Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusun yayılmasının qarşısının alınması üçün bütün imkanlardan istifadə edilir

Azərbaycan dövlətinin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı mühüm addımlar nəticəsində bu gün respublikamız  dünyada ən az itki verənlər sırasındadır. Bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi də təsdiqləyir. Bu təhlükəli virusun yayıldığı  ilk gündən ÜST –lə səmərəli əməkdaşlıq, təşkilatın aparıcı  mütəxəssislərinin Azərbaycana dəvət edilməsi və vəziyy’tlə yerində tanış olub  görülmüş işləri müsbət qiymətləndirmələri qabaqlayıcı tədbirlərin  önəmindən xəbər verir. Dövlət başçımızın təşəbbüsü ilə keçirilən nüfuzlu beynəlxalq təşkilatların zirvə görüşləri, dünyanın 130- dan çox  ölkəsinin də dəstəklədiyi Prezident İlham Əliyevin tklifi ilə  bu günlərdə öz işinə başlayan BMT Baş Assambleyasının xüsusi  sessiyası da bütünlüklə pandemiyaya qarşı mübarizəyə həsr olunub.  

Koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atılan mühüm addımlar sırasında modul tipli xəstəxanaların təşkili mühüm əhəmiyyət daşıyır. Söz yox ki, son illər ölkə ərazisindəki bütün səhiyyə ocaqlarında əsaslı yenidənqurma işləri aparılmış, onların maddi-texniki bazası möhkəmləndirilmiş, yeni laboratoriyalar təşkil olunmuşdur.  Ümumiyyətlə,  son on yeddi il ərzində respublikamızın səhiyyə sistemində köklü işlər görülmüş, həkimlərin peşəkarlıq səviyyəsi yüksəlmiş, 750-dən çox səhiyyə ocağı tikilmiş və ya tam təmir olunmuşdur. Hər il ölkədə 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir. Modul tipli xəstəxanaların yaradılması xüsusi qeyd edilməlidir. Çünki pandemiya ilə mübarizədə belə xəstəxanaların əhəmiyyəti böyükdür.

Son vaxtlar beş belə  xəstəxana açılmış və yenilərinin inşasına başlanılmışdır. İyulun 6-da  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər. Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı yerli televiziyalara verdiyi müsahibəsində də dövlətimizin koronavirus pandemiyasının yayıldığı ilk günlərdən onunla mübarizə istiqamətində atdığı çox mühüm addımlardan söhbət açdı və bunların sırasında modul tipli xəstəxanaların yaradılmasının  böyük əhəmiyyət daşıdığını bildirdi.

Məlum olduğu kimi, möhtərəm  Prezidentimizin müvafiq tapşırıqlarına əsasən, ölkə ərazisində ümumilikdə, 10 modul tipli xəstəxana kompleksinin quraşdırılmasına başlanılıb. Artıq onlardan  beşinin açılışı olub. Ümumilikdə, yaradılacaq modul tipli xəstəxana kompleksləri ölkənin səhiyyə sisteminə əlavə 2 min çarpayılıq ehtiyat yaradır.

Modul tipli xəstəxana komplekslərinin inşasının vacibliyini bildirən dövlət başçımız  COVID -19 xəstələrinin sayının  artması ilə əlaqədar əlavə çarpayıların lazım olduğunu və bu istiqamətdə işlərin davam etdirildiyni vurğuladı. Bu xəstəxanada bütün lazımi şəraitin yaradılıdığını deyən ölkə Prezidenti  palatalarda, laboratoriyalarda, diaqnostika mərkəzində və həkimlər üçün yaxşı şəraitin olduğunu diqqətə çatdırdı. Dedi ki, ən önəmlisi odur ki, bu xəstəxana 800 çarpayılıqdır: “Bu ərazidə təqribən bir ay-ay yarım ərzində yeni xəstəxana inşa ediləcək. O da modul tipli xəstəxana olacaq. Orada çarpayıların sayı 1300-ə qədərdir. Yəni, təqribən iki ay ərzində biz 2 mindən çox xəstəni yerləşdirə biləcəyik. Beləliklə, xəstəliklə mübarizədə bizim əlavə imkanlarımız olacaqdır”.

Ümumiyyətlə, hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Bu xəstəxanaların 36-sı  Prezident İlham Əliyevin  sərəncamı ilə  son müddət ərzində inşa edilib. Gələcəkdə əlavə on  modul tipli  xəstəxananın tikilməsi də nəzərdə tutulub.

Səhər İSMAYILOVA,
Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri, politoloq

14 2020 10:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə