Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq təşkilatlar işğalçı Ermənistana öz qəti mövqelərini bildirməlidirlər

Ermənistan silahlı qüvvələri işğalçı və təcavüzkar olduğunu bir daha  dünyaya bəyan etdi. Düşmən dövlət bir neçə gün əvvəl atəşkəs rejimini kobud şəkildə pozaraq, dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutmuş, torpaq iddiasından əl çəkməyərək yeni ərazilərin işğalına  cəhd etmişdir. Maraqlıdır ki,  bu dəfə də beynəlxalq təşkilatlar qəti mövqe bildirmir, işğalçı ölkənin beynəlxalq hüquq normalarına zidd hərəkətlərinin qarşısının alınmasına cəhd göstərmirlər. Bu da işğalçı dövləti  daha da azğınlaşdırır. Görünür, gecə -gündüz insan hüquqlarından  dəm vuran beynəlxalq təşkilatlar, xüsusilə, ATƏT-in Minsk qrupunun həmsədrləri unudurlar ki, Ermənistanın bu təxribatları, ilk növbədə, təmsil olunduğu beynəlxalq qurumların hüquqi sənədləri ilə ziddiyyət təşkil edir. ATƏT-in Minsk qrupu bu dəfə də söz yığımından ibarət bəyanat verməklə işini bitmiş hesab etdi.

Faşizm ideologiyasına meyilli olduğunu gizlətməyən Ermənistan dövləti  tərəfindən həyata keçirilən sərhədboyu ərazilərdəki təxribatlar zamanı  mülki əhali də  qətlə yetirilib. Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944 cü il təvəllüdlü  Əziz Əzizov işğalçı ordunun növbəti qurbanı oldu. Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni faşizminin və barbarlığının əyani təzahürüdür. Bundan əvvəlki dövrdə də ermənilər yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Bunun nəticəsində mülki vətəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, ərazinin infrastrukturuna ciddi ziyan dəyib.

Beynəlxalq ictimaiyyət, ATƏT-in  Minsk qrupu həmsədrləri Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və ciddi qınamalıdırlar. Təəssüf ki,  ikili standartların əsirinə çevrilmiş beynəlxalq təşkilatlar bu dəfə də gözləmə mövqeyini seçiblər.

Təbii ki, düşmənin budəfəki ərazi əldə etmək cəhdi də Azərbaycan Silahlı Qüvvələrinin çevik cavabı sayəsində  puç oldu. Təcavüzkar ölkə tərəfindən dövlət sərhədinin hərbiləşdirilməsinin və mülki insanların hədəfə alınması hallarının intensiv xarakter daşıması ictimaiyyətin hiddətinə səbəb olub. Bu vaxta qədər onlarla mülki şəxs erməni snayperinin qurbanı olub. Bu, ilk növbədə, münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunu, o cümlədən beynəlxalq ictimaiyyəti ciddi  narahat etməlidir. Amma, bütün bu təxribatlara, günahsız mülki  insanların, o cümlədən hərbçilərin  qətlə yetirilmələrinə   beynəlxalq ictimaiyyətin qeyri-adekvat reaksiyası erməniləri getdikcə azğınlaşdırır.

Budəfəki təxribatın pandemiya dövrünə təsadüf etməsi isə onu deməyə əsas verir ki, ölkədəki daxili-siyasi gərginliyin artdığı bir vaxtda rəsmi İrəvan diqqəti  sosial problemlərdən yayındırmağa çalışır.  İşğalçı ölkənin baş naziri çox yaxşı bilir ki, onun hakimiyyəti artıq laxlayır və vəziyyət getdikcə gərginləşir. Ona görə də əhalinin diqqətini başqa səmtə yönəltmək üçün sərhədboyu ərazilərdə təxribatlara əl atır. Özünü demokrat hesab edən, lakin artıq ölkəsində də diktator kimi qəbul edilən Paşinyan Sarkisyan rejiminin ənənəvi idarəçilik metodlarını təkrarlamaqla hakimiyyətinin ömrünü uzatmağa çalışır.

Təbii ki, bu təxribat xarakterli addımlar Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə ciddi təsir edir. Nikol Paşinyanın istəyi də budur. O, cidd - cəhdlə “status-kvo”nun saxlanmasına  və  danışıqlar prosesinin bu və ya digər şəkildə pozmasına çalışır.  Bunu, əslində, separatçı Dağlıq Qarabağ rejiminin üçüncü tərəf kimi danışıqlar prosesinə qoşulmasına dair destruktiv cəhdlərin davamı kimi də dəyərləndirmək olar. Mövcud vəziyyət beynəlxalq ictimaiyyətdən, xüsusilə də ATƏT-in Minsk qrupundan Ermənistana  qəti mövqeyini bildirməyi  tələb edir.

Könül NURULLAYEVA,
Milli Məclisin deputatı, AŞPA-dakı nümayəndə heyətinin üzvü

16 2020 10:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 10:34
Gürcüstanda virusa yoluxanlar

Köhnə versiyamızdan xəbərləri izlə