Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham ƏLİYEV: Həlak olan hərbçilərimizin qisası alındı...

Azərbaycan Respublikası Prezidentinin yanında məşvərətçi orqan olan, müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunması, vətəndaşlarımızın hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlərin müzakirəsini həyata keçirən Təhlükəsizlik Şurasının iclasının keçirilməsi özlüyündə bir hadisədir. Orada verilən prinsipial ismarıclar, dövlət başçımızın ön cəbhənin Tovuz iqtiqamətində baş verən hadisələrə hansı həssaslıqla yanaşmasının yüksək ifadəsidir. Yanlış xatırlamıramsa, Təhlükəsizlik Şurasının bundan öncəki iclası 2017-ci ilin fevralında keçirilmişdi.

Beləliklə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə keçirilən Təhlükəsizlik Şurası iclasının ictimaiyyətə açıq hissəsində dövlət başçısının qətiyyətli nitqi, hansı qənaətləri, müəyyənlikləri hasil edir, hansı təsirlərə malikdir?

İlk növbədə, hadisə, məhz, Ermənistanın növbəti təxribatıdır və baş verənlərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. Və sərhəddə gərgin vəziyyət hələ başa çatmayıb, şəhidlər, yaralılar var. Deməli, hamımız ayıq-sayıq olmalı, xalq-ordu, xalq-dövlət birliyini mütəşəkkil forma və məzmunda davam və inkişaf etdirməliyik.

İkincisi, iyulun 12-13-də Tovuzda baş verənlər, Ermənistanın Azərbaycanın dövlət sərhədi boyunca törətdiyi ilk hərbi təxribat deyil. Deməli, “son təxribat”dır da deyə bilmərik və öz qətiyyətimizi, prinsipiallığımızı o həddə çatdırmalıyıq ki, düşmən növbəti təxribatlara cəsarət etməsin. Burada, söhbət bizim hər birimizidən gedir: Cəmiyyətdə tutduğu mövqedən, daşıdığı vəzifədən, təhsilindən, yaşından və s. asılı olmayaraq, hər birimiz həmrəylik nümayiş etdirməli, bir can olmalıyıq.

Üçüncüsü, son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində Azərbaycan hərbçiləri, mülki şəxslər həlak olub, düşmənin iyulun 12-də Azərbaycan hərbi bölmələrinin Tovuzun Ağdam kəndindəki postuna qəfil artilleriya atəşi açması nəticəsində yenə hərbçilərimiz həlak olub, yaralılarımız var və əlbəttə, biz, dövlət olaraq, xalq olaraq, yalnız itkilərin statistikasını aparmırıq, daha artıq dərəcədə cavab tədbirləri hazırlayır və həyata keçiririk.

Dördüncüsü, Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğrayıb, Azərbaycan öz dövlət sərhədini qoruyub – cənab Prezidentin sözləri ilə desək, “Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər” və düşmənin bu təxribatının qarşısı qətiyyətlə alınıb, düşmənə adekvat cavab verilib.

“Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq.

...Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq. Düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi”.

Beşincisi, belə hadisələr, məhz, Ermənistan rəhbərliyinin ikiüzlü, riyakar, beynəlxalq ictimaiyyəti çaşdırmağa xidmət edən fəaliyyətlərinə görə baş verir. Cənab Prezidentin öz sözləri ilə desək: “Ermənistan bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir, digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur”.

Altıncısı, zamanlama və məkanlama baxımından Ermənistanın hansı məkrli niyyəti güddüyü açıq halda ortadadır: Burada bir tərəfdən, dünya birliyinin başı koronavirusa qarışıb, – digər tərəfdən isə, diqqəti Qarabağdan yayındırmaq, üçüncü ölkəni (yaxud qüvvələri) prosesə cəlb etmək cəhdi özünü göstərir. Başqa bir nüans, Ermənistanın daxili siyasəti ilə bağlıdır. Hal-hazırda özünün növbəti təbəddülatlı, çalxantılı, böhran dövrünü yaşayan Ermənistanda, “nə, nə vaxt, harada və necə?” suallarına cavab verən tapılmır. Belə olanda, “Tovuz insidenti” Paşinyanın işinə yarayacaq deyə düşünürlər və əlbəttə, yanılırlar.

Yeddincisi, Azərbaycanın son illər və aylar boyunca müxtəlif sahələrdə əldə etdiyi ardıcıl beynəlxalq uğurlar Ermənistanı, eləcə də, ermənipərəst dairələri ciddi şəkildə tədirgin edib… Buna görə, yalanı yalan üstündən uydurur, bütün uğursuzqların səbəbini Azərbaycan tərəfdə görürlər. Əslində isə görünən odur ki, erməni tərəfin ölkəmizin qazandığı bu uğurlara görə narahatlığı yerə-göyə sığmır.

Əlbəttə, bu sıralamanı artırmaq mümkündür, başqa müşahidəçilər, ekspertlər başqa fərqləndirmələr edə, ayrı nəticələr çıxara bilərlər. Ancaq bütün hallarda, dəyişməyən bir nəticə var: Azərbaycan illər öncəki Azərbaycan deyil və heç kim bizimlə istədiyi kimi davrana bilməz! Azərbaycan dövləti öz siyasətini yalnız bir istiqmətdə qurmur – ordu quruculuğuna xüsusi fikir verən dövlətimiz, həqiqətlərimizin beynəlxalq miqyasda gərəkən səviyyədə tirajlanması, yeni dostlar qazanmağımız üçün də geniş iş aparıb və aparır. Başqa sahələrdəki yeniliklər, uğurlar da öz yerində... Bütün bunlar, haqq işimizin zəfərə yetişməsi üçün münbit şəraitin yaradılmasına xidmət edir.

Biz qalib gələcəyik! Buna inanırıq!

Dövlətimiz zaval görməsin!

Bayrağımız uca olsun!

 

Əkbər QOŞALI,
Milli QHT Forumu İdarə Heyətinin üzvü

16 2020 10:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə