Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İndi daha çox inanırıq ki, torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil

Bu günlərdə Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirməyə, torpaqlarımızı işğaldan azad etməyə qadir olduğunu bir daha təsdiq etdi. Tovuz istiqamətində təxribata əl ataraq yeni ərazilərimizi işğal etmək niyyəti ilə hücuma keçmiş Ermənistan ordusu ön cəbhədəki hərbi qüvvələrimizin inadlı müqaviməti və sərt zərbələri ilə qarşılaşdı. Bununla da azğın və harın düşmən 2016-cı ilin aprelində və 2018-ci ilin mayında unutduğu dərsləri bir daha yadına saldı.

Baş vermiş hücum faktı ilə əlaqədar Təhlükəsizlik Şurasının iclasını keçirən Prezident İlham Əliyev də Azərbaycan əsgərinin qətiyyətinə yüksək qiymət verərək bildirdi ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmış, düşmənə adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alın­mışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilmədilər.

Ermənistanın yeni Azərbaycan ərazilərini ələ keçirmək üçün etdiyi hücum beynəlxalq aləm, eləcə də dün­yanın əksər ölkələri tərəfindən ittiham edildi. Azərbaycanın mövqeyi isə birmənalı şəkildə dəstəkləndi. Ölkəmiz buna Prezident, Ali Baş Komandan İlham Əliyevin illərdən bəri apardığı uğurlu xarici siyasət, Azərbaycanın milli maraqlarını dünyada qətiyyətlə müdafiə etməsi sayəsində nail olub. Dövlət başçısı, demək olar ki, bütün beynəlxalq təşkilatlarda Ermənistanı ifşa edir, bu ölkə rəhbərliyinin faşist ideologiya­sına xidmət etdiyini bəyanlayır. Ona görə də Azərbaycanın ədalətli mövqeyi get-gedə daha çox ölkə tərəfindən dəstəklənir.

Ermənistan isə daha təcrid vəziyyətinə düşüb. Bunu erməni cəmiyyətinin özü də etiraf edir. Ermənistan müdafiə nazirinin keçmiş müavini, sabiq deputat Artak Zakaryan Nikol Paşinyan hökumətini sərt tənqid edərək, ölkəsinin dünyada təkləndiyini bildirib. Bu barədə Ermənistan KİV-i məlumat verib. Zakaryanın sözlərinə görə, dünya ölkələri Tovuz istiqamətində hücum etmiş Ermənistana heç bir dəstək verməyib, bu isə rəsmi Yereva­nın xarici siyasətin uğursuzluğa uğradığını göstərir.

Zakaryan deyib: “Məni ABŞ və Fransanın qəribə sükutu düşündürür. Bu gün hadisələrlə bağlı Ermənistana dəstək verən neçə ölkə nümayəndəsi, parla­menti var? Biz, hətta, Ukrayna XİN-nin açıqlamasına düzəliş etdirmək üçün onların səfirini nazirliyə çağırmalı oluruq. Bir sıra ölkələrin Azərbaycanı dəstəkləyən bəyanatları var. Ancaq həvəskar və məlumatsız insanlar Ermənistanla Azərbaycanın müqayisəsini apara bilər”.

Azərbaycan Ordusunun növbəti ağır zərbələri altında əzilmiş Ermənistan hazırda təşviş içindədir. Bu ölkə rəhbərliyinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək gözləntiləri də puça çıxıb. Təşkilatdakı müttəfiqləri də Ermənistanın təcavüzkar əməllərinə şərik olmaq istəməyiblər. Bu, Ermənistanın acı məğlubiyyəti deməkdir.

Azərbaycan Ordusu isə tarixə daha bir şanlı səhifə yazdı, təcavüzkar ölkəni lazımınca cəzalandırdı, hərbi obyektlərini, texniki vasitələrini, canlı qüvvələrini məhv etdi. Bu, onu göstərir ki, Azərbaycan Ordusu­nun hərbi vətənpərvərlik ruhu, eyni zamanda, qələbə əzmi çox yüksəkdir. Hərbi bölmələrimiz son illərdə qələbə dalınca qələbə qazanır, Ermənistanın bütün təxribatlarına layiqli cavab verirlər. Bu, bizə böyük ümidlər bəxş edir. İndi daha çox inanırıq ki, torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil. Ordumuz ərazi bütövlüyümüzü təmin etməyə hər an hazırdır.

 

Əbülfət QASIMOV,
Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant

16 2020 10:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə