Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan - Böyük Britaniya parlamentlər arası işçi qrupun virtual iclasında Ermənistanın təxribatcı əməlləri pisləndi

Azərbaycan - Böyük Britaniya parlamentlər arası işçi qrupun virtual iclası keçirilmişdir. İclasda Azərbaycan Parlamentində Böyük Britaniya ilə dostluq qrupunun sədri, millət vəkili Cavanşir Feyziyev, Azərbaycan Respublikasının Birləşmiş Krallıqdakı fövqəladə və səlahiyyətli  səfiri Tahir Tağızadə, Britaniya Parlamentində Azərbaycan üzrə işçi Qrupun sədri, deputat Bob Bləkmən və Qrupun Böyük Britaniyadan olan digər üzvləri iştirak etmişlər.     

Görüş zamanı son iki gün ərzində Ermənistan tərəfindən Azərbaycanla sərhəddə törədilmiş təxribatlar haqqında Britaniyalı deputatlara ətraflı məlumat verilmiş və Ermənistanın sülh danışıqlarını pozmaq üçün növbəti dəfə təxribat törətdiyi diqqətə çatdırılmışdır. Cənab Bləkmən Ermənistanın əməllərinin yolverilməz olduğunu söyləmiş və Azərbaycan xalqı ilə həmrəy olduqlarını qeyd etmişdir. Görüşdə iştirk edən digər deputatlar cənab Lord Evans, xanım Katerin Vest və başqaları Ermənistanın məhz indi – pandemiya dövründə təxribat törətməsinin səbəbləri, qonşu dövlətlərin, eləcə də beynəlxalq qurumların baş verən hadisələrə münasibəti, Azərbaycanda pandemiya ilə bağlı aparılan işlər və cari vəziyyət haqqında suallar vermişlər. 

Millət vəkili Cavanşir Feyziyev Britaniyalı həmkarlarına bildirib ki, sülh danışıqlarının gedişatında Ermənistanın bu cür təxribatçı addımlar atması birinci dəfə deyil. Münaqişənin sülh yolu ilə həlli üçün bütün prinsiplər ortada olsa da, Ermənistan hər dəfə danışıqlar prosesinə bənzər şəkildə zərbə vurur və danışıqlar prosesini pozur, beləliklə də mövcud status-kvonun mümkün qədər uzadılmasına və işğal olunmuş ərazilərin qeyri-qanuni məskunlaşdırılmasına çalışır. Deputat qeyd edib ki, erməni hərbi birləşmələri bir qayda olaraq sərhəd boyu kəndlərimizdə yaşayan mülki əhalini hədəfə alır və hazırda Azərbaycanın Dövlət Sərhəd Xidmətinin Ermənistanla sərhəddə yerləşən hissələri düşmənin mülki əhaliyə hücumlarının qarşısını almaqla məşğuldur.

Birləşmiş Krallıqdakı fövqəladə və səlahiyyətli  səfir Tağızadə Ermənistan tərəfindən son iki gündə Tovuz rayonunda törədilən təxribat və Azərbaycanın cavab addımları ilə bağlı ətraflı məlumat verərək vəziyyətin gərgin olaraq qaldığını və buna görə bütün məsuliyyətin Ermənistanın üzərində olduğunu bildirmişdir. Səfir artıq Azərbaycan daxilində və beynəlxalq ictimaiyyət tərəfindən reaksiyaların başladığını nəzərə çatdıraraq mövcud vəziyyətin müharibəyə çevrilmə ehtimalının mümkünlüyünü də ifadə etmişdir. Səfir Azərbaycan Prezidentinə istinad edərək qeyd etmişdir ki, Azərbaycan mümkün olduğu qədər Ermənistanın təxribatlarına getməməyə və regionda sülhü qoruyub saxlamağa çalışsa da, Ermənistanın bu cür destruktiv addımları nəticəsində əhalinin baş verənlərə münasibətdə emosiyalarını nəzarətdə saxlamaq getdikcə  çətinləşir.

Görüş zamanı Azərbaycanda aparılan islahatlar, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün hökümət tərəfindən atılan addımlar, pandemiyaya qarşı mübarizədə  Azərbaycan tərəfindən irəli sürülən beynəlxalq əməkdaşlıq təşəbbüsləri haqqında geniş fikir mübadiləsi aparılmışdır.

Britaniyanın Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə beynəlxalq hüquqa əsaslanan mövqeyi millət vəkilimiz və səfirimiz tərəfindən yüksək qiymətləndirilmiş və Britaniyanın regionda sülhə dəstək vermək üçün atdığı addımların bundan sonra da davam etdirilməsinin zəruriliyi vurğulanmışdır.

Görüşün sonunda Britaniya Parlamentində Azərbaycan üzrə işçi qrupu üzvlərinin Azərbaycana səfər etmək imkanları müzakirə edilmiş və pandemiya ilə bağlı vəziyyətin normallaşacağı təqdirdə Britaniyalı deputatların Azərbaycana səfərinin təşkil edilə biləcəyi qərara alınmışdır.

İşçi Qrupun növbəti video-görüşünün sentyabr ayında keçirilməsi tərəflər arasında razılaşdırılmışdır. Onu da xatırladaq ki, Parlamentlər arası işçi qrupun Britaniya parlamentində 50-dən çox üzvü var. Həmin deputatların yarısından çoxu hakim Mühafizəkarlar Partiyasını, bir hissəsi Leyboristlər Partiyasını, bir hissəsi isə digər partiyaları təmsil edir. Böyük Britaniya-Azərbaycan Parlamentlər arası işçi qrupu Britaniya Parlamentində ən çox üzvə malik qruplardan biridir.

Namiq Qədimoğlu,
“Xalq qəzeti"      

 

14 2020 16:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə