Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Silahlı Qüvvələrinin gücünə şübhə yoxdur

Azərbaycan-Ermənistan sərhədində uzun fasilədən sonra yenidən atəş və minomyot mərmilərinin partlayışı eşidilir. Rusiya Dövlət Dumasının deputatı, Rusiya– Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Azərbaycan-Ermənistan münasibətlərinin sabitliyinin növbəti dəfə pozulmasının kimdən ötrü sərfəli ola bilməsi barədə öz mülahizələrini bölüşüb.

– Dmitri İvanoviç, son günlərdə Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələri siz necə qiymətləndirirsiniz?

– Aşkardır ki, baş verən hadisələrin təqsirkarı heç də Azərbaycan deyil. Azərbaycanın Ermənistanı nəyəsə təhrik etməyə ehtiyacı yox idi, suveren dövlətin ərazi bütövlüyünə qəsb edən Azərbaycan olmayıb, başqa ölkənin ərazisinin 20 faizini də o işğal etməyib. Azərbaycan öz qarşısına yalnız öz dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi vəzifəsini qoyur.

Qarabağ münaqişəsində beynəlxalq hüquq tamamilə Azərbaycanın tərəfindədir. Buna görə də Bakının öz əsas məqsədinə çatması – respublikanın müəyyən olunmuş sərhədləri daxilində onun ərazi bütövlüyünün bərpa edilməsinə nail olmaq üçün provoka­siyaya ehtiyacı yoxdur. Azərbaycan Silahlı Qüvvələrinin gücünə şübhə yoxdur: bu yaxın­larda, mayın axırlarında keçirilmiş manevrlərdə təqribən 10 min hərbi qulluqçu, 120 tank və zirehli texnika, habelə 30 vahid ordu və cəbhə aviasiyası cəlb edilmişdi. Buna baxmaya­raq, Azərbaycan rəhbərliyi 30 ilə yaxındır ki, sülh yolunun tərəfdarıdır, yalnız öz ünvanına provokasiyalara adekvat cavab verməklə kifayətlənir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağ münaqişəsi yalnız dinc yolla - Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

– Sizin fikrinizcə, Azərbaycan erməni tərəfinin provokasiyasına nə dərəcədə layiqincə cavab verib?

– Azərbaycan Ordusu provokasiyaya qarşı sərt cavab tədbirləri görüb. Hesab edirəm ki, erməni tərəfin “köpünü yatırmaq” üçün bu cür cavab tamamilə kifayətdir. Əlbəttə, çox kədərli haldır ki, artilleriya atəşi və bunun ardınca hərbi əməliyyatlar nəticəsində Azərbaycanın bir neçə hərbi qulluqçusu həlak olub və yaralanıb. Çox əlamətdar haldır ki, Ağdam kəndinin administrasiyasının və KİV-lərin ver­diyi məlumata görə, bu kəndin kişiləri döyüş səslərini eşidəndə hərbçilərə öz köməyini təklif etmək üçün sərhədə tərəf yola düşməyə hazır­laşıblar.

– Ermənistan bu hərəkətləri ilə hansı məqsədlər güdə bilər?

– İstisna edilmir ki, Ermənistan rəhbərliyi provokasiyanın köməyi ilə ölkə daxilində sosial-iqtisadi vəziyyətdən diqqəti yayındırma­ğa çalışır. Bu gün Ermənistanda koronavirus pandemiyası tüğyan edir: 600-ə yaxın adam ölüb, 32 minə yaxın COVID-19-a yoluxma faktı qeydə alınıb. Nəticədə vətəndaşların yerdəyişmə imkanları məhdudlaşır, onlar işsiz qalırlar, çünki ölkədə iqtisadi fəallıq donduru­lub. Sosial problemlər ölkədəki siyasi böhrana əlavə olunur, bu isə ümumi vəziyyəti olduqca kəskinləşdirir.

Yerevanın bu cür addımları onun Dağlıq Qarabağda münaqişəni sülh danışıqları yolu ilə nizamlamaq arzusu olmamasını göstərir, buna görə də məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Dağlıq Qaraba­ğın erməni icmasının təyini-müqəddəratının vacibliyindən danışmağa başlayıb.

– Siz necə hesab edirsiniz, sərhəd insi­denti Azərbaycan ilə Ermənistan arasında hərbi əməliyyatlar dərəcəsinə çata bilərmi?

– Güman edirəm ki, Cənubi Qafqazda gərginliyin növbəti dəfə genişlənməsini nə bu ölkələr istəyir, nə ATƏT-in Minsk qrupu, nə də dünya birliyi. Lakin vəziyyətin sabitləşməsi üçün Ermənistan bu təhlükəli provokasiya tak­tikasından əl çəkməlidir. Mənim fikrimcə, dünya birliyi heç şübhəsiz, beynəlxalq hüququ əsas götürərək bu təcavüz faktını pisləyəcək, çünki o, Qarabağ probleminin dinc danışıqlar yolu ilə həll edilməsinin və Azərbaycanın ərazi bütövlü­yünün qorunub saxlanmasının tərəfdarıdır.

Şəxsən mən əminəm ki, belə adlandırılan “Kazan formulu”nun reallaşdırılması danışıq­ların mərhələli şəkildə irəliləməsinin yeganə düzgün üsuludur: Ermənistan Azərbaycanın işğal edilmiş rayonlarını ona verir, cavabında Azərbaycan Ermənistanın iqtisadi blokadasını götürür, qaçqınlar Dağlıq Qarabağa qayıdır, bundan sonra mübahisəli ərazinin statusu barədə referendum keçirilir. Bu, ən ağlabatan və hüquqi yoldur, məhz bu yol seçilməlidir.

Sərhəddə baş vermiş insidentə mənim münasibətimə gəldikdə isə, mən Rusiyaya dost Azərbaycanın mövqeyinə bütünlüklə şərikəm, həlak olmuş azərbaycanlı döyüşçülərin ailələrinə dərin hüznlə başsağlığı verirəm və çox ümid edirəm ki, münaqişənin gedişində yaralananlar tezliklə sağalacaqlar.

Fəridə ABDULLAYEVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

15 2020 06:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə