Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnsanların aksiyalara cəlb edilməsi onların sağlamlığına ziyandır

Ölkə həyəcanlı günlər yaşayır. Bir tərəfdən bütün dünyanı çənginə almış, milyonların ölümünə səbəb olan “görünməz düşmən” COVID –19 bəlasından az itkilərlə çıxmağın yolları barədə araşdırmalar aparılır, digər tərəfdən, sərhəd xəttində görünən düşmən olan ermənilərin törətdiyi təxribat nəticəsində şəhid olanlarımızın ağrısını canımızda hiss edirik. Bunlar azmış kimi, həqiqətən, cəbhəyə getməyə hazır olan döyüş ruhlu gənclərin arasına nifaq salanların, gecə ikən bu gəncləri təxribata çəkərək, qoruyucu vasitələrdən istifadə etmədən, karantin rejiminin tələblərini unudaraq, Milli Məclisin binasına soxulmalarına nail olanların hərəkətindən üzülürük. Bəzi müxalif düşüncəli insanların bəyanatlar verərək, Ali Baş Komandan İlham Əliyevə dəstək olmaları barədə etirafları bizi xalq birliyinə inandırsa da, belə üzdəniraqlara “yol göstərənlərin” də cəzasız qalmayacaqlarına əminik. Çünki onlar belə anda həm dövlətə, həm insanların sağlamlığına xəyanət etdilər. Eyni zamanda, COVID-19 pandemiyasının hələ məhdudlaşdırılmadığı, yoluxma hallarının yüksək olduğu bir vaxtda minlərlə insanın bir yerə toplanması virusun daha geniş yayılması və insanların həyatını təhlükəyə atması üçün əlverişli şərait yaratdı.

Azərbaycan Prezidenti 5 aydır ki, ölkənin siyasi-iqtisadi-sosial problemlərindən önə keçən daha ciddi bir məsələ – əsrin bəlası koronavirus pandemiyasına qarşı mübarizəyə qalxıb. Xalqın sağlamlığını hər şeydən vacib hesab edən dövlət başçımız bu mübarizədə bütün mümkün vasitələrdən istifadə edib ki, bu ümumbəşəri bəladan xalqımız az itkilərlə çıxsın. Ölkəmizdə ilk yoluxma qeydə alınandan dərhal sonra, dövlət başçımız buna reaksiya verərək, əhalinin sağlamlığını qorumaq məqsədi ilə qabaqlayıcı tədbirlərə start verdi. Nazirlər Kabineti yanın­da operativ qərargah yaradıldı, vəziyyətə uyğun məhdudlaşdırıcı tədbirlər, karantin rejimi tətbiq edildi. Vətəndaşlarımız digər ölkələrdən Azərbaycana təxliyə edildilər və ölkədə yerləşən dörd, beşulduzlu bütün əsas otellərə, istirahət zonalarına yerləşdirildilər. Laboratoriya müayinələri, viru­sun diaqnozu və müalicəsi üçün lazım olan bəzi tibbi avadanlıq və ləvazimatlar Azərbaycana gətirildi. Yeni laboratoriyalar alındı, mas­ka və kombinezon istehsal edən müəssisələr işə salındı. Bir sıra tibb müəssisələri koronaviruslu xəstələrin istifadəsinə verildi. Bir sözlə, ölkə pandemiyaya qar­şı mübarizəyə hazır vəziyyətə gətirildi.

Dövlət tərəfindən koronavi­rusun yaratdığı təhlükəyə qarşı hərtərəfli mübarizə aparılsa da, COVID – 19 getdikcə öz təsirini daha çox göstərdi, yoluxanların və ölənlərin sayı artdı. Buna görə də profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi və pandemiyanın mənfi nəticələrinin azaldılması üçün dövlət başçısı bir sıra tədbirlər haqqında fərman im­zaladı. Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Öncə cənab Prezident və Birinci vitse-prezident illik əməkhaqlarını fonda köçürdülər. Daha sonra imkanlı şəxslər pandemiyaya qarşı mübarizədə həmrəy olduqlarını fonda vəsait köçürməklə isbatladı­lar. Bu gün əminliklə deyə bilərik ki, indiyədək koronavirusa qarşı mübarizə məqsədilə ölkəmizdə vacib olan bütün addımlar atılıb, əhalinin sağlamlığının qorunması ön plana keçib.

İyulun 6-da koronaviruslu xəstələrin müalicəsi məqsədilə açılışı edilən modul tipli hospi­tal sayca 6-cıdır və orada 800 xəstənin yerləşməsi nəzərdə tutulur. Bir ay-ay yarım ərzində istifadəyə veriləcək daha bir modul tipli xəstəxananın 1300 yerlik olacağı nəzərdə tutulur. Qeyd edək ki, modul tipli ilk xəstəxana kompleksi paytaxt­da mayın 7-də, 2-ci, 3-cü, 4-cü komplekslər Bilgəh, Sumqayıt və Abşeronda iyunun 7-də, 5-ci kompleks Gəncədə, iyunun 24-də, 6-cı isə iyulun 6-da Xətai rayonunda istifadəyə verildi. Xəstəxanaların tez bir zamanda inşa edilməsi göstərir ki, ölkəmiz hətta gözlənilməz vəziyyətdə də lazımi addımlar ata bilər. Əlavə on modul tipli xəstəxananın tikintisi nəzərdə tutulur. Hazırda korona­viruslu xəstələrin müalicəsi üçün ölkəmizdə 45 xəstəxana ayrılıb. Onlardan 36-sı son vaxtlarda inşa edilib və istifadəyə verilib. Prezidentin əvvəlki modul tip­li xəstəxanaların açılışındakı çıxışından keçən dövr ərzində, vəd ediləndən də artıq işlər görülüb və planlaşdırılıb. Ay­dın görünür ki, respublikamızın əlaqədar orqanları koronavirusla mübarizədə, operativ və ciddi irəliləyiş əldə edə bilib. Çünki Azərbaycanda məhdudlaşdırıcı tədbirlərə başlananda, Avropa ölkələrinin bir çoxunda karantin rejimi tətbiq edilmədi. Ölkəmizdə isə vəziyyətə ciddi nəzarət edildiyindən, insanlar tələblərə riayət etdiklərindən, sağalanların sayı yoluxanların sayından çox oldu və aprelin sonundan sərt karantin rejiminin mərhələ ilə yumşaldılmasına başlandı.

Prezident İlham Əliyevin virusa qarşı mübarizə tədbirlərinə şəxsən nəzarəti, vətəndaşların sağlamlığına diqqəti və qayğısı bütün ölkələr üçün nümunədir. Səhiyyəsi yüksək inkişaf edən Avropa ölkələrinə nisbətən bizdə indiyədək yoluxma və ölüm sa­yının az olmasının əsas səbəbi, məhz, dövlət tərəfindən gərəkən tədbirlərin vaxtında həyata keçirilməsidir. Azərbaycanda pandemiya ilə mübarizə sistemi dünyada effektivliyinə görə ilk sıra­larda dayanır. Çünki ölkəmiz ÜST tərəfindən müəyyənləşdirilmiş prinsiplər əsasında pandemiya ilə mübarizə aparır.

Prezident hospitalın açı­lışında çox vacib məsələyə toxunaraq dedi: “Deyə bilərəm ki, bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı indi sabitləşib. Son bir neçə gün ərzində, dediyim kimi, artıq 500 ətrafında yeni yoluxan insan var. Ancaq biz hələ müsbət dinamikaya çıxmamışıq. Bu günə qədər xəstələnənlərin sayı sağalanların sayından çoxdur və bu mənfi dinamika, qeyd etdiyim kimi, bizim səhiyyə sistemimizə də əlavə yükdür. Ona görə indiki rejim nə qədər davam edəcək və bu rejim daha da sərtləşəcək, yoxsa yumşalacaq, yaxın gələcəkdə biz bunu görəcəyik”.

Prezident, həmçinin bildirdi ki, məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı addımlar vəziyyətə uyğun atılır. Bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı hazırda sabitləşib. Əslində, xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Belə hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmaq məcburiyyəti yaranır. Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Qaydaları pozan insan­lar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, pandemiyanı nəzarətdə saxlamaq mümkün olacaq. Yoluxmanın azal­mamasına səbəb isə müxtəlifdir. Virusun təbiəti, tibbi xarakteri hələ sonadək öyrənilməyib, vaksinin tapıldığı elan olunsa da tətbiqinə başlanmayıb. Virusun yayılması bir ölkədən asılı deyil. Xəstəliyin ilk dövrlərində həkimə müraciət edərənlərin sayı artıb.

Azərbaycan Prezidentinin pandemiyaya qarşı mübarizəyə verdiyi böyük diqqətin nəticəsidir ki, məhz, onun göstərişinə uyğun olaraq yeni növ koronavirus­la mübarizə sahəsində çalı­şan bir qrup xarici mütəxəssis hazırda ölkəmizdə səfərdədir. COVID–19 infeksiyasının geniş yayılmasının qarşısının alın­ması istiqamətindəki tədbirlər çərçivəsində ötən həftə Rusiya və Türkiyədən, iyulun 13-də isə Kubadan gələn infeksion xəstəliklər üzrə mütəxəssislər, reanimotoloq və pulmonoloqların ölkəmizə gəlməkdə məqsədi ope­rativ qərargahın tibbi heyəti ilə görüşlər keçirmək, pandemiyaya qarşı görülən tədbirlər sahəsində təcrübə mübadiləsi aparmaqdır. Türkiyə Respublikasının Səhiyyə Nazirliyinin COVID – 19 üzrə elmi heyətinin üzvləri, eləcə də Ru­siya və Türkiyədən olan yüksək ixtisaslı həkimlər hazırda xüsusi rejimli xəstəxanalarda xəstəliyin qarşısının alınması üçün yerli mütəxəssislərlə birgə müalicə və profilaktika sahəsində çalışırlar.

Rusiyalı həkimlər Aleksandr Averyanov və Vladimir Nikifirov Azərbaycanda səhiyyə sistemi və mütəxəssislərin hazırlığı ilə tanış­lığın onlarda yüksək təəssürat ya­ratdığını bildiriblər. Bir neçə adi kli­nikada olan həkimlər qeyd ediblər ki, xəstəxanaların reanimasiya şöbələrinin təchizatı tərifəlayiqdir. A.Averyanov deyib ki, klinikalar­dan birində oksigen tənzimləyə bilən qurğuya ehtiyac olduğunu bildirdikdən dərhal sonra həmin xəstəxanaya yüksək göstəricili oksigen qurğusunun gətirildiyini gördük. Həkim eyni operativliyin dərmanlara da aid olduğunu de­yib. Bildirib ki, Rusiyada korona­virusun müalicəsi üçün vacib olan preparatın istehsalına başlansa da, bizə o, hələ çatmayıb. Amma burada artıq o dərmandan istifadə edilir. Vladimir Nikiforov isə qeyd edib ki, Azərbaycan kifayət qədər inkişaf etmiş ölkə olduğundan, artıq koronavirusun müalicəsi ilə bağlı böyük təcrübə yaranıb. Azərbaycanlı həkimlərin təcrübəsi ilə tanış olmağa gəldiklərini qeyd edən infeksionist məmnunluqla bildirib ki, bu həkimlər təkcə koronavirus infeksiyasının müalicəsində deyil, həm də digər sahələr üzrə çox inkişaf ediblər. Onun sözlərinə görə, bu cür mürəkkəb fors-major vəziyyətində, infeksiya ilə mübarizənin altı ayı ərzində həm Rusiyada, həm də Azərbaycanda bu işə cərrahlar, ginekoloqlar, eləcə də digər sahədən olan həkimlər qoşulub. 115 mütəxəssisdən ibarət Kuba­dan gələn peşəkar həkimlər də yerli mütəxəssislərlə birgə pande­miyaya qarşı mübarizə tədbirlərinə başlayıblar.

Pandemiyaya qarşı mübarizənin tarixi təcrübələri onu göstərir ki, bu mübarizə o zaman uğurlu nəticə verir ki, dövlət tərəfindən görülən işlər, müəyyənləşdirilən qaydalar cəmiyyət tərəfindən də ciddi şəkildə icra olunur. Pandemiya zamanı heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edə bilməz. Bu gün pandemiyadan ən çox əziyyət çəkənlər inkişaf etmiş ölkələrdir və onlar yenidən məhdudlaşdırıcı tədbirlərə qayı­dırlar. Azərbaycanla eyni sayda əhalisi olan bəzi inkişaf etmiş dövlətlərdə yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı isə 10 minlərlə ölçülür. Ölkəmizdə isə bu günlər sağalanların sayı əvvəlki günlərə nisbətən artmaqdadır.

Operativ qərargahın iyu­lun 14-nə olan məlumatına görə, 25 min 113 yoluxanın 16 min 150 nəfərinin sağalaraq evlərinə dönməsi məhz fədakar həkimlərimizin yorulmaq bilmədən çalışmaq əzminin nəticəsidir. Neçə vaxtdır ki, yoluxanların sayı 500-dən aşağı düşmür. Qeyd etmək lazımdır ki, həftə sonları sərt karantin rejiminin tətbiqi öz bəhrəsini verdi. İki gün öncə – iyulun 13-də sağalanların sayı nəhayət ki, yoluxanların (529) sa­yını üstələdi, 547 nəfər sağalaraq evə yola salındı. İyulun 14-də isə 543 yoluxan, 510 sağalan olub. Ölkədə indiyədək 584 min 466 test yoxlaması aparılmış, 319 nəfər vəfat etmişdir. Bu mübarizədə həkimlər canlarını riskə ataraq xəstələri həyata qaytarmaq üçün gecə-gündüz xidmət göstərirlər. Bu yolda həyatlarını itirənlər də olub, müalicəyə cəlb olunanlar da. Əslində, həkimlər bu bəlaya yo­luxmamaq üçün daha çox diqqətli olmalı, özlərini qorumalıdırlar ki, əhalinin sağlamlığı keşiyində, hazırkı zamanda isə bu görünməz düşmənə qarşı mübarizədə gücdən düşməsinlər. İndi bizim onlara daha çox ehtiyacımız var.

Hazırda COVID – 19 xəstəliyinin əlamətlərini hiss edənlər poliklinikaya getmir, məlumat verirlər. İlkin səhiyyə xidməti çərçivəsində briqada­lar həmin şəxsin evinə gələrək analizlər götürürlər. Testin nəticəsi çıxana qədər şəxsə təlimat verilir. Testin nəticəsi müsbət çıxarsa, sahə həkiminin nəzarəti altında onun müalicəsi evdə aparılır. Əgər vəziyyətdə dəyişiklik olarsa, bu barədə müvafiq qurumlara məlumat verildikdən sonra xəstə pandemik xəstəxanaların birinə çatdırılır.

Son olaraq deyək ki, dövlət tərəfindən pandemiyaya qarşı bü­tün mübarizə vasitələrindən istifadə edildiyi bir vaxtda, vətəndaşların həlak olmuş hərbçilərimizin yaşadığı ünvanlara toplaşması, dəfn mərasimlərində müşahidə olunan kütləvilik virusun yayım sürətini daha da artıracaq. Bir müddət sonra böyük ehtimalla bu kütləviliyin acı nəticəsini – yoluxma dinamikasında artımı müşahidə edəcəyik. Qeyd etməliyik ki, həmin yerlərdə maska taxma­dan hərbçilərlə sıx təmaslar ordu üçün də ciddi təhlükə yaradar. Bütün bunlara yol verməmək üçün insanlarımız kütləvi aksiyalardan, dəfn mərasimlərində iştirakdan çəkinməlidirlər. Vətəndaşlarımız daha məsuliyyətli davranmaqla, karantin rejiminə riayət etməklə, sabitliyi və təhlükəsizliyi qorumaq­la, həm xəstəliklə mübarizəyə, həm də milli ordumuzun, hərbçilərimizin öz işlərini lazımi şəkildə yerinə yetirmələrinə mühüm töhfələrini vermiş olacaqlar.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

16 2020 10:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə