Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliya parlamentariləri Ermənistanın təxribatını pisləyən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar veriblər

İtaliyanın nüfuzlu parlament üzvləri, Senatın Xarici əlaqələr daimi komissiyasının sədri, senator Vito Petroçelli, İtaliyanın ATƏT Parlament Assambleyası yanında nümayəndə heyətinin sədri və Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədr müavini, deputat Paolo Qrimoldi, eləcə də İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun sədri, senator Stefano Luçidi və İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rossana Boldi Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatlarını pisləyən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar veriblər.

AZƏRTAC xəbər verir ki, İtaliya Respublikası Senatının Xarici əlaqələr daimi komissiyasının sədri, senator Vito Petroçellinin bəyanatında deyilir:

“Avropanın kandarında çox təhlükəli müharibənin yenidən alovlanması təhlükəsi mövcuddur: 1990-cı illərin əvvəllərində otuz mindən çox insanın ölümünə və bir milyon insanın məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi. Dünən artilleriyadan istifadə etməklə baş verən şiddətli silahlı qarşıdurmalar 1994-cü ildə əldə edilmiş atəşkəs rejiminin ciddi şəkildə pozulmasıdır və bir müddətdir ki, dalana dirənmiş danışıqların yenidən bərpa edilməsinə böyük maneədir. Rəsmi Bakı Ermənistan tərəfinin hərbi təxribatları barədə məlumat verir və rəsmi İrəvanın uzun müddətdir ki, danışıqları əngəllədiyini bildirir. Atəşkəs rejiminə, beynəlxalq hüququ və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, eləcə də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərdən erməni qoşunlarının çıxarılmasını tələb edən BMT-nin 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinə hörmət edilməsinə çağırıram. Beynəlxalq ictimaiyyət vəziyyətin yeni bir müharibə ocağına çevrilməməsi üçün ən qısa zamanda müdaxilə etməlidir”.

İtaliyanın ATƏT Parlament Assambleyası yanında nümayəndə heyətinin sədri, Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədr müavini, deputat Paolo Qrimoldinin bəyanatında deyilir:

“Tovuz rayonunda, Dağlıq Qarabağ bölgəsinin şimalında Ermənistan-Azərbaycan sərhədi boyunca silahı qarşıdurmalarla bağlı xəbərləri təəssüflə öyrənirəm. Xatırlatmaq vacibdir ki, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri (İtaliyaya neft təchiz edən boru) və Cənubi Qafqaz qaz boru kəməri Tovuz ərazisindən keçir və qeyri-sabitlik Avropaya da öz ağır təsirini göstərəcəkdir. Təxribatlar və qarşıdurmalar həll yolu deyildir. Dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrindən irəli gələrək tərəflərin mümkün qədər qısa zamanda ATƏT-in himayəsi altında danışıqlar masasına qayıtması üçün İtaliyanın səylərinə ümid edirəm”.

İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun sədri, senator Stefano Luçidi və İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rossana Boldi də birgə bəyanat veriblər. Həmin birgə bəyanatda qeyd olunur:

“Ermənistan və Azərbaycan sərhədi boyunca, şimal istiqamətində baş verən qarşıdurmaları böyük narahatlıqla izləyirik. İnanırıq ki, hər hansı silahlı qarşıdurmalar həll yolu deyildir, dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının tanınması, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələrini əsas götürərək dialoq yolu ilə həllin vacibliyini bir daha bildiririk. Beləliklə, ATƏT-in himayəsi altında hər iki tərəfin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının dəstəklənməsi və gücləndirilməsi ilə bağlı tərəfləri danışıqlar masasına gəlməyə təşviq etmək üçün İtaliya Hökumətinə müraciət edirik. ATƏT-in Minsk qrupunun üzvü kimi bizim ölkə münaqişənin həmişə siyasi həllinin tərəfdarı olub. Bu yanaşma, 20 fevral tarixində imzalanmış “Azərbaycan və İtaliya arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” ilə də təsdiq edilib.”

Parlamentarilərin bəyanatları İtaliyanın müxtəlif kütləvi informasiya vasitələri, o cümlədən “Polticamente Corretto”, “Politica News”, “Finanze Yahoo”, “Agenzia Nova” kimi xəbər saytlarında, habelə müvafiq sosial media şəbəkələrində dərc olunub.

Bəyanatlarla aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:

https://www.politicamentecorretto.com/2020/07/13/azerbaigian-petrocelli-m5s-gravi-violazioni-cessate-il-fuoco-rischio-nuova-guerra/

https://www.politicanews.it/politica-estera/crisi-armenia-azerbaigian-petrocelli-m5s-rischio-di-una-nuova-guerra-13593

https://www.agenzianova.com/a/5f0c20716652b4.69296668/3020969/2020-07-13/nagorno-karabakh-petrocelli-m5s-gravi-violazioni-cessate-il-fuoco-si-rischia-nuova-guerra

https://www.agenzianova.com/a/0/3021277/2020-07-13/nagorno-karabakh-grimoldi-lega-provocazioni-e-scontro-non-risolveranno-nulla

https://it.finance.yahoo.com/notizie/lega-governo-lavori-per-tavolo-di-pace-azerbaigian-120717676.html

https://www.facebook.com/422056461203957/posts/3090326374376939/?d=n

https://twitter.com/GrimoldiPaolo/status/1282619913287471107

https://www.facebook.com/photo?fbid=1477219659115396&set=a.516258415211530

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

14 2020 10:29 -

Köhnə versiyamızdan xəbərləri izlə