Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fransa Respublikasının Prezidenti Zati-aliləri cənab Emmanuel Makrona

Hörmətli cənab Prezident!

Fransa Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan və Fransa arasında qarşı­lıqlı etimada və xoş ənənələrə əsaslanan dostluq və əməkdaşlıq əlaqələrinin daim inkişaf etməsi məmnunluq doğurur. Siyasi, iqtisadi, mədəni, təhsil, müdafiə, yüksək texnologiyalar və digər sahələrdə ölkələrimizin mənafeyi və xalqlarımızın rifahına xidmət edən əlaqələrimizin birgə səylərimizlə bundan sonra da uğurla da­vam edəcəyinə əminəm. Azərbaycan Fran­sa ilə ikitərəfli münasibətlərin keyfiyyətcə daha yüksək səviyyəyə qaldırılmasında maraqlıdır.

BMT Təhlükəsizlik Şurasının da­imi üzvü və ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və digər həmsədr ölkələrin qətiyyəti və ədalətli mövqeyi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətrafındakı yeddi rayonun Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına tezliklə son qoyulacağına, azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıda­cağına ümid bəsləyirik. Biz münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə, Hel­sinki Yekun Aktının müddəalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində ədalətli şəkildə həll olunacağına inanırıq.

Dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi bu çətin zamanda Azərbaycan xalqının dost Fransa xalqı ilə həmrəy oldu­ğunu bildirmək istəyirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa Respublikasına daim firavanlıq diləyirəm.

Hörmətlə,

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyul 2020-ci il

14 2020 00:04 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə