Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İsraildə Azərbaycan evi”: Biz, əslən Azərbaycandan olan yəhudilər müqəddəs işə – işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsinə gücümüz çatan dərəcədə töhfə verməyə hazırıq

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, hərbi insident Ermənistan silahlı qüvvələri bölmələrinin hərbi əməliyyatları nəticəsində baş verib. Onlar Azərbaycan- Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycan ordusunun mövqelərini ələ keçirmək məqsədilə artilleriyadan istifadə etməklə hücuma keçməyə cəhd göstəriblər.

Bütün dünya birliyi tüğyan edən COVID-19 pandemiyasına qarşı mübarizə apardığı, dünyada bu dəhşətli virusla mübarizənin məqbul imkanları axtarıldığı, bu dəhşətli xəstəlikdən hər gün yüzlərlə insanın öldüyü bir vaxtda Ermənistan silahlı qüvvələri Azərbaycan Respublikası­nın sərhədinin Tovuz istiqamətində həyasızcasına qanlı provokasiya törədiblər. Tamamilə aşkardır ki, Paşinyan rejiminin bu əməlləri Ermənistanda COVID-19 pandemi­yasının nəticələrinə nəzarəti itirmiş Paşinyan hökumətinin tamamilə məsuliyyətsiz, xaotik fəaliyyətindən bezmiş Ermənistan vətəndaşlarının diqqətini yayındırmaq cəhdidir.

AZƏRTAC xəbər verir ki, “İsraildə Azərbaycan evi” İdarə Heyətinin üzvləri və rəhbərləri, həmçinin İsraildə əslən Azərbaycandan olanların diaspo­runun əlaqələndirmə şurasının üzvləri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş son hadisələrlə əlaqədar belə bir bəyanatla çıxış ediblər.

Bəyanatda deyilir: “Biz, İsraildə Azərbaycan evi” İdarə Heyətinin üzvləri və rəhbərləri, həmçinin İsraildə əslən Azərbaycandan olanların di­asporunun əlaqələndirmə şurasının üzvləri Ermənistanın işğalçı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törədilmiş həyasızcasına provoka­siyanı pisləyir, rəsmən və qətiyyətlə etirazımızı bildiririk. Azərbaycan silahlı qüvvələrinin sərt əks-hücumu nəticəsində erməni işğalçılar geri otur­dulub və böyük itkilər veriblər.

Biz, İsraildə əslən Azərbaycandan olanların 80 minlik diasporunun – dağ yəhudiləri icmasının, Avropa aşkenazilər icmasının üzvləri və İsrail sakinləri olan etnik azərbaycanlılar erməni işğalçı qoşunlarının Azərbaycan sərhədinin Tovuz istiqamətində və işğal edilmiş bütün Dağlıq Qarabağda törətdikləri əməllər barədə xəbərləri böyük həyəcan və gərginliklə izləyirik”.

“İsraildə Azərbaycan evi”nin rəhbərliyi və İsraildə əslən Azərbaycandan olanların diasporu­nun əlaqələndirmə şurasının üzvləri Ermənistan Respublikasından birmənalı və dəqiq olaraq bütün qızışdı­rıcı hərəkətləri dərhal dayandırmasını, danışıqlar masası arxasına keçməyi və Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağın və ona bitişik yeddi Azərbaycan rayonunun dərhal və qeyd-şərtsiz qaytarılması haqqında danışıqlara başlamağı tələb edirlər.

“İsraildə Azərbaycan evi”nin rəhbərliyi və İsraildə əslən Azərbaycandan olanların diasporunun əlaqələndirmə şurasının üzvlərinin bəyanatında deyilir: “Biz, əslən Azərbaycandan olan yəhudilər Dağlıq Qarabağın problemləri ilə yaxşı tanışıq və hələ XX əsrin uzaq 90-cı illərində şahid olmuşuq ki, daşnak qruplaşmalar SSRİ-nin dağıldığı dövrdə yaranmış qarışıqlıqdan, Azərbaycanda siya­si hakimiyyət vakxanaliyası zamanı hələ formalaşmış Azərbaycan ordu­sunun olmadığı, onlar üçün münasib məqamdan istifadə edərək bütün dünyadan – Livandan, Suriyadan, Fransadan başkəsən erməni silahlıları­nı toplayaraq Azərbaycan torpaqlarını həyasızcasına işğal edirdilər.

Erməni təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilib, 1 milyondan çox azərbaycanlı öz əzəli torpaqlarından qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşüblər. 1992-ci ilin fevralında Ermənistan Azərbaycanın Xocalı şəhərində silahsız və heç bir təqsiri olmayan dinc azərbaycanlı sakinlərə qarşı qanlı soyqırımı aktı və dəhşətli kütləvi qırğın törədib”.

“İsraildə Azərbaycan evi”nin rəhbərliyi və İsraildə əslən Azərbaycandan olanların diasporunun əlaqələndirmə şurasının üzvlərinin fikrincə, indiki Azərbaycan ordusu ən qüdrətli, ən müasir texnika və silahlar, ən yüksək döyüş ha­zırlığı, şəxsi heyətin intizamı və döyüş ruhu deməkdir. Bəyanatda deyilir: “Bu gün Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqaz­da ən güclü ordu, yüksək döyüş qabiliyyətli və öz ölkəsini müdafiə etmək üçün ən qabaqcıl silahlar­la təchiz olunmuş effektiv silahlı qüvvələr deməkdir. Bu silahlı qüvvələr hər bir təcavüzkara layiqli cavab verməyə hazırdır. Hamı çox gözəl başa düşür ki, üçün­cü ölkənin dəstəyi olmasaydı, yoxsul, dilənçi vəziyyətində olan Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edə bilməzdi.

Azərbaycanın səbri çoxdan tükənib. Rəsmi Bakı dəfələrlə bəyan edib və Ermənistana xəbərdarlıq edib ki, Azərbaycan mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq”.

“İsraildə Azərbaycan evi”nin rəhbərliyi və İsraildə əslən Azərbaycandan olanların diasporunun əlaqələndirmə şurasının üzvlərinin bəyanatının sonunda deyilir: “Biz, “İsraildə Azərbaycan evi”nin rəhbərliyi və İsraildə əslən Azərbaycandan olanların diasporunun əlaqələndirmə şurasının üzvləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin fəaliyyətini tamamilə dəstəklədiyimizi bildiririk. Tovuzda baş vermiş son hadisələr bir daha göstərdi ki, Azərbaycan silahlı qüvvələri ermənilərin hər hansı provo­kasiyasının qarşısını almağa hazırdır, Azərbaycan torpaqlarının hər qarışını müdafiə etməyə tam hazırdır.

Biz, əslən Azərbaycandan olan İsrail sakinləri Azərbaycan Ordusunun uğurlarına və qəhrəmanlığına görə fəxr edirik. Bu gün bizim diasporun artıq İsraildə tərbiyə almış, Vətən naminə, Azərbaycan naminə fədakarlıq və qəhrəmanlıq nümayiş etdirməyə hazır olan yeni gənc nəsli var və biz hamımız - əslən Azərbaycandan olan yəhudilər 28 ildən artıq erməni işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi kimi müqəddəs işə gücümüz çatan dərəcədə töhfə verməyə hazırıq.

Yaşasın qəhrəman Azərbaycan Ordusu!”.

15 2020 06:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə