Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham ƏLİYEV: Biz bütün imkanlardan istifadə edərək düşmənə yenidən öz yerini göstərəcəyik

Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Bəlkə də Ermənistan dövlətinin indiki hərəkətinə xəyanət demək mümkün deyil. Çünki xəyanət edən tərəf – istər fərd, istər xalq, istərsə də “sivil” dövlət – xəyanətə bir, uzaq başı iki dəfə əl atır və ifşa olunandan sonra daha o yolu tutmur. Dünya erməniliyi isə yarandığı gündən indiyədək xəyanət sözünü urvatsız eləməklə məşğuldur. Yəni bu xalqın terror, təxribat və separatçılıqdan sonra ən geniş fəaliyyəti məhz kiməsə xəyanət planlarının icra olunmasıdır.

Əslində, Azərbaycanın Tovuz rayonunda baş verən bu faktın Dağlıq Qarabağ münaqişəsinə də elə bir aidiyya­tı yoxdur. Çünki ermənilər işğal etdikləri əraziləri əldə saxlamaq üçün, adətən, qoşunların təmas xəttində atəşkəsi tez-tez pozurlar ki, xaricdəki havadarlarının ya­dından çıxmasınlar. İndi isə söhbət təmas xəttindən deyil, Dağlıq Qarabağdan xeyli aralıda, Azərbaycan–Ermənistan sərhədində baş vermiş təxribatdan gedir. Görünür, indiki təxribatın sifarişçisinin başqa planı vardır.

Bu məsələ ilə bağlı hazırladığım sətirləri qələmə alarkən iki məqam yadıma düşdü. Birinci məqam on il qabaq -- 2010-cu ilin may ayında Azərbaycan hökuməti tərəfindən Rabitə və İnfor­masiya Texnologiyaları Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus olan "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi idi. O zaman ağzına-burnuna gücü çatmayan “Milli Şura” rəhbərləri demişdilər ki, Dağlıq Qarabağ münaqişəsi boyda problemi olan ölkənin kosmosda nə işi var, nə üçün həmin sahəyə vəsait xərclənir? İndi zaman həmin kütbeyinlərə başa saldı ki, ərazisinin xeyli hissəsi işğala məruz qalmış Azərbaycanın kosmosda görməli olduğu işlər çoxdur və xain qonşumuzun Tovuzda törətdiyi təxribat zamanı ordu­muzun düşmənə lazımi cavab verməsində və şəhidlərimizin qisasının dərhal alınma­sında kosmosdakı fəaliyyətimizin rolu da az deyil. Yayılan videogörüntülər də bu faktı sübut edir.

Yadıma düşən ikinci məqam isə daha çox əvvəlki illərə – rus-yapon müharibəsi dövrünə aiddir. Yaponiyadan qayıtmış rus kəşfiyyatçısı danışır ki, o ölkənin müharibə tezisi belədir: “Müharibəni ordu və mülki insanlar birlikdə aparırlar”. Yerdən sual yaranır: – Məgər bizdə başqa cürdür?

Yüksək səviyyəli rus zabitlərindən biri deyir: – Bəli. Bizdə müharibəni mülki insanlar və ordu birlikdə aparırlar. Fərq sadəcə “ordu” sözünün birinci və ya ikinci yerdə işlədilməsindən ibarətdir. Mahiyyət isə eynidir.

Əgər xalq dövlətə və dövlət başçı­sına inanırsa, onda istənilən müharibədə ordunun yanında olur. Dünya hərb tarixi mütəxəssislərinin bu maraqlı məntiqinin Azərbaycana tətbiqi barədə danışmağa belə lüzum yoxdur. Çünki həm 2016-cı ilin Aprel döyüşlərində, həm də bir neçə gün əvvəl Tovuzda baş verən təxribat zamanı Azərbaycan vətəndaşları Milli Ordumuzu necə dəstəklədilərsə, onu ölkədə görməyən və qiymətləndirməyən qalmadı.

Təxribatın ertəsi günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şu­rasının iclasında da dünya dövlətlərinin pandemiyaya qarşı apardığı “ölüm-qa­lım” mübarizəsi fonunda Ermənistan rəhbərliyinin atdığı bu çirkin addımlar barədə kifayət qədər danışıldı. Dövlət başçımız xatırlatdı ki, son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olmuşdur.

Prezident növbəti dəfə bəyan etdi ki, bu qanlı toqquşmalara görə bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi daşıyır. Çünki məhz Ermənistan rəhbərliyinin iki­üzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir: “Bir tərəfdən, beynəlxalq ictimaiyyətə müraciət edir və Ermənistan-Azərbaycan qoşunla­rının təmas xəttində atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş edir. Digər tərəfdən, hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyir, mövqelərimizi zəbt etmək istəyir, mülki əhalini, kəndlərimizi atəşə tutur. Bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq”.

Bəli. Bu gün artıq təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində, hamı yaxşı bilir ki, son otuz ildə Qafqazda, bir az da dəqiqləşdirsək, Ermənistanla Azərbaycan arasında baş verən mənfi halların hamısı üçün bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Amma bu məlumatlılığın xeyri nədir? Heç nə. İşğalçı ölkə ildən- ilə, aydan - aya daha da quduzlaşır. Çünki onlar da bilirlər ki, Azərbaycanın artan nüfuzu münaqişənin gec-tez ədalətli şəkildə – yəni ölkəmizin ərazi bütövlü­yünün bərpası şərti ilə həll olunacaq. Ona görə də dövri olaraq “qaşınmayan yerdən qan çıxarmağa” çalışırlar və burunları əzilir.

Dövlət başçımız xatırladır ki, ermənilərin bu siyasətini məntiqlə izah etmək mümkün deyil. Bu siyasət olduqca ziddiyyətlidir və bu siyasət Ermənistan üçün böyük təhlükə mənbəyidir: “Çünki mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qal­ması ilə barışmayacaq, işğalla barışmaya­caq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin”.

Ermənistanda daxili vəziyyətin artıq böhranlı həddə çatmasından, çaxnaş­maların geniş vüsət aldığından danışan dövlət başçımız qətiyyətlə bildirir ki, belə təxribatlar işğalçı ölkənin indiki rəhbərliyinə öz mövqeyini qoruması üçün lazımdır: “Eyni zamanda, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar onları çox narahat edir və onlarda paxıllıq hissini daha da gücləndirib. Xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurubdur”.

Təbii ki, bu qanlı təxribatların, iyrənc addımların digər səbəbləri də var. Məsələn, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğur­lara imza atır. Bizim təşəbbüsümüzlə beynəlxalq təşkilatların zirvə görüşləri keçirilib. Bizim təşəbbüsümüzlə BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib. Prezident xatırla­dır: “Bu gün dünya gündəliyində birinci yerdə duran COVID ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsini tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb”.

Müasir dövrün reallıqları on­dan ibarətdir ki, beynəlxalq arenada Ermənistan, demək olar ki, bütün dayaqlarını itirməkdədir. Daxili vəziyyət kifayət qədər gərgindir. Vəd olunan “çiçəklənmə” artıq hər kəs tərəfindən başa düşülür ki, bu, xülyadır, yalandır.

Bütün bunlar günümüzün reallıqla­rıdır. Həmin reallıqlardan biri də odur ki, hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq.

 

İttifaq MİRZƏBƏYLİ,“Xalq qəzeti”

15 2020 06:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə