Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ordumuz bu dəfə də işğalçı dövlətin fitnəkarlığının qarşısını aldı

İşğalçı Ermənistanın Azərbaycanın Tovuz rayonu ilə sərhəddə törətdiyi növbəti hərbi təxribatla bağlı Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli redaksiyamıza açıqlamasında bildirdi:

– Meydan demokratiyası və populist şüarlarla 2 il əvvəl Ermənistanda hakimiyyəti ələ keçirmiş Nikol Paşinyanın naşı və avan­türist idarəçiliyi axır vaxtlar onun nüfuzunu heçə endirib, ölkədə siyasi böhran son həddə çatıb. İtirilmiş nüfuzunu geri qaytarmaq üçün diktaturasını qurmağa can atan baş nazir gah millətçi cəmiyyət üçün cazibədar görünən fa­şizm ideologiyasına əl atır, gah Ermənistanın bir dövlət kimi itirilməsinə doğru aparan Azərbaycanla münaqişəni “Dağlıq Qarabağ Ermənistanındır” cəfəng şüarı ilə bitirmək istəyir, gah da boşalmış xəzinə və hədsiz problemlərə baxmayaraq ölkəmizə hərbə-zorba gəlir.

2016-cı ilin aprel fitnəkarlığı zamanı biabırcasına uduzmuş – özləri oğru-quldur, generalları əsgər ərzağı satan Sarkisyan- Koçaryan rejiminin məğlubiyyətindən dərs götürmək əvəzinə, indiki diktatura beyni illərdən bəri “miatsum” zəhəri ilə duman­lanmış kütləni Azərbaycana qarşı hansısa uğurlu əməliyyatla sevindirməyə ümid bəsləyir. Şübhəsiz, Paşinyan diktaturasının bu xam niyyətdən qaynaqlanan Tovuz rayonu ilə sərhəddə kiçik bir mövqe ələ keçirmək cəhdini Azərbaycan ordusu yerindəcə puça çıxardı. Aprel döyüşlərində əsgər və zabitlərimizin ölkəmizə qazandırdığı qələbə Ermənistandakı “müharibə partiyası”nı məğlubiyyətə uğratdığı kimi, Paşinyanın uğursuz “Tovuz həmləsi” də onun çöküşü üçün ağır bir zərbə oldu.

Dünən Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bir daha bildirdiyi kimi, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmış və adekvat cavab verilmiş­dir. Baş verənlərə görə isə bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır.

Prezident İlham Əliyev ötən həftə isə Azərbaycan telekanalları ilə müsahibəsində ciddi siyasətdən başı çıxmayan Ermənistan rəhbərinin beynəlxalq hüquq və normalara məhəl qoymadan dalana dirəndirdiyi Dağlıq Qarabağ danışıqlarında ölkəmizin mövqeyi­ni bir daha aydın və qəti ifadə etdi: “Bizim mövqeyimizdə hər hansı bir dəyişiklik mümkün deyil, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir”.

Görünür, Azərbaycanın dövlət başçı­sının Ermənistan rəhbərliyinə ünvanladığı budəfəki mesaj da tərsinə başa düşüldü. Problemlər məngənəsində çapalayan sınıq-salxaq bir ölkənin gücsüzlüyü bir daha bütün dünyaya məlum oldu. Xalqımız belə yerdə deyib ki, dəvədən yıxıldığı bəs deyil, “höt-höt”ünü yerə qoymur...

Müsahibimiz daha sonra söylədi:

– Tovuzla sərhəddə baş verənlər tam aydındır: İndiki Ermənistan rəhbərliyinin də məhkum olduğu işğalçılıq siyasətindən irəli gələn hərbi təxribata Azərbaycan rəhbərliyinin qəti mövqeyinin keşiyində dayanan Vətənin igid keşikçiləri möhkəm sipər çəkdilər. Başqa cür ola da bilməzdi. Ümumi dövlət büdcəsi Azərbaycanın hərbi büdcəsindən zəif olan ölkə döyüş meyda­nında hansı üstünlük göstərə bilərdi? Lakin Ermənistan tərəfi yenə həqiqəti gizlədir, yalan və böhtanlar uydurur. Düşmən dəyirmanınına su axıtmaqla məşğul olan öz radikallarımız isə hərbi qüvvələrimizin hünərini kiçiltməyə çalışır, əsli olmayan uy­durmalarla xalqda çaşğınlıq yaratmağa ümid bəsləyirlər.

Odur ki, ölkənin hərbi vətənpərvərlik qurumu olaraq Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi kütləvi informasiya vasitələrinə, sosial şəbəkə istifadəçilərinə müraciət edərək bildirir: Əziz dostlar, qardaşlar, bacılar! Ordumuz düşmənlə üz-üzə ağır əməliyyatlar aparır. Hamımız böyük ruh yüksəkliyi ilə bunu izləyirik və sonda, əlbəttə ki, mütləq qalib gələcəyik. Ordu bu müharibənin döyüş hissəsini aparır. Biz isə hamımız bir əsgər kimi onun ideoloji tərəfini aparmalıyıq. Sosial mediada, saytlarda, mətbuatda həssas olmağa çalışmalıyıq, rəsmi məlumatlara istinad etməliyik.

Düşmən çalışır ki, bu cür vəziyyətdə müxtəlif şayiələr yaymaqla qarşı tərəfdə orduya inamsızlıq yaratsın. Biz bunu 2014, 2016 və 2018-ci ildə də görmüşük, bu yaxınlarda da müşahidə etdik. Qarabağ müharibəsinin birinci mərhələsində də şayiə üsulundan necə istifadə etdiklərini unutma­mışıq. İndi də bu üsullardan sosial şəbəkələr vasitəsilə yararlanmağa çalışırlar. Müxtəlif saxta səhifələr yaradırlar. Bu işi azərbaycanlı adları ilə müxtəlif səhifələr yaratmaqla aparırlar. Bu məsələdə hamı bir nəfər kimi davranmalı, çox həssas olmalı və ordumuzu müdafiə etməliyik, döyüşən əsgərlərimizə dəstək olmalıyıq.

Sosial mediada fəal olanlar, hərbi ekspertlər, mediada bu mövzuda yazan dostlarımız kifayət qədər həssasdırlar. Onlar kimi digər vətəndaşlarımız da son dərəcə həssas olmalıdırlar. Cəbhə bölgəsində yaşa­yan vətəndaşlarımız da bu məsələdə diqqətli olmalıdır. Xüsusilə hərbi əməliyyatların getdiyi Tovuz istiqamətində yaşayan vətəndaşlarımızı da bu məsələdə daha həssas, daha diqqətli olmağa səsləməliyik. Çünki bəzən bilməyərəkdən yayılan informasiyalar bizim ziyanımıza ola bilər.

Şükürlər olsun ki, cəbhə bölgəsində yaşayan əhali ilə illərdir aparılan işin müsbət nəticəsi var. Dövlətin aidiyyəti qurumları bu istiqamətdə maarifləndirmə işləri aparıb. Qazaxdan tutmuş Naxçıvana qədər olan cəbhə bölgəsində yaşayan insanlarımız artıq məlumatlıdır. Biz bundan sonra da etibarlı mənbələrə istinad etməliyik.

Emin Həsənli sonda dedi: “Ordumuz kifayət qədər güclüdür, müasir hərbi texnikamız, peşəkar zabit korpusumuz var. Mənəvi psixoloji, döyüş hazırlığı vəziyyəti yüksəkdir. 2016-cı ilin aprel döyüşləri, 2018-ci il Naxçıvan əməliyyatı bunu təsdiq etdi. Azərbaycan ordusu istənilən prosesə hazırdır. Bütün cəbhəboyu yüksəkliklərə, mövqelərə ordumuz nəzarət edir. Düşmənin bütün təxribatlarının qarşısı alınıb, bundan sonra da alınacaq. İrimiqyaslı əməliyyatlar da başlasa ordumuz düşmənə layiqli cavab verəcək. Biz hamımız bir nəfər kimi ordu­muzun yanında yer almalı və əsgər olmalı­yıq. Allah ordumuzu müzəffər etsin, qələbə bizimlədir!”

Hazırladı: R.TAHİR, “Xalq qəzeti”

16 2020 10:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə