Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və Böyük Britaniya parlamentlərarası işçi qruplarının virtual iclasında Ermənistanın təxribatçı əməlləri pislənilib

Azərbaycan və Böyük Britaniya parlamentlərarası işçi qruplarının virtual iclası keçirilmişdir. İclasda Azərbaycan Parlamentində Böyük Britaniya ilə dostluq qrupunun sədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev, Azərbaycan Respublikasının Birləşmiş Krallıqdakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə, Britaniya Parlamentində Azərbaycan üzrə işçi qrupun sədri, deputat Bob Bləkmən və qrupun Böyük Britaniyadan olan digər üzvləri iştirak etmişlər.

Görüş zamanı son iki gün ərzində Ermənistan tərəfindən Azərbaycanla sərhəddə törədilmiş təxribatlar haqqında britaniyalı deputatlara ətraflı məlumat verilmişdir Ermənistanın sülh danışıqlarını pozmaq üçün növbəti dəfə təxribat törətdiyi diqqətə çatdırılmışdır. Cənab Bləkmən Ermənistanın əməllərinin yolverilməz olduğunu söyləmiş və Azərbaycan xalqı ilə həmrəy olduq­larını qeyd etmişdir. Görüşdə iştirak edən digər deputatlar cənab Lord Evans, xanım Katerin Vest və başqaları Ermənistanın məhz indi – pandemi­ya dövründə təxribat törətməsinin səbəbləri, qon­şu dövlətlərin, eləcə də beynəlxalq qurumların baş verən hadisələrə münasibəti, Azərbaycanda pandemiya ilə bağlı aparılan işlər və cari vəziyyət haqqında suallar vermişlər.

Cavanşir Feyziyev britaniyalı həmkarlarına bildirib ki, sülh danışıqlarının gedişatında Ermənistanın bu cür təxribatçı addımlar atması birinci dəfə deyil. Münaqişənin sülh yolu ilə həlli üçün bütün prinsiplər ortada olsa da, Ermənistan hər dəfə danışıqlar prosesinə bənzər şəkildə zərbə vurur və danışıqlar prosesini pozur, beləliklə də mövcud status-kvonun mümkün qədər uzadıl­masına və işğal olunmuş ərazilərin qeyri-qanuni məskunlaşdırılmasına çalışır. Deputat qeyd edib ki, erməni hərbi birləşmələri bir qayda olaraq sərhəd boyu kəndlərimizdə yaşayan mülki əhalini hədəfə alırlar. Hazırda Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Ermənistanla sərhəddə yerləşən hissələri düşmənin mülki əhaliyə hü­cumlarının qarşısını almaqla məşğuldur.

Birləşmiş Krallıqdakı fövqəladə və səlahiyyətli səfir Tahir Tağızadə Ermənistan tərəfindən son iki gündə Tovuz rayonunda törədilən təxribat və Azərbaycanın cavab addımları ilə bağlı ətraflı məlumat verərək vəziyyətin gərgin olaraq qaldığını və buna görə bütün məsuliyyətin Ermənistanın üzərində olduğunu bildirmişdir. Səfir artıq Azərbaycan daxilində və beynəlxalq ictimaiyyət tərəfindən reaksiyaların başladığını nəzərə çatdıraraq mövcud vəziyyətin müharibəyə çevrilmə ehtimalının mümkünlüyünü də ifadə etmişdir. Səfir Azərbaycan Prezidentinə istinad edərək qeyd etmişdir ki, Azərbaycan mümkün olduğu qədər Ermənistanın təxribatlarına getməməyə və regionda sülhü qoruyub saxlamağa çalışsa da, Ermənistanın bu cür destruktiv addımları nəticəsində əhalinin baş verənlərə münasibətdə emosiyalarını nəzarətdə saxlamaq getdikcə çətinləşir.

Görüş zamanı ölkəmizdə aparılan islahatlar, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdı­rılması üçün hökumət tərəfindən atılan addımlar, pandemiyaya qarşı mübarizədə Azərbaycan tərəfindən irəli sürülən beynəlxalq əməkdaşlıq təşəbbüsləri haqqında geniş fikir mübadiləsi aparılmışdır.

Böyük Britaniyanın Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə beynəlxalq hüquqa əsaslanan mövqeyi deputatımız və səfirimiz tərəfindən yüksək qiymətləndirilmiş və Britani­yanın regionda sülhə dəstək vermək üçün atdığı addımların bundan sonra da davam etdirilməsinin zəruriliyi vurğulanmışdır.

Görüşün sonunda Britaniya Parlamentində Azərbaycan üzrə işçi qrupu üzvlərinin Azərbaycana səfər etmək imkanları müzakirə edilmiş və pandemiya ilə bağlı vəziyyətin normallaşacağı təqdirdə britaniyalı deputatların ölkəmizə səfərinin təşkil edilə biləcəyi qərara alınmışdır.

İşçi qrupun növbəti video-görüşünün sentyabr ayında keçirilməsi tərəflər arasında razılaşdırıl­mışdır. Onu da xatırladaq ki, arlamentlərarası işçi qrupun Britaniya parlamentində 50-dən çox üzvü var. Həmin deputatların yarısından çoxu hakim Mühafizəkarlar Partiyasını, bir hissəsi Leyboristlər Partiyasını və digər parti­yaları təmsil edir. Böyük Britaniya-Azərbaycan parlamentlərarası işçi qrupu Britaniya Parlamentində ən çox üzvə malik qruplardan biridir.

Namiq QƏDIMOĞLU, “Xalq qəzeti”

15 2020 05:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə