Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ordusundan Ermənistana daha bir zərbə

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin dünya birliyindəki mövqeyini getdikcə möhkəmləndirir. Bəşəriyyəti təhlükə altına almış koronavirus pandemiyasından dünyanın qüdrətli dövlətləri ciddi zərbə alsalar da, Azərbaycan ən az itki verən ölkələrdəndir. Üstəlik, dövlətimizin baş­çısı humanizm prinsiplərinə sadiqlik nümayiş etdirərək, bəşəriyyətin bu təhlükədən xilası naminə də öz köməyini əsirgəmədi. Dövlətimiz tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ianə edilməsi və 30-dan artıq ölkəyə yardım göndərilməsi insana verilən dəyərin bariz nümunəsidir.

Dövlət başçımızın təşəbbüsü ilə iki nüfuzlu beynəlxalq təşkilatın – Türk Şurasının və Qoşulmama Hərəkatının COVID-19-la mübarizəyə həsr olunmuş videokonfrans formatında keçirilmiş zirvə görüşləri dünya ictimaiyyətinin diqqət mərkəzində oldu. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü. Bu təklifdən dərhal sonra dünyanın 130-dan çox ölkəsindən dəstək gəldi. Yalnız Ermənistan bu təşəbbüsün əleyhinə çıxdı. Ona isə əhəmiyyət verən olmadı. Çünki artıq BMT Baş Assambleyasının xüsusi sessiyası öz işinə başlayıb.

Təbii ki, Prezident İlham Əliyevin təşəbbüsünün dünyada geniş əks-səda doğurması həm işğalçı Ermənistanı, həm də anti-Azərbaycan qüvvələri siddi təşvişə salmaya bilməzdi. Ona görə də son ümid yeri kimi, cəbhədə təxribatlar törətmətyə əl atdılar. Məlum olduğu kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Tovuz rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutmuşlar. Təbii ki, güclü və qüdrətli Azərbaycan Ordusu düşmənə layiqli cavab verdi. Artıq 3-cü dəfədir ki, Ermənistan silahlı qüvvələri bizim ordumuz qarşısında zəif və aciz olduğunu təsdiqlədi. 2016-cı ilin Aprel döyüşləri hər birimizin, o cümlədən, işğalçı ölkə rəhbərliyinin yaxşı yadındadır. Ondan sonra Naxçıvanda 11 min hektardan artıq ərazi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi. İyulun 12-də Tovuz rayonunda təxribat törətmək istəyən, Azərbaycan Ordusunu artileriya qurğularından atəşə tutan Ermənistan silahlı qüvvələri 3-cü dəfə ciddi təzyiqlə üzləşdilər və ağır itki verdilər.

Ümumiyyətlə, son vaxtlar Ermənistanın danışıqlardan böyun qaçırmasında və cəbhəboyu ərazilərdə təxribatlar törətməsində, həmçinin işğalçı ölkənin respublikamıza qarşı atdığı növbəti təxribat xarakterli addımların kökündə Paşinyan rejiminin yarıtmaz siyasəti dayanır. Eyni zamanda, COVID-19 pandemiyasının Ermənistanda geniş yayılması ilə son dərəcə kəskinləşmiş sosial-iqtisadi problemlər fonunda regional vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmaq, beləliklə də öz süqutunu mümkün qədər uzaqlaşdırmaq məqsədi durur. Bu həqiqət iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə videokonfrans formatında keçirilmiş Təhlükəsizlik Şurasının iclasında dövlət başçımızın çıxışında da aydın şəkildə özünü büruzə verdi. Ermənistanın bu addımının bütün insanlıq əleyhinə bir qərar olduğunu məharətlə ifşa edən dövlətimizin başçısı bu məsələyə münasibətini bildirərək dedi: “Bu gün dünya gündəliyində birinci yerdə duran COVID – 19 ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsini tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb”.

Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan Prezidentinin ən mötəbər beynəlxalq təşkilatlarda etdiyi çıxışlarında mütəmadi olaraq istər bu gün yaşanan münaqişənin, istərsə də, ümumilikdə, bölgənin tarixi ilə bağlı gətirdiyi konkret fakt və dəlillər, inkarolunmaz əsaslandırmalar, əlbəttə ki, erməni təbliğatını tamamilə alt-üst edir. Məhz, dövlətimizin başçısının səyləri nəticəsində bu gün artıq dünya birliyinə də bəllidir ki, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında, Münxen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Ermənistan silahlı qüvvələrinin Tovuz rayonunun ərazisində törədiyi təxribat isə rəsmi İrəvanın Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur. Beynəlxalq təşkilatlar ikili standartdan əl çəkməli, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə qınamalıdırlar.

Ermənistanın növbəti təxribatı Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb. Hətta, sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar da səslənib. Əlbəttə, bu reaksiya Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin son dərəcə yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir. Şəxsən mən özüm də zərurət yarandığı təqdirdə heç bir tərəddüd etmədən ehtiyatda olan tibb işçisi kimi ordumuzun tərkibində Vətən qarşısında borcumu verməyə hər an hazıram.

Lakin unutmaq lazım deyil ki, biz artıq 1990-cı illərin əvvəllərində deyilik. Bu gün Azərbaycan güclü orduya malikdir. Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən, torpaqlarımızı işğaldan azad etməyə qadirdir və buna hər an hazırdır. Düşünülməmiş addımlar, xaotik təşəbbüslər isə yalnız düşmənlərimizi sevindirə, ölkəmiz və ordumuz barədə müxtəlif uydurmalar yaratmağa yol aça bilər. Biz isə buna yol verməməliyik.

Möhtərəm Prezidentimiz İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışında qeyd olunduğu kimi, dünən və bu gecə düşmənə adekvat cavab verilib. Şəhidlərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən öz yerini göstərəcəyik.

Aqiyə NAXÇIVANLI,
Milli Məclisin deputatı, professor

16 2020 10:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə