin istifadəyə verilməsi planlaşdırılır.

Nazir Sahil Babayev dövlət başçısına məlumat verərək  dedi: “ Siz, dəfələrlə bəyan etmisiniz ki, heç bir sosial layihə dayandırılmayacaq, sosial layihələrimiz tam icra olunacaqdır. Bu istiqamətdə də məruzə edim ki, dörd regionumuzda sosial infrastrukturumuz və regional bərpa mərkəzlərimiz artıq tam şəkildə təmir olunub və istifadəyə hazırdır. Bunlar Sumqayıt, Lənkəran, Xaçmaz və Şəki reabilitasiya mərkəzləridir. İlin sonuna qədər Şağan, Şirvan, Qəbələ və Şəmkirdə də reabilitasiya mərkəzləri vətəndaşların istifadəsi üçün tam hazır vəziyyətə gətiriləcəkdir”.

Prezident İlham Əliyevin iclasda bildirdiyi kimi, pandemiya dövrü bir daha göstərdi ki, biz belə çətin dövrdə də bu siyasətdən kənara çıxmırıq və gəlirlərin azalmasına baxmayaraq, bütün sosial layihələr artıqlaması ilə icra edilib və edilir. Hazır olan 200-ə qədər mənzil və əlavə 100-ə qədər fərdi ev də sərtləşdirilmiş karantin rejimi olan ərazilərə düşdüyünə görə  sahiblərinə təqdim edilməyib. Karantin rejimi aradan qalxan kimi həmin evlər şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə veriləcək.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 2020 14:12 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə