Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DTX yalnız rəsmi dövlət orqanlarının məlumatlarına istinad olunması ilə bağlı vətəndaşlara müraciət edib

Azərbaycan Ordusu, onun döyüş potensialının zəiflədilməsinə yönələn, habelə ərazi itkiləri və insan tələfatı barədə yoxlanılmamış və qərəzli məlumatlar yayan şəxslər haqqında qanunvericiliyə uyğun olaraq ən sərt tədbirlər görüləcək.

2020-ci il iyulun 12-dən başlayaraq Ermənistanın si­lahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib, qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrimizi atəşə tutub. Görülmüş cavab tədbirləri nəticəsində düşmənə ağır zərbələr endirilib, o, böyük itkilər verərək geri çəkilməyə məcbur edilib. Respublikamı­zın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş hərbi qulluqçularımızın ailələrinə dərin hüznlə baş­sağlığı verir, yaralılara şəfa diləyirik.

AZƏRTAC Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytına istinadla xəbər verir ki, bununla yanaşı, Azərbaycan-Ermənistan sərhədindəki döyüş əməliyyatları ilə bağlı ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının müdafiə qabiliyyətinə xələl gətirmək, əhali arasında çaşqınlıq və inamsızlıq yaratmaq üçün ayrı-ayrı sosial şəbəkələrdə və media səhifələrində məqsədyönlü şəkildə hadisələrin mahiyyəti barədə aşkar surətdə yalan və qərəzli, o cümlədən guya, ərazilərimizin bir hissəsinin düşmən tərəfindən tu­tulması, itkilərimizin sa­yının gizlədilməsi, hərbi mövqelərimizin və texnika­nın ələ keçirilməsinə dair xəbərlər yayılmaqdadır.

DTX bəyan edir ki, bu cür dəqiqləşdirilməmiş və qərəzli məlumatların, mülahizələrin və paylaşımların heç bir əsası yoxdur. Azərbaycan xalqı bilməlidir ki, Silahlı Qüvvələrimiz düşmənin hücumlarının qarşısını qətiyyətlə almağa daim hazır­dır. Ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə ən zəruri tədbirlər görülməkdədir. Cəbhə xəttində yaran­mış gərgin vəziyyətdə vətəndaşlarımızın soyuqqanlı olmasını, heç bir təxribata uymamasını və dövlətçilik mövqeyindən çıxış etməsini olduqca zəruri hesab edirik.

Azərbaycan Ordusu, onun döyüş potensialının zəiflədilməsinə yönələn, habelə ərazi itkiləri və insan tələfatı barədə yoxlanılma­mış və qərəzli məlumatlar yayan şəxslər haqqında Azərbaycan Respublikası­nın qanunvericiliyinə uyğun olaraq ən sərt tədbirlər görüləcəkdir.

Bir daha vətəndaşlarımızdan milli həmrəylik nümayiş etdirməyi və yalnız rəsmi dövlət orqan­larının məlumatlarına istinad etməyi və inanmağı xahiş edirik.

15 2020 05:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə