Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq mətbuat Ermənistanın növbəti təxribatından yazır

Son günlər işğalçı Ermənistanın Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində mövqelərimizə qarşı təxribat törətmək cəhdi vəziyyəti gərginləşdirib. Artilleriya atəşlərindən və minaatanlardan istifadə edən Ermənistan silahlı qüvvələrinin bölmələrinə qarşı ordumuz layiqli cavab verib. Gərgin döyüşlər nəticəsində 4 nəfər hərbi qulluqçumuz Vətənin bütövlüyü uğrunda şəhidliyə qovuşdu. Sözsüz ki, Cənubi Qafqazda bu gərginlik dünya mediasının diqqətindən də yayınmadı. İşğalçı ölkənin Azərbaycana qarşı növbəti təxribatı dünyanın bir sıra nüfuzlu media orqanları tərəfindən aktual mövzular kimi işıqlandırıldı. ABŞ-ın nüfuzlu “Bloomberg” nəşri təxribat barədə məlumat verərək, Dağlıq Qarabağ münaqişəsinin tarixinə diqqət çəkib. Qeyd edilib ki, 1991-ci ildə keçmiş Sovet İttifaqının dağılmasından sonra başlayan müharibə zamanı Qarabağın dağlıq bölgəsi və ona bitişik yeddi rayon Ermənistan tərəfindən işğal olunub.

Avropanın bir neçə dildə fəaliyyət göstərən “Euronews” xəbər agentliyi “Ermənistan-Azərbaycan sərhədində qarşıdurma: 2 azərbaycanlı əsgər həyatını itirib” sərlövhəli xəbərdə baş vermiş hadisəni Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən oxucularına təqdim edib. Fransa­nın “Agence France-Presse” (AFP) agentliyi rəsmi “Twitter” hesabında Ermənistan-Azərbaycan sərhədindəki təxribat barədə məlumat yayıb. Məlumatda Azərbaycan tərəfinin əsgər itkisi olduğu qeyd edilir.

Türkiyənin Azərbaycanda baş verən ən aktual məsələləri işıqlan­dıran “Anadolu” agentliyinin ingilis dilində fəaliyyət göstərən bölməsi də sərhəddəki qarşıdurma ilə bağlı məlumat yayımlayıb. Bundan başqa, qardaş ölkənin “Hürriyyət”, “Star”, “Yeni Şafak”, “Daily Sabah”, “TRT Xəbər”, “Takvim”, “Haber 3” saytla­rında “Ermənistanın hücum cəhdinin qarşısı alındı. Düşmən itki verərək geri çəkildi”, “Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanı qınamağa çağırdı” kimi sərlövhəli məqalələr işıq üzü görüb.

“TRT Haber” saytı “Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanı qı­namağa çağırdı” sərlövhəli məqaləsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyası­nın Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistan- Azərbaycan sərhədində Tovuz rayonu istiqamətində baş vermiş gərginliklə bağlı söylədiyi fikirlər də geniş yer alıb. Qeyd edilib ki, Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində artilleriya qurğularından istifadə edərək Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır.

Azərbaycan rəsmisi H. Hacıyevin fikirlərinə istinadən sayt yazıb: “Dünya birliyi COVID-19-a qarşı mübarizə apardığı halda, Ermənistan tərəfindən bu hücum və təxribat əməli törədilib. Bu hal və Ermənistanın davamlı olaraq atəşkəsi pozması bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVID-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıq­dan başqa bir şey deyil. Beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə qınamağa çağırırıq.”

Türkiyə Xarici İşlər Nazirliyinin Ermənistanın təxribat xarakterli hücum cəhdi ilə bağlı bəyanatı da ölkənin apa­rıcı KİV-ində geniş işıqlandırlıb.

Bəyanatda deyilir ki, Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz ra­yonuna hücumunu sərt şəkildə pisləyir və bildirir ki, baş verənlər Ermənistanın millətçilik anlayışının daha bir təzahürünün Azərbaycan tərəfindən qarşısının alınması Ermənistanın təcavüzünün cavabsız qalmayacağının konkret sübutudur.

Türkiyə XİN erməni tərəfinin belə təhlükəli taktikalardan əl çəkməsini, qanuni yol seçməsini tələb edib: “Türkiyə bütün imkanları ilə ərazi bütövlüyünü qorumaq mübarizəsində Azərbaycanın yanında dayanmaqda davam edəcək. Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan şəhidləri üçün dost və qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı verir və yaralıla­ra tezliklə şəfa diləyir.”

Ermənistanın növbəti təxribatı Ru­siya mediasında da geniş işıqlandırılıb. Belə ki, “Sputnik”, “TASS”, “RT”, “Ria Novosti” və digər xəbər agentlikləri də qarşıdurma barədə məlumat yayıblar.

“Eurasia Daily” saytı “Ermənistan- Azərbaycan sərhədində artilleriya “danışdı”: həlak olanlar var” sərlövhəli xəbərlə Tovuz istiqamətində baş vermiş erməni təxribatını işıqlandırıb.

Fransanın “France24”, Ukraynanın “Unian”, Qətərin “Gulf times” və dünyanın digər nüfuzlu KİV-ləri də qarşıdurmaya diqqət yetirib.

Müsəlman ölkələrinin mediası da məsələni gündəmdə saxlayıb. Misirin “Youm7”, “Aldiplomasy” nəşrləri və “Asiyaelyoum” informasiya agentliyi Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində törədilmiş təxribatla bağlı Azərbaycanın bu ölkədəki səfirliyinin bəyanatını ya­yıblar. Bəyanatda Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan- Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artil­leriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutması qeyd edilir və oxuculara münaqişənin tarixi kökləri barədə məlumat verilir. Eyni zamanda, işğal olunmuş Azərbaycan torpaqlarının dərhal azad edilməsi və işğalçı Ermənistanın qoşunlarının həmin əraziləri tərk etməsinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasının 27 ildir ki, yuba­dılması xüsusi vurğulanır.

Baş verən hadisələrin fonun­da erməni mediasında və sosial şəbəkələrdə yayımlanan xəbərlərin təhlili onu deməyə əsas verir ki, işğalçı ölkə təxribat etməsi azmış kimi, itkilərini və uğursuzluqlarını gizlətməyə çalışır. Azərbaycan tərəfi, konkret Azərbaycan Müdafiə Nazir­liyi sərhəddə baş vermiş təxribatla bağlı mütəmadi olaraq, ictimaiyyəti məlumatlandırdığı halda, erməni sosial şəbəkə istifadəçiləri sərhədyanı mövqelərdə nə baş verdiyini bilmək üçün öz narahatlıqlarını və ordula­rının real itkiləri barədə yazmaqdan çəkinməmişlər. Mariya adlı istifadəçi “siz insanları aldadırsınız, mənim qohumum orada (sərhəddə-red) xidmət edir, bizim 30-dan çox itkimiz var”– deyə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibinin facebook səhifəsində yayımladığı açıqlamaya etiraz edib. Van Vah adlı istifadəçi isə təəssüf hissi ilə yazır ki, erməni tərəfdən də yaralılar var. Yuri Boyka adlı istifadəçi isə yazıb: “Bəs niyə bizim itkilərimiz barədə heç bir şey demirlər? Gizlədin, gizlədin və xalqı aldadın.”

Təxribatların baş verdiyi gün “Mənim addımım” fraksiyasından olan deputat, baş nazirin qardaşı oğlu Sipan Paşinyanın vəziyyətlə tanış olmaq üçün sərhədyanı Movses və Aygepar kəndlərinə baş çəkməsi və sakinlərlə fotoşəkil çəkdirməsi diqqət çəkən məqamlardandır. O, facebook səhifəsində sərhəddə atəş səslərinin eşidildiyini bildirib. Lakin bu xəbərdən bir qədər sonra kənd sakinləri fa­cebook vasitəsi ilə canlı yayımda vəziyyətin normal olduğunu, atəş səslərinin gəlməsinin yalan olduğunu bildiriblər. Videoya şərh yazanlardan biri bu səfəri S.Paşinyanın reklamı kimi qiymətləndirib. Göründüyü kimi, Ermənistan KİV-ində bu cür ziddiyyətli məlumatlar onu sübut edir ki, əgər belə davam etsə, təxribatlarla özünü çətin vəziyyətə salmış işğalçı ölkə yalanları­na görə daha aciz duruma düşəcək.

 

Əfsanə BAYRAMQIZI,

“Xalq qəzeti”

14 2020 01:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə