Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ad günün mübarək, Şəhidim

Yenə şəhid tabutları...

Yenə ağılar...

Yenə övlad boyuna  həsrət qalanların ürək yanğısı dolu ah-nalələri...

Erməni qaniçənlərinə ünvanlanan qarğışlar...

Cəbhənin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olanlarımız,-- general-mayor Həşimov Polad, polkovnik Mirzəyev İlqar, mayorlar Əhmədov Namiq, Novruzov Anar, gizirlər Zeynallı İlqar, Babayev Yaşar, əsgər Mustafazadə Elçin, Allah sizə rəhmət eləsin.

Hər şəhid xəbərini eşidəndə mənim də ruhum sızlayır.  Bu gün 46 yaşı tamam olan, həyatda cəmi 19 il yaşayan şəhidimi xatırlayıram.

Könüllü olaraq 1993-cü ildə vuruşan orduya qoşulan şəhidimi...

Ədəbiyyat müəlliməsi anasının “getmə, oğlum, təhsilini yarımçıq qoyma” müraciətinə “sinifdə elə demirdin, ana, qəhrəmanlarımızı öyürdün, vətənpərvərliyi aşılayırdın. Müharibə bitəndən sonra sinfə girib qəhrəmanlıqdan danışanda, sənə deməyəcəklərmi ki, ay müəllimə, vətənpərvərlik, qəhrəmanlıq belə yaxşı şeydisə, oğlunu niyə müharibəyə göndərməmisən? Onda nə cavab verəcəksən?” –deyən şəhidimi...

Bacımın ilk göz ağrısını...

Vüqar Vahid oğlu Namazov 1974-cü ildə Tovuzda doğulub. Ata-anası tovuzlu olsa da, Naftalanda yaşayıblar. (Sovetlər vaxtı ali təhsil alanları təyinatla respublikanın bütün bölgələrinə göndərirdilər.) Ziyalı ailəsində böyüyən Vüqar  erməni işğalçılarının hücumları vaxtı atdıqları top səsinə yatıb,  qrad səsinə oyanıb. Uşaqlara qoşulub sərhəd zonasına—Goranboya,  Tap Qaraqoyunluya qədər gedib, cəbhəyə onda maraq yaranıb.

Axır ki, valideynlərinin etirazına baxmayaraq, istədiyinə nail olub, Rasim Əkbərovun könüllülərdən ibarət batalyonuna üzv olub. 1992-ci ildə yaşı çatdığına görə həqiqi hərbi xidmətə çağırılıb. Bacarığını, nitq qabiliyyətini görüb onu rabitəçi-əlaqələndirici təyin ediblər. Cəbhədə baş verənləri konkret şəkildə və operativ çatdırdığına görə hərbi hissə tərəfindən həmişə təriflənib.

1993 cü ilin noyabrın 13-də rəsmi icazə ilə Tovuza, dayısının toyuna gəlir. Əsgər paltarını soyunmadan, musiqiçilərə “Can, Azərbaycan” sifariş verir...

Qohum-qardaş onu üzük qaşı kimi dövrəyə alır, rəqs edə- edə, mahnının sözlərini gözünü yumaraq təkrar edir:

Canımı sənə qurban demişəm..

Can, can, can, Azərbaycan!

Toy şənbə günü idi... Ertəsi gün Naftalana yola düşürlər. Bacısının ali məktəbə daxil olma xəbərinə sevinən Vüqar, uşaqlara qonaqlıq verəcəyəm deyə, cümə axşamı günü azuqə dolu çantayla hərbi-hissəyə yola düşür...

Gün sonra evlərinə zəng gəlir. “Vüqar yaralanıb...” Ata müalicə məqsədilə Bakıya gedib...

Anası Tərlan müəllimə Goranboy—Gəncə xəstəxanasının arasında Vüqar soraqlayır. Goranboyda Gəncəyə aparıldığını, Gəncədə isə Naftalana göndərildiyini deyirlər. Ana Gəncəyə gələndə yolda qarşılaşdığı Təcili yardım maşınını xatırlayır...

Naftalana, evlərinə çatanda binanın qarşısında Tovuz maşınlarını görür, yenə  ağlına bir şey gəlmir. Həyətə toplaşanların ona baxıb ağladıqlarını görəndə ...

Qara xəbər tez yayılır... Tovuz, Şirvan, Bakıda yaşayan qohum -əqraba hamısı gecə ilə özlərini çatdırırlar... Sadəcə təsəlliyə və vidaya... Noyabrın 13-də şənbə günü qol qaldırıb “Can Azərbaycan” deyən əsgər, ayın 20-də--şənbə günü canını qurban nverdiyi torpağın qoynuna köçür.

O qədər mədəni, nəcib idin ki, Vüqar, indi kimsəni sənə bənzədə bilmirik. Bu dünyaya tək gəlmişdin, tək də getdin. Qardaşının balası adını yaşadır... Ananın saçları səndən sonra rəng görməyib: “Balama xəyanət etmiş olaram, elə bilər, onu unutmuşam” deyir.

Naftalanda yeganə olan uşaq bağçası sənin adını daşıyır.  

Rahat uyu, Şəhidim, doğum günün mübarək. Xalan səni göz yaşları ilə təbrik edir...

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

14 2020 17:26 - CƏMİYYƏT
CƏMİYYƏT
12 Avqust 2020 | 04:06
Fədakar arxeoloq

Köhnə versiyamızdan xəbərləri izlə