Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Düşmən qaniçəndir, dostsa tələskən...

Bu qədər bədxahları, gözügötürməyənləri və hətta, işğalçı düşməni olan gənc müstəqil dövlətdə ordunun hamı tərəfindən dəstəklənməsi ən ali insani hissdir. Etiraf edim ki, xalqın bu keyfiyyətini görəndə ordumuzun uğurlarına sevindiyim qədər fərəhləndim. Necə də sevinməyəsən? Ölkəmizdə mövcud olan “Xalq-iqtidar” birliyi çoxsaylı nailiyyətlərimizin rəhninə çevrildiyi kimi, “Xalq – ordu” birliyinin də torpaqlarımızın işğaldan azad edilməsini tezləşdirəcəyinə hamı kimi mən də inanıram. Burada heç bir ictimai-siyasi məram yoxdur. Bu, sırf vətəndaş mövqeyi, mənəvi borc və sosial anlayış nümunəsidir.

Mənəvi borc demişkən, bu yazıda bəhs edəcəyim ikinci məsələnin də kifayət qədər dərin mənəvi əsası vardır. Keçmiş əyyamlarda övladı ölmüş, ya öldürülmüş ananın həyətində yaşlı-cavan hamı özünü o ananın oğlu kimi göstərməyə, həmin həyətin doğması olduğunu sübut etməyə çalışardı. Bu gün bizim Azərbaycan adlı Anamızın da sərhədlərinə sipər olan ondan çox oğlu... qaniçən, işğalçı, xalqımızın və dövlətimizin sonuna çıxmaq istəyən düşmən tərəfindən öldürülüb və anamız yas içərisindədir. Bizim bir para gənclərimiz isə həmin ananın “həyətinin” lap yuxarı başında hoqqa çıxartdılar, ərköyünlük etdilər, qanunlara qarşı hörmətsizlik, qanunverici orqanın əmlakına qarşı düşməncəsinə davrandılar. Təəssüf ki, həmin başıpozuq adamlar arasında orduya dəstək vermək istəyən çoxminli – sağlam düşüncəli gənclərimiz də olmamış deyildi.

Qərəz, iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır. Xatırladaq ki, bu qəbildən olan çıxışları Bakıdan əvvəl Tovuzda da, Qəbələdə də səsləndirənlər oldu. Ancaq Azərbaycan Ordusunda Ermənistan adlı düşmənə lazımi cavabı vermək üçün kifayət qədər əsgər və zabitin olduğuna görə həmin adamlara hələlik müsbət cavab verilmədi. Buradakı “hələlik” sözü təsadüfi deyil. Silahlı Qüvvələrimizin Ali Baş Komandanının səfərbərlik elan edəcəyi təqdirdə hamımız bir nəfər kimi orduya kömək edəcəyik. Məhz, həmin günləri nəzərə alaraq, Milli Orduya dəstək məqsədilə müxtəlif tədbirlər, aksiyalar keçirilə bilər. Bu, heç zaman qadağan edilməyib.

Ancaq, artıq mətbuatdan məlum olduğu kimi, gecə saatlarında paytaxtımızda qətiyyən müsbət qiymətləndirilə bilməyəcək faktlar baş verdi. Orduya dəstək olmaq istəyənlər üçün yaradılmış şəraitdən sui-istifadə halları müşahidə edildi, prosesə siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərildi. Eyni zamanda, sosial şəbəkələr vasitəsilə həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə yalan məlumatlar yayıldı. Bu, kimin dəst-xətti idi? Bir tərəfdən, pandemiyanın buxovlarını qırmaq əzmində olan, bir tərəfdən havadarlarının əlindəki zəncir boşalan kimi üstümüzə şığıyan düşmənin qarşısını almağa çalışan ölkənin paytaxtında bu oyunların baş tutması kimə sərf edir, kimi sevindirirdi?

Ölkənin sərhədlərində hərbi əməliyyatlar getdiyi bir vaxtda bir qrup şəxsin Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması təkcə vətəndaşlıq mövqeyinə və qanunlara zidd deyil, həm də şəhidlərin ruhuna hörmətsizlik idi.

Yəqin ki, hamının yadındadır. 1990-cı illərin əvvəllərində baş verən gərgin hadisələr, anarxiya, özbaşınalıq və xaos milli dövlətçiliyimizi növbəti dəfə uçuruma aparırdı. Məgər o zaman Azərbaycanı bəlalara düçar etmiş şəxslərin səhvindən dərs ala bilməmişikmi? Fikrimizcə, bəzi siyasi qrupların, şəxslərin bir daha hərc-mərclik yaratmaq, ölkəmizi yenidən o dövrə qaytarmaq cəhdləri ciddi qınanılmalı, cəmiyyətimiz, ziyalılarımız, fəal ictimaiyyət nümayəndələrimiz bu pozucu fəaliyyətə lazımi qiyməti verməlidirlər.

Dünyanın bütün ölkələrindəki və aparıcı beynəlxalq təşkilatlardakı obyektiv düşüncəli ekspert və mütəxəssislər etiraf edirlər ki, Azərbaycan güclü dövlətdir, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi göstərməliyik. Bunun üçünsə, bizə sadəcə birlik lazımdır. Vəssalam!

Odur ki, istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirməliyik. Hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik. O ki qaldı, orduya dəstək məsələsinə, qətiyyətlə deyə bilərik ki, Azərbaycan Ordusu güclüdür, düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. Biz buna 2016-cı ilin Aprel döyüşləri zamanı da şahidlik etmişik.

Sonda həm rəvayətlərdən, həm də yazılı ədəbiyyatdan hamıya məlum olan bir ədəbi nümunəni yada salmaq istərdim. Elçiləri Leylinin atasının yanından əliboş qayıdan Qeysin səhhəti pozulur və tezliklə ona Məcnun deyirlər. Qeysin dostu Nofəl məsələni qılıncın köməyi ilə həll etmək istəyir və Leylinin atasının adamları qırılanda Məcnun da qılınc çəkib Nofəlin əsgərlərini öldürür. Həmin yerdə Nofəlin unudulmaz sualı var: “Biz ölürük sənin üçün, sən qırırsan bizi neyçün?”

Qardaşlar, erməni təxribatı zamanı Vətənimiz, dövlətimiz üçün şəhid olan hərbçilərimiz həm də bizim üçün canlarını fəda etdilər axı. Bəs biz neyləyirik? Məgər biz də Məcnunuq? Yox, qardaşlar. Biz məcnun olsaq da, bu Vətənin, bu yurdun, bu xalqın məcnunu olacağıq. O zaman ermənilər və onların himayədarları da bizim üstümüzə diş qıcartmayacaqlar. O ki qaldı orduya dəstək layihələrinə, kim bu istiqamətdə tutarlı bir addım atsa, mən də yaşlı qələm sahibi kimi həmin adamın köməyində olmağa hazıram. Bu Vətən də hamımızındır, bu ordu da, düşmən təxribatı zamanı şəhid olan qəhrəmanlarımız da, tələskənlik və Don Kixotluq edib dövlət qurumunun inzibati binasına ziyan vuran gənclər də.

İttifaq MİRZƏBƏYLİ, Əməkdar jurnalist

16 2020 09:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə