Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizdəki siyasi partiyalar da erməni təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirilən siyasəti qətiyyətlə dəstəkləyirlər

Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə, dövlət sərhədimizin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum etmələri, mülki şəxsləri, yaşayış məntəqələrini məqsədli şəkildə hədəfə götürmələri təcavüz və hərbi təxribatdır.

İşğalçı ölkənin rəhbərliyi bu təxribatı törətməklə Ermənistan daxilindəki sosial, iqtisadi və siyasi vəziyyəti müəyyən müddətə də olsa, xalqa unutdurmaq olub. Başqa sözlə, Paşinyan hakimiyyəti belə bir təxribatla ölkə ictimaiyyətinin diqqətini daxili problemlərdən yayındırmaq, öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxarmaq məqsədi güdüb.

Beləliklə, Ermənistanın indiki təxribatları Paşinyan hakimiyyətinin xəstə təfəkkürə malik olduğunu bir daha göstərdi. Bu, əsgər meyitlərinin gizlədilməsində, xalqa yanlış informasiya verilməsində də özünü büruzə verdi. Bununla da işğalçı ölkə artıq şərəf və heysiyyətini itirdiyini bütün dünyaya nümayiş etdirdi.

Ermənistan təxribat törədərkən, bir həqiqəti də unutdu. Yaddan çıxardı ki, Azərbaycan Ordusu müstəqilliyin ilk illərindəki zəif, gücsüz ordu deyil: Azərbaycan son 17 ildə zabit kadrlarının hazırlıq səviyyəsini diqqət mərkəzində saxlayıb, əsgərlərin mənəvi-psixoloji durumunun yüksəldilməsinə xüsusi önəm verib, mütəmadi qaydada təlimlər keçirilib, nəticədə ordumuz dünyada 50 ən güclü ordu sırasında yer alıb. Bütün bununla bərabər, ölkədə xalq-iqtidar birliyi var və bu cür birlik Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir.

Yeri gəlmişkən, belə bir vaxtda respublikamızdakı siyasi partiyalar da ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirilən siyasəti qətiyyətlə dəstəkləyir, xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyir. Siyasi partiyalar qüdrətli ordumuzla qürur duyur, onunla bir olduqlarını ifadə edir.

Bunu ölkəmizin bir sıra siyasi partiya rəhbərlərinin “Reaksiya” internet televiziyasına verdikləri müsahibələrdən bəzi məqamlara qısaca nəzər salsaq, aydın görə bilərik.

Etibar MƏMMƏDOV, AMİP lideri:

– Ermənistanın faşizm siyasəti göz önündədir. İşğalçı ölkənin silahlı qüvvələrinin dövlət sərhədimizdə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə, mövqelərimizi ələ keçirməyə cəhd göstərmələri, mülki şəxsləri, yaşayış məntəqələrini məqsədli şəkildə hədəfə götürmələri bəşəri cinayətdir. Bu cinayətə qarşı güclü Azərbaycan Ordusu lazımi adekvat cavab verib, əməliyyat şəraitini tam nəzarət altında saxlayaraq, Ermənistanın hərbi bölmələrinin mövqelərinə güclü zərbələr endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib.

…Belə bir vaxtda ölkədə xalq-iqtidar birliyi özünü daha bariz şəkildə göstərir, insanlar dövlətinin, torpağının qorunması, işğal altındakı ərazilərimizin xilası naminə hakimiyyətin arxasında dayanır, müdafiəsində olurlar.

Lalə ŞÖVKƏT, ALP-nin lideri:

– Vətənin ağır, çətin günlərində müxaliflik, fikir ayrılığı, fərqli düşüncə ola bilməz. İndiki vaxtda, torpaqlarımızın işğal altında olduğu bir dönəmdə dövlətimizi qorumalı, güclü-qüdrətli ordumuza arxalanmalı və bir də xalqımızdan güc almalıyıq.

Pənah HÜSEYN, AXP-nin sədri:

– Belə bir çətin sınaq zamanında umu-küsülərimizi aradan qaldırmağa, məqsəd-məramımızı isə bir nöqtəyə – dövlətimizi qorumağa, dövlətçiliyimizi daha da möhkəmləndirməyə, sərhədlərimizdə törədilən təxribatların qarşısının almağa, erməni işğalına son qoymağa yönəltməliyik. Azərbaycan Prezidentinin yanında olmalı, onunla birgə düşmənlə mübarizə aparmalıyıq.

Mirmahmud MİRƏLİOĞLU, KXCP-nin lideri:

– Biz siyasətə gələndə demişik ki, millətin əsgəriyik. Belə bir vəziyyətdə isə hər birimiz hansı siyasi mənsubiyyətə malik olmağımıza baxmayaraq, dövlətin müdafiəsində dayanmışıq. Əslində, bütün siyasi partiyalar bu gün müharibə partiyası olmalıdırlar. Bütün vətəndaşlar bu müharibəyə qoşulmalıdırlar. Hər şey cəbhə üçün, hər şey qələbə üçün olmalıdır. Dövlətimizin, ordumuzun yanında olmağımız qələbəmizin təminatıdır. Bunu hər kəs bilməlidir.

Tural ABBASLI, AĞ Partiyanın sədri:

– Müharibə, Qarabağ mövzusu partiyamız üçün siyasi konyuktura ola bilməz. Biz həssas bir dövrdə ordumuzla birgə olmalıyıq, informasiyaların yayılmasında diqqətli davranmalıyıq, cəmiyyəti çaşdırmamalıyıq.

Hazırladı: Vaqif BAYRAMOV, “Xalq qəzeti”

16 2020 10:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə