Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi cənab Yusif bin Əhməd əl-Osayminə

Hörmətli cənab Baş katib!

İslam Əməkdaşlıq Təşkilatının 2020-ci il 14 iyul tarixli bəyanatında Azərbaycan və Ermənistanın dövlət sərhədində baş vermiş hadisələr nəticəsində həlak olan Azərbaycan vətəndaşları ilə bağ­lı göndərdiyiniz başsağlığına və Ermənistanın təcavüzkar siyasətinə verilən obyektiv qiymətə görə Sizə təşəkkür edirəm.

Məlum olduğu kimi, cari ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələri artilleriya qurğularından istifadə edərək atəşkəs rejimini kobud şəkildə poz­muş, qəfil hücum həyata keçirərək hərbçilərimizi, To­vuz rayonunun dinc sakinlərini qətlə yetirmiş və ya­ralamışlar. Ermənistan növbəti günlərdə də atəşkəs rejimini kobud şəkildə pozmuşdur. Azərbaycan Ordusunun əks həmlələri və cavab atəşi nəticəsində təxribatın qarşısı qətiyyətlə alınmış və bundan sonra da alınacaqdır.

Bu hadisələr bir daha Ermənistanın hərbi-siyasi rəhbərliyinin ikiüzlü, ölkənin isə təcavüzkar olduğu­nu nümayiş etdirdi. Bu gün hərbçilərlə yanaşı uşaq, qadın və yaşlı insanların hədəf seçilərək öldürülməsi Xocalı soyqırımını həyata keçirənlərin hələ də hazırkı Ermənistan rəhbərliyində təmsil olunduğunu nümayiş etdirdi.

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayandan bu günədək İslam Əməkdaşlıq Təşkilatı ali və yüksək səviyyələrdə Ermənistanın işğalçı siyasətini, regional sülhə və sabitliyə törətdiyi təhlükəni pisləyən bir çox qətnamələr qəbul etmişdir. Azərbaycanın haqlı mövqeyi İƏT-ə üzv ölkələr tərəfindən hər zaman dəstəklənmişdir.

Münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, İslam Əməkdaşlıq Təşkilatının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütöv­lüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunması ilə bağlı İƏT-in daim ədalətli mövqeyini bir daha alqışlayırıq.

Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 iyul 2020-ci il

16 2020 09:39 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə