Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan --Ermənistan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində mövqelərimizi ələ keçirmək üçün artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərdi. Ancaq qüdrətli Azərbaycan Ordusundan aldığı zərbə bu dəfə də işğalçılara layiq olduqları yeri göstərdi. Düşmən böyük itki verərək geri çəkildi. Artıq üçüncü dəfədir ki, işğalçı ölkə Azərbaycan Silahlı Qüvvələrindən ağır zərbə alır və Ordumuz qarşısında çox zəif olduğunu açıq şəkildə hiss edir.

2016- cı ilin Aprel döyüşləri hər birlimizin, o cümlədən işğalçı ölkə rəhbərliyinin yaxşı yadındadır. Ondan sonra Naxçıvanda 11 min hektardan artıq ərazi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edildi. İyulun 12- də Tovuz rayonunda təxribat törətmək istəyən, Azərbaycan Ordusunu artilleriya qurğularından atəşə tutan Ermənistan silahlı qüvvələri bu dəfə də ciddi təzyiqlə üzləşdilər və ağır itki verdilər. Göründüyü kimi, faktlar da təsdiqləyir ki, Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri qarşısında cılız və zəifdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasında da dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı Ermənistanın növbəti təxribatının qarşısının qətiyyətlə alındığını, adekvat cavab verildiyini bəyan etdi. Cənab Prezident dedi ki, Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər.

Bəs işğalçı ölkəni bu təxribatı törətməyə nə vadar edib? Bu sualın da cavabını Prezident İlham Əliyev Təhlükəsizlik Şurasında açıq şəkildə bildirdi. Dedi ki, bu təxribatın digər səbəbi odur ki, son vaxtlar Azərbaycan beynəlxalq arenada çox böyük uğurlara imza atıb. Bizim təşəbbüsümüzlə beynəlxalq təşkilatların zirvə görüşləri keçirilib. Bizim təşəbbüsümüzlə BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Bu təklifi, bu təşəbbüsü 130-dan çox ölkə dəstəkləyib və Ermənistan bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü rüsvay edib, bir daha özünü dünyadan təcrid edib. Bu gün dünya gündəliyində birinci yerdə duran COVID-19 ilə bağlı mübarizə məsələsində öz anlaşılmaz mövqeyi ilə bir daha bütün dünyanın diqqətini öz çirkin siyasətinə cəlb edib. Necə ola bilər ki, Azərbaycan bütün dünyanın bu mübarizədə birləşməsini tələb etdiyi bir vaxtda Ermənistan bunun əleyhinə çıxıb.

Təbii ki, Azərbaycanın mövqeyinin dünya birliyində möhkəmlənməsi, reytinqinin getdikcə yüksəlməsi həm Ermənistanı, həm də anti-Azərbaycan qüvvələri narahat etməyə bilməzdi. Ona görə də düşmən cəbhəboyu ərazilərdə təxtibatlar törədib, sonra da öz havadarlarının köməyi ilə haray-həşir salaraq, guya, Azərbaycanın atəşkəs rejimini pozması barədə beynəlxalq aləmdə rəy formalaşdırmaq, bununla da ölkəmizin artan nüfuzuna xələl gətirməyə cəhd edirlər. Artıq dünya ictimaiyyəti Ermənistanın bu yalanlarından, təxribatlarından və atəşkəs rejimini pozmasından təngə gəlib. Ona görə də belə yalanlara inanan yoxdur. Münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun belə təxribatlara laqeyd münasibəti, ciddi reaksiya verməməsi təəssüf doğurur. Eləcə də, özlərini insan hüquqlarının müdafiəçisi kimi təqdim edən digər beynəlxalq təşkilatların susqunluğu Ermənistanı daha da həyasızlaşdırır. Bundan istifadə edən işğalçı ölkə hələ də beynəlxalq hüquq normalarına hörmətsizliyini açıq şəkildə davam etdirir.

Ermənistanın ərköyünlüyü, necə deyərlər, özlərinə baha başa gəlir. Çünki artıq beynəlxalq birliyə də bəllidir ki. Azərbaycan Ordusu dünyanın ən güclü ordularından, regionun ən güclüsüdür. Bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır. Bunu hər bir kəs, eləcə də, düşmən tərəfi də bilir və görür. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu qeyd edir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Bu uğur dövlət başçımızın ordu quruculuğuna göstərdiyi xüsusi diqqət və qayğı sayəsində qazanılıb. Son 17 ildə ordu quruculuğunda görülən işlər də təsdiqləyir ki, möhtərəmPrezidentimizin fəaliyyətində ordu quruculuğu birinci yerdədir. Prezident İlham Əliyevin ötən 17 illik hakimiyyəti dövründə Azərbaycanın hərbi xərcləri 24 dəfədən çox artıb. Bu göstəricilərə görə, Azərbaycan dünya ölkələri arasında hərbi xərclərin artım tempinə görə ilk yerlərdən birini tutur.

Dövlət başçısının uğurlu xarici siyasəti nəticəsində bu gün dünyanın bütün dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Möhtərəm Prezidentimiz Təhlükəsizlik Şurasının iclasında da bunu bir daha bəyan etdi: “Artıq bütün dünya bilir ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bunu təsdiqləyən kifayət qədər sənədlər var və bu sənədləri biz indi geniş beynəlxalq ictimaiyyətə təqdim edirik. Eyni zamanda, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bunu da təsdiqləyən kifayət qədər çox beynəlxalq sənədlər və açıqlamalar var. O cümlədən bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər” nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr və bu məsələ ilə məşğul olan ölkələr bu seçkiləri pislədilər. Beləliklə, bir daha ölkəmizin ərazi bütövlüyünə dəstək ifadə olundu, bir daha açıq göstərildi ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.

Vüqar ƏLİYEV,
Xəzər Rayon Gənclər İdman İdarəsinin rəisi

14 2020 12:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə