Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azad medianı inkişaf etdirmək PRİORİTET İSTİQAMƏTDİR

Əsası böyük ziyalı Həsən bəy Zərdabi tərəfindən qoyulan milli mətbuatımız mürəkkəb təkamül yolu keçərək indiki inkişaf səviyyəsinə çatıb. Azərbaycan mətbuatı fəaliyyəti dövründə hər zaman ölkədə gedən mühüm ictimai-siyasi, iqtisadi və mədəni proseslərlə sıx şəkildə bağlı olub. Ötən əsrin sonlarında dövlət müstəqilliyinin bərpasından sonra həyatın bir çox səhələrində, eləcə də mətbuatın inkişafında dönüş yarandı. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə respublikada plüralizm və söz azadlığını təmin etmək üçün mühüm tədbirlər həyata keçirildi. Azərbaycan mətbuatının sürətli tərəqqisi ölkəmizdə dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasını şərtləndirdi.

Hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti qurmaq istiqamətində irəliləyən respub­likamızda 5000-dən çox qəzet, jurnal, informasiya agentliyi və teleradio şirkətləri qeydiyyata alındı. Bununla bərabər, söz və mətbuat azadlığının qanunveri­cilik bazası möhkəmləndirildi, bu sahədə demokratikləşdirmə diqqət mərkəzində saxlanıldı, mətbuat üzərindən dövlət nəzarəti rəsmi şəkildə aradan qaldırıldı.

Yeri gəlmişkən, burada bir mühüm məqamı da xatırlatmaq istərdim. Bu dövrdə Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün idarəçilik sisteminin təkmilləşdirilməsi önə çəkildi. Mətbuat və İnformasiya Nazirliyi ləğv edil­di, kütləvi informasiya vasitələrinin yaranması və fəaliyyətinin hüquqi əsaslarının möhkəmləndirilməsi məqsədilə Mətbuat və Teleradio şuraları yaradıldı. Bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borc­ları donduruldu, sonradan isə ləğv edildi.

Onu da deyim ki, dahi öndərin mətbuata yüksək diqqət və qayğı­sı jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Ümummilli lider 2002- ci il martın 22-də “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” müka­fatına layiq görüldü.

Prezident İlham Əliyev res­publikaya rəhbərlik etdiyi son 17 il ərzində isə ölkəmizdə KİV-in sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə xüsu­si diqqət yetirib. Möhtərəm dövlət başçımız milli mətbuatın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanılmaqla, xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inki­şaf etməsinə həssaslıqla yanaşıb, eyni zamanda, jurnalistlər üçün lazımi sosial şəraitin yaradılması, mətbuatın maddi-texniki bazası­nı möhkəmləndirilməsi məqsədilə mühüm addımlar atıb. Ölkə rəhbəri müxtəlif vaxtlarda mətbuat işçilərinə fəxri adların verilməsi, peşəkar mətbuat işçilərinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi, KİV-ə maliyyə yardımı göstərilməsi ilə bağlı müvafiq sərəncamlar imzalayıb.

Dövlət başçısının hərtərəfli qayğı­sı nəticəsində Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası əsasında mühüm layihələr gerçəkləşdirilir. Bu gün Azərbaycanda bütün azadlıqlar, o cümlədən, mətbuat, söz və fikir azad­lıqları tam təmin edilir. Respublikada genişzolaqlı internet sərbəst şəkildə fəaliyyət göstərir. Ölkəmizdə KİV nümayəndələrinin rahat və təhlükəsiz fəaliyyət göstərmələri üçün bütün şərait var.

Son illərdə isə jurnalistlərin sosial məsələlərinin həlli istiqamətində mühüm layihələr uğurla reallaş­dırılır, dövlət tərəfindən pulsuz olaraq yaşayış binaları inşa olu­nur və onlara verilir. Bu isə bir daha göstərir ki, ölkəmizdə KİV nümayəndələrinin yüksək səviyyədə fəaliyyət göstərmələri, azad mətbuatın təmin edilməsi ilə yanaşı, dövlətimiz jurnalistlərin mənzil-məişət məsələlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına da xüsusi diqqətlə yanaşır. Ən əsası isə odur ki, bu tədbirlər ardıcıl xarakter daşıyır.

Prezident İlham Əliyevin milli mətbuatımızın 145 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamda vurğulanır ki, hazırda həyata keçirilən sistemli islahatlar, şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innova­siyaların tətbiqi, idarəetmə sahəsində baş verən keyfiyyət dəyişiklikləri, ictimai nəzarət və siyasi dialoq mühiti­nin genişləndirilməsi dinamik inkişaf edən Azərbaycanda müasir dövlət quruculuğunun başlıca istiqamətlərini təşkil edir.

Prezident sərəncamında me­diamızın qarşısında duran tarixi vəzifələrə də toxunulub: “Kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasi­ya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal infor­masiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaş­malı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Modernləşmə, rasio­nallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, apa­rıcı trendlərin izlənilməsi medianın inkişafını şərtləndirən başlıca amillər olmalıdır”.

Sonda fürsətdən istifadə edərək, milli mətbuatımızın növbəti yubileyinin ümummilli səviyyədə qeyd edilməsini reallaşdıran sərəncam imzalama­sına görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Azərbaycan dövlətçiliyinin qorunmasında, təbliğində və inki­şafında fəaliyyət göstərən bütün həmkarlarımızı milli mətbuatımızın 145-ci ildönümü münasibəti ilə təbrik edir, fəaliyyətlərində davamlı uğurlar arzulayıram.

Həmid VƏLİYEV,
BDU-nun Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor

15 2020 06:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə