Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın maliyyə təhlükəsizliyi təhdidlə üzləşib

Ermənistanın iqtisadi həyatı borc cəlbinə əsaslanır və bu ölkə getdikcə xaricdən daha çox asılılığa düşməkdədir. “Trend”in məlumatına görə, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı bildirib ki, Ermənistan Maliyyə Nazirliyinin 2020-ci ilin bi­rinci yarımilinin nəticələri üzrə açıqladığı statistik göstəricilərə əsasən bu ölkənin ümumi dövlət borcunun həcmi 7 milyard 721 milyon ABŞ dollarına çatmışdır: “Hansı ki, bu göstəricinin də 5 milyard 984 milyon ABŞ dolları həcmində hissəsi xarici borcun payına düşmüşdür.

Təkcə bir faktı qeyd edək ki, bu ölkənin ümumi dövlət borcunun 80 faizi xarici valyutadadır və bu istiqamət üzrə son dövrlərin davamlı neqativ tendensiyası həmin ölkənin maliyyə təhlükəsizliyinin nə dərəcədə ağır olduğu­nu göstərir. Belə ki, hazırda Ermənistanın xarici borcu maliyyə təhlükəsizliyi üzrə bütün normaları aşmışdır və bu ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 42 faizi civarındadır. Qeyd edək ki, ümu­mi dövlət borcunun ÜDM-ə nisbəti son dövrlər davamlı olaraq artmaqdadır. Belə ki, 2015-ci illə müqayisədə ümumi dövlət borcunun ÜDM-ə nisbəti 48 faizdən 54 faizə, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə 40 faizdən 42 faizədək artmış­dır. Dünya Bankı dövlət borcunun ÜDM-ə nisbəti göstəricisinin qarşıdakı dövrdə daha da pisləşəcəyini və ilin sonuna 57,2 faizə çatacağını proqnozlaşdırmışdır. Belə ki, 2019-cu ildə ümumi dövlət borcu 6 faiz artdığı halda, təkcə cari ilin 6 ayı ərzində bu göstərici 5 faiz, xarici borc isə 4,6 faiz artım göstərmişdir. Beynəlxalq Valyuta Fondunun (BVF) missiyasının müxtəlif ssenarilər üzrə hesablamaları bu ölkənin ümumi dövlət borcunun büdcə gəlirlərinə nisbətinin yaxın 5 il ərzində də 200 faizdən çox olacağını göstərir. Vergi gəlirlərinin azalması və fiskal xərclərin artması büdcə defisiti ilə bağlı məsələni daha da kəskinləşdirəcək və BVF-nin ekspertlərinin hesablamalarına əsasən büdcə defisitinin ÜDM-də çəkisi cari ildə 5 faiz, ümumi borcun ÜDM-də çəkisi isə 60 faizdən yüksək olacaqdır. Göründüyü kimi, hər iki mötəbər qurum Ermənistanın maliyyə asılılığının hələ də yüksək olaraq qalacağını qeyd edir. Bu ölkənin mərkəzi hökumətinin borclarının 79 faizi xarici val­yutadadır. Atılması planlaşdırılan bütün fiskal tədbirlərə rəğmən Beynəlxalq Val­yuta Fondu bu göstəricinin 2025-ci ilədək 73 faizdən yüksək olacağını proqnozlaş­dırır. Əlbəttə ki, bu da ölkə iqtisadiyyatını valyuta riskinə qarşı uzun müddət volatil və qeyri-stabil vəziyyətdə saxlayacaq­dır. Bu ölkənin hazırkı addımları, eyni zamanda pandemiyanın əks təsirlərini aradan qaldırmaq üçün borclanma­ya getməsi ölkədə iqtisadi və maliyyə təhlükəsizliyinin daha da kəskinləşəcəyini göstərir. Belə ki, 2015-ci ilin sonu ilə müqayisədə 2019-cu ilin yekunlarına əsasən bu ölkənin xaricdən cəlb etdiyi kreditlərin miqdarı 2 dəfə artmışdır.

Eyni zamanda, Ermənistanın xaricdən cəlb etdiyi kreditlərin həcmi 4 milyard 539 milyon ABŞ dollarına çatmışdır ki, bu da ölkənin ÜDM-nin 33 faizi civarındadır. Burada bir məqamı qeyd edək ki, Ermənistana kredit resurslarının cəlb olunmasında beynəlxalq təşkilatlardan ən böyük pay Dünya Bankının qurumları (Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası), Asiya İnkişaf Bankı, Avrasiya İnkişaf Bankı, ölkələrdən isə Rusiya, Almaniya və Ya­poniyaya məxsusdur. Ümid edirik ki, artıq bu təşkilatlar və ölkələr də Ermənistanın təcavüzakar, etibarsız və regionda sülhü destabilizəedici hərəkətlərini müşahidə edərək bu ölkəyə maliyyə vəsaitlərinin verilməsini məhdudlaşdıracaqlar. Ermənistan iqtisadiyyatının xaricdən maliyyə asılılığı təkcə borc vəsaitlərinin cəlb edilməsi parametrləri üzrə deyildir. Belə ki, bu ölkə pul köçürmələrindən də yüksək səviyyədə asılıdır. Xaricdən pul köçürmələrinin ÜDM-də xüsusi çəkisinə görə Ermənistan dünyada ən pis vəziyyətdə olan ölkələrdən biridir. Belə ki, nüfuzlu “Miqrasiya və İnkişaf üzrə Qlobal Bilik Əməkdaşlığı” (KNOMAD) platformasının açıqladığı statistik göstəriciləri təhlil edəndə görünür ki, 2019-cu ildə xaricdən pul köçürmələri Ermənistan iqtisadiyyatının toplam ÜDM-nin 11,4 faizini təşkil etmişdir və bu rəsmi göstəricilərə əsaslanan sta­tistikadır. Hansı ki, bu göstəriciyə görə Ermənistan dünyada 153-cü mövqeyi bölüşür. Bu isə məlum ölkənin iqtisa­di təhlükəsizliyinin nə qədər bərbad vəziyyətdə olduğunun göstəricisidir. Bu ölkə rəsmilərinin açıqlamalarında da xaricdən maliyyə transferlərinin ölkənin iqtisadiyyatındakı payının açıqlanan rəsmi statistikadan çox daha böyük olduğu qeyd olunmuşdur və müxtəlif ekspertlərin hesablamaları bu rəqəmin 25 ətrafında olduğunu göstərir.

Qeyd edək ki, Dünya Bankı 2020-ci il 22 aprel tarixli bəyanatında dünyada qlobal pul köçürmələrinin (yardımlar) cari il ərzində 20 faiz aşağı düşəcəyini və bunun son illərin ən kəskin aşa­ğı düşməsi olacağını açıqlamışdır. Həmçinin, bu enmə zəncirinin ən kəskin aşağı düşməsi Avropa və Mərkəzi Asiya regionunda (27,5 faiz) olacaqdır ki, bu da Ermənistana ən yüksək pul köçürmələrinin baş verdiyi regionlardan gəlirlərin kəskin azalması deməkdir. Bir məqamı da qeyd edək ki, Ermənistanda iqtisadi vəziyyət pandemiyadan öncə də gərgin idi. Belə ki, Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən 2019-cu ildə ötən illə müqayisədə bu ölkəyə investisiyaların ÜDM-ə nisbəti göstəricisi 5 faiz, yığım əmsalı isə 2 faiz azalmışdır. Beynəlxalq Valyuta Fondunun missiya­sı 2020-ci ilin sonunadək cari hesabın defisitinin ÜDM-də xüsusi çəkisinin 8,6 faizədək artacağını, həmçinin maliyyə hesabının kəskin azalacağını proqnoz­laşdırmışdır ki, bunun da əsas səbəbləri kimi qeyri-rezidentlərin depozitlərinin geri çəkilməsi hesabına xarici özəl sərmayə axınlarının kəskin azalacağı və ölkəyə xaricdən gələn yardımların (xüsusilə də Rusiyadan) kəskin aşağı enəcəyi göstərilir. Təkcə mart ayında erməni dra­mı 5 faiz dəyər itirmişdir. Nəzərə alsaq ki, aprel ayından bəri Rusiyanın Qazprom şirkəti ilə təbii qazın qiyməti ilə bağlı ya­şanan problemlər, bu ölkənin təbii enerji asılılığında olması, iqtisadi problemləri pandemiyanın neqativ təsirlərini azalt­maq məqsədilə maliyyə resurslarını cəlb etmək imkanlarını da məhdudlaşdırır. Beynəlxalq Valyuta Fondu tərəfindən bu ölkəyə net birbaşa xarici investisiyaların isə 2020-ci ilin sonunadək 161 milyon ABŞ dolları ətrafında olacağı proqnozlaş­dırılır ki, bu da 2019-cu illə müqayisədə 2,5 dəfə azalma deməkdir. Bu ölkənin ümumi beynəlxalq rezervlərinin də ilin so­nuna doğru azalacağı və 2,9 milyard ABŞ dollarından 2,2 milyard ABŞ dollarına düşəcəyi proqnozlaşdırılır.

Göründüyü kimi, Ermənistan iqti­sadi göstəricilərin bütün parametrləri üzrə xaricdən asılılıqda olan ölkədir və bütün mötəbər proqnozlar da bu ölkənin vəziyyətinin getdikcə daha da pisləşəcəyini və kəskin iqtisadi asılılıq­la üz-üzə qalacağını göstərir. Burada bir məqamı xüsusilə qeyd etməliyik ki, beynəlxalq ekspertlər 2018-ci ildə Ermənistanda baş verən dəyişikliklərin əsas sosial-iqtisadi drayverlərinin hazırkı dövrdə getdikcə daha kəskin şəkildə hərəkətə gəldiyini və bu ölkə üçün yeni neqativ siyasi nəticələri olacağı­nı göstərirlər. Maliyyə təhlükəsizliyi, bütövlükdə iqtisadi təhlükəsizliyi təhdid altında olan bir ölkənin Azərbaycana qarşı provakasiyalara getməsi sonun başlanğıcıdır.”

16 2020 10:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə