Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətəndaşlarımızı sosial şəbəkələrdə diqqətli olmağa, yalnız rəsmi mənbələrə istinad edən məlumatlara inanmağa səsləyirəm

İyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki döyüşlər işğalçı ölkənin mənəvi deqradasiyaya uğradığını və artıq dayaqlarını itirdiyi­ni göstərdi. Sirr deyil ki, müxalifətin vahid cəbhədə birləşməsi prosesləri fonunda Ermənistan hakimiyyəti iqtidarını qorumaq üçün əhalinin diqqətini daxili problemlərdən yayındırmaq, ölkə daxilində müşahidə olunan ciddi gərginliyi başqa istiqamətdə yönəltmək, azaltmaq məqsədilə bu təcavüz aktına cəhd edib.

Dövlətimiz üçün bu çətin məqamlarda bütün xalqımız ölkə başçımız və Azərbaycan Ordusu ilə həmrəylik nümayiş etdirir. Biz veteranlar ordumu­za dəstək verməyə, işğal altındakı torpaqları azad etmək üçün hər cür fədakarlıq sərgiləməyə, döyüş təcrübəmizi gənc hərbçilərlə bölüşməyə, onlarla çiyin-çiyinə doğma Vətənin müdafiəsinə qalxma­ğa hazırıq.

Yeri gəlmişkən, mövcud vəziyyətin həssaslığını nəzərə alaraq, bütün vətəndaşlarımızı sosial şəbəkələrdə diqqətli olmağa, yalnız rəsmi mənbələrə istinad edən məlumatlara inanmağa səsləyirəm. Unutmaq olmaz ki, media və ya sosial şəbəkələrdə dezinformasiya xarakterli hər hansı bir məlumatın yer alması ictimai rəydə çaşqınlığa səbəb ola, düşmənin informasiya hücumu üçün əlverişli materiala çevrilə bilər.

Şəhid olan hərbçilərimizə Allahdan rəhmət diləyir, ordumuza yeni-yeni uğurlar arzulayıram! Bir daha bildirirəm ki, biz veteranlar hər an əldə silah Vətənin müdafiəçilərinin sırasına qoşulmağa hazırıq.

Cəlil XƏLİLOV,
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik

16 2020 10:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə