Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistanın cəzasızlığı onu növbəti hərbi avantüralara və təxribatlara sövq edir

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan- Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı Azərbaycan Preziden­tinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iyulun 13-də “TRT World” kanalına müsahibə verib.

AZƏRTAC xəbər verir ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin sərhəddə artilleriyadan istifadə etməklə növbəti təxribat törətdiyini bildirən Hikmət Hacıyev Azərbaycan Silah­lı Qüvvələrinin sərhəddə yerləşən hərbi hissələrinin hədəf alındığını, 4 azərbaycanlı zabit və əsgərin öldürüldüyünü və 5 nəfərin isə ya­ralandığını diqqətə çatdırıb. Bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğu və Ermənistan hökumətinin buna görə bir­başa məsuliyyət daşıdığı qeyd olunub.

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təxribatının qarşısını almaq üçün əks tədbirlər görməyə məcbur olduğunu qeyd edən Hikmət Hacıyev məlum hadisəni təcavüz, gücdən istifadə və Ermənistan silah­lı qüvvələrinin məqsədyönlü hərbi təxribatı kimi xarakterizə edib.

Danışıqlar prosesinə toxunan H.Hacıyev Ermənistanın cəzasızlığının onu növbəti hərbi avantüralara və təxribatlara sövq etdiyini xüsusilə vurğulayıb. Beynəlxalq ictamaiyyətin, ələlxüsus ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini daha da artırmalı olduğunu bildirən H.Hacıyev Ermənistanın regionda iki ölkənin sərhədində daha bir münaqişə oca­ğı yaratmağa çalışdığını söyləyib və bunu artıq həssas olan regio­nal sülhü və təhlükəsizliyi təhdid etmək istiqamətində Ermənistanın məsuliyyətsiz fəaliyyəti kimi qiymətləndirib. Azərbaycana qar­şı təcavüzkar fəaliyyətə görə məsuliyyət daşıyan Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməkdən imtina etdiyi və azərbaycanlı məcburi köçkünlərin doğ­ma yurd-yuvalarına qayıda bilmədikləri təəsüflə qeyd olunub.

Prezidentin köməkçisi beynəlxalq ictimaiyyəti xüsusilə COVID-19 dövründə Ermənistanın hərəkətlərini ciddi şəkildə qınamağa çağırıb. Habelə məlum təxribatı Ermənistan hökumətinin daxili sosial-iqtisadi problemlərdən diqqəti yayındırmaq cəhdi kimi dəyərləndirib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının Prezi­dentinin çıxışına toxunan H.Hacıyev həmsədrlərdən təkcə tərəflər arasında məlumat mübadiləsi aparmaqla məşğul olmamalarını bildirərək onlardan danışıqlar prosesinin əsas fundamen­tal əsaslarının icrasının gözlənildiyini qeyd edib. Eyni zamanda, Prezidentin köməkçisi münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini diqqətə çatdırıb.

Görüş xatirinə görüşün keçirilməsinin qəbuledilməz oldu­ğunu söyləyən Hikmət Hacıyev bunun Ermənistan üçün işğalı da­vam etdirmək üçün görüntü oldu­ğunu xüsusilə vurğulayıb. Habelə Azərbaycanın gözləntilərinin, ilk növbədə, həmsədr ölkələrin və beynəlxalq ictimaiyyətin tədbirlər görməli olduğu bildirilib.

15 2020 06:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə