Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pandemiya ilə mübarizə o zaman uğurlu nəticə verir ki...

Hazırda bütün dünyanın COVID-19 pandemiyası ilə, sözün əsl mənasında, vuruşduğu bir zamanda bu qlobal təhlükə ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin möhkəmlənməsi məqsəd kimi ön plana çıxır. Bu mövzunun BMT-nin Baş Assambleyasının xüsusi sessi­yasında müzakirəyə çıxarılması isə dünyada cərəyan edən böhranın nəticələrinin aradan qaldırılmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, dünya əhalisinin sağlamlı­ğının qorunmasına xidmət edəcək.

Pandemiya başlayandan və bir sıra ölkələrdə pik həddə çatdıqdan sonra qaydalara, tələblərə riayət edilməsi nəticəsində virusa yoluxmanın azalma­sı, karantin tədbirlərinin yumşalmasına şərait yaratsa da, virusa yoluxma bir çox ölkələrdə yenidən alovlanmağa başlamışdır.

Ölkəmizdə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi komp­leks tədbirlər hesabına COVID-19-la mübarizədə uğurlar əldə edilmişdir. Eyni zamanda, ölkə başçısı bir sıra qlobal təşəbbüslərlə çıxış etmiş, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 10 milyon dollar məbləğində iki dəfə yardım göstərmiş, dünyanın 30-dan çox ölkəsinə maliyyə vəsaiti, müxtəlif tipli ləvazimatlar və digər zəruri yardımlar göndərmişdir. Fərəhləndirici haldır ki, öz fəaliyyətini ÜST-nın tövsiyyələri əsasında qu­ran Azərbaycan hökumətinə görülən işlərə görə elə pandemiyanın ilk günlərindən yüksək qiymət verilmişdir. ÜST Azərbaycanda fəal iş aparmaqla yanaşı, həm də beynəlxalq səviyyədə Azərbaycanının təşəbbüslərini dəstəkləyir. Təsadüfi deyil ki, ÜST Azərbaycanın təşəbbüskarı olduğu zirvə görüşlərində iştirak edir və bu görüşlərdə ölkəmizin fəaliyyətinə yüksək dəyər verir.

Qeyd etməliyik ki, pandemi­ya başlayandan bu günədək Prezi­dent İlham Əliyevin virusa qarşı mübarizə tədbirlərinə şəxsən nəzarəti, vətəndaşların sağlamlığına diqqəti və qayğısı bütün ölkələr üçün nümunədir. Səhiyyəsi yüksək inkişaf edən Avropa ölkələrinə nisbətən bizdə indiyədək yoluxma və ölüm sayının az olmasının əsas səbəbi, məhz, dövlət tərəfindən gərəkən tədbirlərin vaxtında həyata keçirilməsidir. Azərbaycanda pan­demiya ilə mübarizə sistemi dünya­da effektivliyinə görə ilk sıralarda dayanır. Çünki ölkəmiz ÜST tərəfindən müəyyənləşdirilmiş prinsiplər əsasında pandemiya ilə mübarizə aparır.

Azərbaycan Prezidentinin pan­demiyaya qarşı mübarizəyə verdiyi böyük diqqətin nəticəsidir ki, məhz, onun göstərişinə uyğun olaraq yeni növ koronavirusla mübarizə sahəsində çalı­şan bir qrup xarici mütəxəssis hazırda ölkəmizə səfər ediblər. COVID –19 infeksiyasının geniş yayılmasının qarşı­sının alınması istiqamətindəki tədbirlər çərçivəsində ötən həftə Rusiya və Türkiyədən gələn infeksion xəstəliklər üzrə mütəxəssislər, reanimotoloq və pulmonoloqların ölkəmizə gəlməkdə məqsədi operativ qərargahın tibbi heyəti ilə görüşlər keçirmək, pandemi­yaya qarşı görülən tədbirlər sahəsində təcrübə mübadiləsi aparmaqdır. Operativ qərargahın məlumatına görə, Türkiyə Respublikasının Səhiyyə Nazir­liyinin COVID–19 üzrə elmi heyətinin üzvləri, eləcə də Rusiya və Türkiyədən olan yüksək ixtisaslı həkimlər ha­zırda xüsusi rejimli xəstəxanalarda xəstəliyin qarşısının alınması üçün yerli mütəxəssislərlə birgə müalicə və profi-laktika sahəsində çalışırlar.

Rusiyalı həkim-pulmonoloq Aleksandr Averyanov Azərbaycanda səhiyyə sistemi və mütəxəssislərin hazırlığı ilə tanışlığın onda xoş təəssürat yaratdığını bildirib. Bir neçə adi klinikada olan həkim qeyd edib ki, xəstəxanaların reanimasiya şöbələrinin təchizatı tərifəlayiqdir. A.Averyanov deyib ki, klinikalardan birində oksi­geni 60 litrə qədər tənzimləyə bilən qurğuya ehtiyac olduğunu bildirdik. “Bu qurğu ilə xəstənin ciyərlərinin süni ventilyasiya edilməsindən qaçmaq olar. Bu gün isə ağır bir xəstənin müayinəsi üçün həmin xəstəxanaya geri döndük və yüksək göstəricili oksigen qurğusu artıq var idi”. Həkim eyni operativliyin dərmanlara da aid olduğunu deyib. Bildirib ki, Rusiyada koronavirusun müalicəsi üçün favipiravir preparatı­nın istehsalı başlansa da, bizə o, hələ çatmayıb. Amma burada Saransk istehsalı olan o dərmanı gözümüzlə gördük. “Azərbaycanda bu dərman var, amma Moskvada, öz klinikamız­da, nümayəndə heyətimizin üzvlərinin təmsil etdiyi digər klinikalarda isə yoxdur. ... Avropada bu preparat hələ də yoxdur”.

Rusiyalı baş infeksionist Vladimir Nikiforov koronavirus infeksiyası ilə mübarizədə təcrübə mübadiləsi ilə bağlı Rusiyaya, xüsusən də Federal Tibbi- Bioloji Agentliyə müraciət etdikləri üçün Azərbaycan rəhbərliyinə və Heydər Əliyev Fonduna təşəkkürünü bildirib. Qeyd edib ki, Azərbaycan kifayət qədər inkişaf etmiş ölkə oldu­ğundan, artıq koronavirusun müalicəsi ilə bağlı böyük təcrübə yaranıb. Azərbaycanlı həkimlərin təcrübəsi ilə tanış olmağa gəldiklərini qeyd edən infeksionist məmnunluqla bildirib ki, bu həkimlər təkcə koronavirus infek­siyasının müalicəsində deyil, həm də digər sahələr üzrə çox inkişaf ediblər. Onun sözlərinə görə, bu cür mürəkkəb fors-major vəziyyətində, infeksiya ilə mübarizənin altı ayı ərzində həm Rusiyada, həm də Azərbaycanda bu işə cərrahlar, ginekoloqlar, eləcə də digər sahədən olan həkimlər qoşulub.

Prezidentin göstərişinə uyğun ola­raq, iyulun 13-də ölkəmizə koronavirus infeksiyasına qarşı mübarizə aparmaq üçün 115 mütəxəssisdən ibarət yeni həkim dəstəsi gətirilmişdir. Kubadan gələn peşəkar həkimlər yerli həkimlərlə birgə pandemiyaya qarşı mübarizə tədbirlərində iştirak edəcəklər.

Təcrübələr onu göstərir ki, pan­demiya ilə mübarizə o zaman uğurlu nəticə verir ki, dövlət tərəfindən görülən işlər, müəyyənləşdirilən qaydalar cəmiyyət tərəfindən də ciddi şəkildə icra olunur. Eyni zamanda, onu da diqqətə çatdırmaq yerinə düşər ki, koronavirusa qarşı bu mübarizədə ən böyük yük həkimlərin üzərinə düşür. Operativ qərargahın iyulun 13-ə olan məlumatına görə, 24 min 500 yoluxanın 15 min 640 nəfərinin sağalaraq evlərinə dönməsi məhz fədakar həkimlərimizin yorulmaq bilmədən çalışmaq əzminin nəticəsidir. Neçə vaxtdır ki, yoluxan­ların sayı 500-dən aşağı düşmür. Qeyd etmək lazımdır ki, həftə sonları sərt karantin rejiminin tətbiqi öz bəhrəsini verdi. Sevindirici haldır ki, iyulun 13- nə olan məlumata görə sağalanların sayı nəhayət ki, yoluxanların (529) sayını üstələmiş, 547 nəfər sağalaraq evə yola salınmışdır. Ölkədə indiyədək 576 min 249 test yoxlaması aparılmış, 313 nəfər vəfat etmişdir. Bu mübarizədə həkimlər canlarını riskə ataraq xəstələri həyata qaytarmaq üçün gecə-gündüz xidmət göstərirlər. Bu yolda həyatlarını itirənlər də olub, müalicəyə cəlb olunanlar da. Təkcə Azərbaycan Tibb Universitetinin 35 həkimi koronavirusa yoluxub və xəstəxana şəraitində müalicə alırlar. Əslində, həkimlər bu bəlaya yolux­mamaq üçün daha çox diqqətli olmalı, özlərini qorumalıdırlar ki, əhalinin sağlamlığı keşiyində, hazırkı zaman­da isə bu görünməz düşmənə qarşı mübarizədə gücdən düşməsinlər. İndi bizim onlara daha çox ehtiyacımız var.

Dövlət başçımız da həkimlərin fədakarlığını çıxışlarında dəfələrlə dilə gətirmişdir: “Mən bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altı­na atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xü­susi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı, hesabınadır”. Həkimlərin öz vəzifələrini vicdanla, məsuliyyətlə yerinə yetirməsi, sö­zün əsl mənasında, onların dövlətə, xalqa, başlıcası isə öz nəcib sənətlərinə sədaqətlərinin təzahürüdür. Əminliklə deyə bilərik ki, əgər vaxtında səhiyyəmiz yenidən qurulmasaydı, ÜST-ün elan etdiyi COVID – 19 qlobal pandemiyası həyatımıza girəndə səhiyyəmiz buna dözməzdi. Qeyd etməliyik ki, may ayından indiyədək 6 modul tipli xəstəxananın istifadəyə verilməsi Azərbaycanın gözlənilməz vəziyyətlərdən çıxış yolu tapma­ğa həmişə hazır olduğunu göstərir. Sonuncu xəstəxanada 800 xəstənin yerləşdirilməsi nəzərdə tutulur. Növbəti istifadəyə veriləcək daha bir modul tipli xəstəxana 1300 yerlik olacaq və əlavə on belə xəstəxananın tikintisi nəzərdə tutulur. Hazırda ölkəmizdə 36-sı son müddət ərzində inşa edilən 45 xəstəxanada koronavirus xəstələri müalicə alırlar.

Təcrübə onu göstərir ki, heç bir ölkə pandemiyadan tam şəkildə özünü sığortalanmış hesab edə bilməz. Bu gün pandemiyadan ən çox əziyyət çəkən ölkələrin əksəriyyəti inkişaf etmiş ölkələrdir. Və onlar yenidən məhdudlaşdırıcı tədbirlərə qayıdırlar, ölkəmizdə isə ilk günlərdən qabaq­layıcı tədbirlər görüldü və vəziyyət nəzarətdə saxlanıldı. Azərbaycanla əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı isə 10 minlərlədir. Bizdə bu göstəricilərin müqayisədə çox aşağı olmasını səhiyyəmizin uğuru hesab etmək olar.

Dövlətin də əsas məqsədi insanla­rımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır. Buna görə də, tədbirlərlə bağlı qərarlar qəbul olunarkən, mövcud vəziyyət dərindən təhlil olunur, mütəxəssislərlə məsləhətləşmələr aparılır. Fevral ayında Azərbaycanda cəmi altı laboratoriya mövcud olduğu halda, hazırda onla­rın sayı 29-a çatıb və daha 15 yeni laboratoriya sifariş edilib. Yoluxmaların artmasının əsas səbəbi bəzi insanların məsuliyyətsizliyi, tələblərə laqeyd münasibətidir. Buna görə karantin rejimini pozanlara qarşı cərimələr tətbiq etmək məcburiyyəti yaranıb. Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Çünki dövlət tərəfindən vacib olan bütün mübarizə vasitələrindən yüksək səviyyədə istifadə edilir. Vətəndaşın da borcu tələblərə əməl etməkdir.

Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda görülmüş işlərə yüksək qiymət verir. Təşkilatın nümayəndəliyi Azərbaycanda çox fəal iş aparır və bu xəstəliyin yayılmaması üçün əməli addımlar atır. Pandemiyadan sonra da Azərbaycan ÜST-lə əməkdaşlığını uğur­la davam etdirəcək. Çünki Azərbaycan bu günə qədər 30-dan çox ölkəyə huma­nitar və maliyyə yardımı göstərib və bunu piar üçün yox, ölkələrə həmrəylik borcu kimi edib. Ölkəmiz həmrəyliyi sözdə yox, əməldə göstərərək, dünyada çox yüksək imic qazanıb. Humanitar və maliyyə yardımı bir daha onu göstərir ki, Azərbaycan ayaqda möhkəm duran ölkədir və çətin dövrdə özünə qapan­mır. BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürməkdə Azərbaycanın məqsədi COVID-19-la mübarizədə vahid ya­naşmanın tətbiqinə, ölkələrin özlərinə qapanmamasına, inkişaf etmiş ölkələrin ağır vəziyyətdə olan ölkələrə kömək göstərməsinə nail olmaqdır.

Qeyd etməliyik ki, ÜST-ün nümayəndələri – Türkiyədə çalı­şan həkimlər Turanə Rəsulova və Fərid Kazımzadə hazırda ölkəmizdə təcrübə mübadiləsinə gəliblər. Onlar da bildirirlər ki, Azərbaycanda pan­demiya ilə mübarizə sistemi dünya­da effektivliyinə görə ilk sıralarda dayanır. Azərbaycan ÜST tərəfindən müəyyənləşdirilmiş prinsiplər əsasında pandemiya ilə mübarizə aparır. Amma istənilən Avropa ölkəsində səhiyyə sistemi nə qədər güclü olsa da, pandemiya qarşısında iflas edir. Azərbaycan bunun qarşısını almaq üçün ciddi mübarizə aparır. Ancaq təbii ki, qabaqlayıcı tədbirlər kifayət etmir, ilk növbədə insanların qoyulan qaydalar, məhdudiyyətlərə əməl etməsi birbaşa yoluxma sayına təsir edir. Biz də bu mübarizəni izləyirik və inanırıq ki, tezliklə uğurlu nəticələr alınacaq.

Əminik ki, ölkəmizdə səfərdə olan Rusiya, Türkiyə və Kubadan gələn mütəxəssislərlə azərbaycanlı həmkarlarının pandemiyaya qarşı mübarizə tədbirləri ilə bağlı apardıq­ları təcrübə mübadiləsi öz effektiv nəticəsini yaxın zamanlarda göstərəcək.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

15 2020 05:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə