Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Böyük türk dünyasının Fikrət Türkməni

Anadolu torpaqlarının hər qarışının əziz və vətən qədər doğma olmasının kökündə nələrin dayandığını sübut etməyə ehtiyac duymasam da, bu məsələdə ayrı-ayrı insanların rolunun da az olmadığını isbatlamağa ehtiyac duydum. Vaxtilə Türkiyə Cümhuriyyətinin səfirliyində mədəniyyət müşaviri kimi çalışmış, bütün mətbuat cameəsinin təkcə dostu yox, həm də doğması olan Seyid Əhməd Arslan təkcə Türkiyəni yox, doğulub boya-başa çatdığı Yozqatı da çoxlarımız üçün doğmalaşdırdı. Yozqat adı gələndə Seyid Əhmədin nurlu sifətini xatırlamamaq mümkün olmadığı kimi, bu qəhrəman türk elinin yetişdirdiyi dəyərli insanlar sırasına sonralar tanıdığım daha iki simanın da adı qatıldı: biri türk dövlət adamı Cəmil Çiçək, biri də bütün türk dünyasının Fikrət Türkməni...

Əslində, Seyid Əhməddən başlanan bu sevda Fikrət əfəndinin timsalında daha bir mərtəbəyə yüksəlmiş oldu. Uzun illər Egey Universitetində təkcə profes­sor və ünlü bir elmi mərkəzin rəhbəri yox, həm də qurucusu olan Fikrət Türkmənin həyatı da tədqiqat sahəsi olan folklor qədər zəngin və maraqlıdır. Hər biri 400-450 səhifə olan “Türk dünyası eposları”nın 100 cilddə hazırlanması, uzun illərdən bəri, dünyanın hər yerindən gətirdiyi və ona ba­ğışlanan 30 min nüsxədən çox kitabın hesabına universitetdə yaradılmış “Fikrət Türkmən kitabxanası” onun nağıl öm­rünün maraqlı səhifələridir. Sovetlərə tədqiqatçı alim kimi hələ keçən əsrin 70-ci illərində gələn, yasaqları aşan ilk insanlardan biridir Fikrət əfəndi. Amma burada da həyatı macəralardan uzaq olmur: “SSRİ EA-nin dəvəti ilə bir aylıq Sovetlərə getdim, Rusiyada, Azərbaycanda, Özbəkistanda, Qazaxıstan­da və Qırğızıstanda oldum. Soyadım Türkmən olduğun­dan, mənə Türkmənistana getməyimə viza vermədilər”.

Fikrət hocanın ömrünün daha bir şərəfli səhifəsi Egey Universitetində Türk Dünya­sı Araşdırmaları İnstitutunun yaradılması ilə bağlıdır. Bu adda özəl bir vəqf Turan Yaz­qan tərəfindən yaradılmışdı, amma SSRİ-nin dağılmasın­dan sonra dövlət xətti ilə bu işin görülməsi olduqca vacib idi. Əslində, bu arzunun həyata keçməsi də bir folklor tarixçəsinə bənzəyir. Fikrət hoca deyir ki, dəvət olun­duğum bir dövlət tədbirində baş nazir Bülənd Ecevitə yaxınlaşıb kömək istəməyi qərarlaşdırdım. Mən onunla bir dəfə Bakıda görüşmüş­düm, “İnturist” (indiki “Hilton”) otelində, hətta Türk Dünyası ilə bağlı bir mərkəzin yaradılması haq­qında fikir və arzularımı da söyləmişdim. Çox səmimi, ədəbiyyata, sənətə qiymət verən bir insan idi. Tədbirdə Bülənd bəyə yaxınlaşdım, heç fikrimi deməyə macal vermədi, Bakı görüşümü­zü yada saldı və sənin bir layihən var idi, nə oldu? – deyə soruşdu. Çox qısaca hər şeyin qaydasında olduğunu, amma vəsait olmadığından fəaliyyət üçün bina inşa edə bilmədiyimizi söylədim. Nə qədər vəsait lazım olduğunu soruşdu. İlkin hesablamala­rımıza görə, 50 milyon lazım olacağını bilirdim, amma 75 milyon türk lirəsi söylədim. Təqdim etdiyim vizit kar­tımın arxasına 75 milyon lirə yazdı və köməkçisinə verərək, “yarın mütləq yadıma sal” dedi. Mənə ba­xaraq, “paran bir gün sonra universitetdə olacaq, Fikrət bəy” – dedi. Düzü, görüşdən məmnun olsam da, içimdə tərəddüdlərim qalmaqda idi. İki gün sonra rektorluqdan bir zəng gəldi: “75 milyon paranız gəlib, təyinatı da göstərilib: Türk Dünyası Araşdırmaları İnstitutunun tikintisinə”. İndi də o anları xatırlayanda keçirdiyim həyəcan və duyğuları ifadə etməkdə çətinlik çəkirəm...

Beləcə, institut üçün yer ayırdılar, binanın tikintisinə başladıq, indi Türk Dünya­sı Araşdırmaları və Sosial Elmlər İnstitutunun yerləşdiyi binanı inşa etdik. Deyim ki, bizə ayrılan vəsaitin hamı­sını ala bilmədik, layihəmiz korrektə olundu, dəyişdirildi. Amma şükürlər olsun ki, nəyəsə nail ola bildik. Yeri gəlmişkən, başda rəhmətlik Ecevit olmaqla bu işdə zəhməti olan hər kəsi xoş duyğularla anırıq. Bu sırada keçmiş təhsil nazirimiz Kök­sal Topdan, o zamanki rekto­rumuz Sermet Akgün, YÖK baş katibinin müavini İsmət Atik kimi xeyirxah insanları yad etməyi mənəvi bor­cum hesab edirəm, ölənlərə rəhmət, qalanlara cansağlığı arzulayıram”.

Azərbaycanla əlaqələrindən danışan Fikrət bəy deyir ki, elmi fəaliyyətimdə və uğurlarımda Azərbaycanın töhfələri unu­dulmazdır. 1992-ci ildə Bakı Dövlət Universitetində mənə “Fəxri doktor” adı verildi, onlarca təltiflərə sahib olsam da, o anlarda çox həyəcanlı idim. Türkiyə Prezidenti Süleyman Dəmirəl “Türk dünyasına xidmət” mükafa­tını təqdim edəndə o anları yenidən yaşadım. Dostlarla ara-sıra zəngləşir, hal-əhval tuturuq. Onların böyük bir qismi – Rəsul Rza, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri və Tofiq Hacıyev həyatda olma­salar da, xatirələri mənim üçün əzizdir. Kamal Abdulla, Anar, Elçin, İsa Həbibbəyli, Əsgər Rəsulov, Oqtay Səmədov, Muxtar İmanov, Ramiz Əsgər, İntiqam Qasımzadə və adlarını bu anda unutduğum dostlarıma salamlarımı çatdırmağı xahiş edirəm....

İzmirə hər yolum düşəndə Afiq Bərdəli, Aydın İbra­himov, Urfət Nuriyev, Asif Kurban, Murad Qaraçanta, Zəki Hözər, Mətin Arıkan, Müge Eldən, Güzfən Diləmrə və Atif Akgün ilə görüşməyi mütləq planlayıram, ola bilsin ki, iş-gücün çoxluğundan kimlərsə hərdən yaddan çıxa bilir, amma bu sırada yaddan çıxmayan bir insan var: Fikrət Türkmən – böyük türk dünyasının Fikrət Türkməni. Egey bölgəsinin tarixini səhifə-səhifə vərəqləyən, mənə də qazax və özbək köylərini tanıdan və sevdirən böyük kişi. Son dəfə bu ilin əvvəllərində İzmirdə olsam da görüşə bilmədim, telefonda söylədiklərindən bir az qayğılandım da: bir gözü əməliyyat olunmuşdu, ikincisinə də hazırlaşırdı. Şəfalar dilədim. Sonralar öyrəndim ki, hər şey qayda­sındadır. Maraqlı bir xəbəri də tədqiqatçı Əli Şamildən aldım: Fikrət Türkmən pande­miya dövründə yazılmış ədəbi nümunələri toplayıb nəşr etdirmək istəyir, Azərbaycana da müraciət ünvanlayıb...

Maraqlı söhbət və lətifələri ilə bütün dostları­nın qəlbində heykəlləşən və heç zaman yaradıcılıq eşqi tükənməyən, Fikrət Türkmən, işiniz avand olsun. 75 yaşınız mübarək!

N.ƏHMƏDOV, “Xalq qəzeti”

16 2020 10:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 10:34
Gürcüstanda virusa yoluxanlar

Köhnə versiyamızdan xəbərləri izlə