Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çirkin və məkrli siyasəti Ermənistanı uçuruma aparır

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq, dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində artilleriya atəşindən istifadə edərək mövqelərimizi ələ keçirməyə cəhd etmişlər. Qeyd edək ki, Azərbaycan– Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində hərbi təxribatı ilk hadisə deyil. Son bir neçə ay ərzində hərbi təxribatlar nəticəsində burada Azərbaycan hərbçiləri, mülki şəxslər həlak olmuşlar.

Sonuncu təxribat zamanı, qəflətən Azərbaycan hərbi bölmələrinin postuna artilleriya atəşinin açılması nəticəsində hərbçilərimiz həlak olub və yaralanıblar. Hadisə başlanan andan Tovuzla əlaqə saxlamışam. Al­dığım məlumatlara görə, Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Sosial şəbəkələrdə yayılan video­lardan da göründüyü kimi, ordumuz Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib.

İyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlət başçımız çıxış edərək demişdir:

“...Hazırda Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edibdir. Digər tərəfdən, o da sirr deyil ki, artıq uzun müddətdir ki, Ermənistan münaqişə ilə bağlı öz addımlarında xüsusilə Ermənistan–Azərbaycan dövlət sərhədini misal gətirərək belə bir rəy formalaşdırmaq istəyir ki, guya Azərbaycan Ermənistan ərazisinə hücumlar edir. Halbuki, bu, yalan­dır. Bütün hücumlar Ermənistan tərəfindən törədilir və bunun kifayət qədər sənədləri var, video-foto sənədləri var. Azərbaycan isə sadəcə olaraq, bütün təxribatlara adek­vat cavab verir. Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, təbii ki, biz adekvat cavab verəcəyik və veririk. Ona görə Ermənistan bütün imkanlardan istifadə edib, eyni zamanda, saxta məlumatlar uydu­rub dövlət sərhədinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir. Dünənki hərbi təxribat bu çirkin siyasətin növbəti təzahürüdür”.

Cənab Prezident, həmçinin, bildirmişdir ki, beynəlxalq arenada Ermənistan, demək olar ki, bütün dayaqlarını itirməkdədir. Daxili vəziyyət kifayət qədər gərgindir. Artıq hər kəs tərəfindən başa düşülür ki, Ermənistan tərəfdən deyilənlər xülya­dır, yalandır. Növbəti təxribatla bağlı Ermənistan rəsmi orqanlarının açıq­ladığı məlumat da ağ yalandır. Onlar yaydıqları bu məlumatda məsuliyyəti Azərbaycanın üzərinə yıxmaq istəyirlər: “Halbuki, buna heç bir əsas yoxdur və bir daha demək istəyirəm ki, – bütün müstəqil ekspertlər bunu təsdiq edə bilərlər, – heç bir əsas olmadan bizim hərbi postumuza artilleriya zərbəsi endirilib. Məhz, bunun nəticəsində bizim hərbçilərimiz həlak olub. Onların gücü ona çatır ki, ancaq mülki əhalini atəşə tutsunlar, ya da ki, qəflətən bizim hərbi postu­muza atəş açsınlar. Bunu da onlar etdilər və bir daha öz çirkin və məkrli mahiyyətlərini ortaya qoydular”

Dövlət başçımız Ermənistanın faşist xislətindən əl çəkə bilmədiyini vurğulamış və qeyd etmişdir ki, onların bu rəzilliyi artıq ədalət sevən, haqqa inanan ölkələr tərəfindən qəbul edilmir və Azərbaycan hər zaman haqlı tərəf kimi dəstəklənir. Cənab Prezident sonuncu təxribat zamanı hərbçilərimizin qisasının alındığını və bundan sonra da alınacağını vurğu­layaraq demişdir: “Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik”.

Sərhəddə baş verənlər həm də onu sübut edir ki, Ermənistan öz çirkin niyyətlərindən əl çəkmək istəmir. Azərbaycanın əldə etdi­yi beynəlxalq uğurlar onları çox narahat edir. Çünki qarşı tərəf görür ki, Azərbaycanın haqq işini haq-ədalət sevən əksər dövlətlər dəstəkləyir. Əlləri hər şeydən üzülən Ermənistan rəhbərliyi bütün tükənən imkanlarından istifadə edərək, hətta, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində də özlərinin hərəkətinə dürüstlük donu geyindirməyə çalışırlar. Dünya dövlətlərinin əksəriyyəti isə haqqın – Azərbaycanın tərəfindədir.

Döyüşlərdə sübut olundu ki, bizim generallarla əsgərlərimiz bir cərgədə, ön sırada dururlar. Onların generalları kimi əsgər arxasında can qorumurlar. Xain düşmənin general Polad Həşimovu hədəf alması onun nə qədər alçaq və xəbis niyyətli olduğunu sübut edir. Cəbhənin Tovuz istiqamətində şəhid olan hərbçilərimizə, o cümlədən, general Polad Həşimova Allahdan rəhmət, yaralılarımıza tez sağalmalarını diləyirəm!

Bir daha qeyd edirəm ki, ordu­muz Ali BaşKomandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Sərhəddə yaşanan bu təxribata görə məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Bu dövlətin ikiüz­lü və riyakar fəaliyyətinə görə belə təxribatlar baş verir. Əminik ki, bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq.

Aydın HÜSEYNOV, Milli Məclisin deputatı

16 2020 10:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə