Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan öz ərazilərinin 20 faizinin itirilməsi ilə heç vaxt barışmayacaq

Azərbaycan öz ərazilərinin 20 faizinin itirilməsi ilə heç vaxt barışmayacaq.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu sözləri “Qovorit Moskva” radiostansiyasına müsahibəsində söyləyib. O qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağın qaytarılmasına nail olmaq əzmindədir. Sərhəddə münaqişə genişlənərək iri toqquşmalara çevrilə bilər.

Səfir deyib: “Dünən Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskinləşməsi nə isə yeni və sensasiyalı hadisə deyil. Mən dəfələrlə demişəm, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bunu deyib ki, Azərbaycan öz ərazilərinin 20 faizinin itirilməsi ilə heç vaxt barışmayacaq. Söhbət hətta Dağlıq Qarabağdan getmir, kiminsə erməni millətindən olan şəxsləri oradan qovmaq istəməsindən getmir, söhbət ondan gedir ki, Azərbaycan ərazisinin 20 faizi işğal edilib. Siz necə düşünürsünüz, 10 milyon əhalisi olan, zəngin, inkişaf etmiş infrastruktura malik, silahlanmış ölkə öz ərazisinin işğal edilməsinə sonsuz müddətə imkan verəcəkmi? Bu ki, mümkün deyil”.

Səfirin sözlərinə görə, sülh danışıqları heç bir nəticə vermir. Bununla əlaqədar Polad Bülbüloğlu regionda tammiqyaslı döyüş əməliyyatlarının başlanmasını istisna etməyib. O deyib: “Azərbaycan ərazisi işğal altında qaldıqca, bu cür insidentlər labüddür. Biz bu bunu 2016-cı ildə, fəal döyüş əməliyyatları aparılan vaxtda da demişdik. Təəssüf ki, bizim qonşularımız olan böyük ölkələr bu münaqişəni dondurmağa çalışırlar, onun sonsuz davam etməsini istəyirlər. Danışıqlar danışıq xatirinə aparıla bilməz. Danışıqlar nəticə verməlidir. Əgər onlar nəticə vermirsə, döyüş əməliyyatları təbii olacaq. Buna görə də vəziyyət birdəfəlik və həmişəlik aydın olmalıdır. Mən təəccüblənirəm, bunu necə eşitməmək, necə anlamamaq olar. Biz bu barədə dəfələrlə demişik ki, Azərbaycan xalqı öz ərazilərinin itirilməsi ilə heç vaxt barışmayacaq. Söhbət xarici qoşunların Azərbaycan ərazisindən çıxarılmasından gedir. Onlar Azərbaycan ərazisində qaldıqca bu cür münaqişələr davam edəcək və günlərin birində genişmiqyaslı müharibəyə çevrilə bilər, bu, bütün region üçün fəlakət olacaq”.

Səfir vurğulayıb ki, Bakı “Cənubi Qafqaz ərazisində ikinci erməni dövləti” yaradılmasına imkan verməyəcək. O deyib: “Məsələ onda deyil ki, kim birinci başlayıb, kim cavab verib. Bunlar hamısı əhəmiyyətsiz detallardır. Məsələ ondadır ki, bu cür vəziyyət nə üçün yaranır? Ona görə ki, Azərbaycanın əraziləri işğal edilib. Ona görə ki, xarici qoşunlar Azərbaycan ərazisini güclə əllərində saxlayırlar. Mən bunu deməyə utanmıram ki, bu münaqişəni beynəlxalq hüquq əsasında həll etməyin vaxtıdır. Beynəlxalq hüquq isə tamamilə Azərbaycanın tərəfindədir. Axı nə qədər dözmək olar? Bu, ona bənzəyir ki, siz birisinə müəyyən müddət, məsələn, bir-iki il sizin mənzilinizdə yaşamasına icazə vermisiniz, sonra isə həmin adam deyir: mən burada yaşamışam, bu mənzil mənimdir, ay ev sahibi, buradan yığış”. Bu gün Azərbaycan ordusu Ali Baş Komandan tərəfindən qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə qabildir. Ali Baş Komandan ona görə bu komandanı vermir ki, o, qan tökülməsini istəmir. Dünən Azərbaycan növbəti qurbanlar verdi. Biz bunu gizlətmirik. Məsələni həll etmək lazımdır. Biz məsələni dinc yolla həll etməyə hazırıq. Lakin danışıqlar danışıq xatirinə deyil, konkret substantiv danışıqlar olmalı, məsələnin həllinə təkan verə bilməlidir. Məsələ həll edilməyincə, belə hadisələr baş verə bilər. Bir daha təkrar etmək istəyirəm, onlar tammiqyaslı müharibəyə və onun bütün mənfi nəticələrinə gətirib çıxara bilər”.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

13 2020 15:16 -

Köhnə versiyamızdan xəbərləri izlə