Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

O, Rusiyada Azərbaycan diasporunu ləyaqətlə təmsil edirdi

40 gün əvvəl Rusiyadan gələn acı xəbər hər birimizin ürəyini üzdü, kədərləndirdi. Uzun illər Tula şəhərində işləyən, orada özünə hörmət qazanan, Azərbaycan diasporunu ləyaqətlə təmsil edən soydaşımızla əbədi vidalaşmalı olduq. Bəli, gözəgörünməz bir düşmənlə -  Covid -19- la mücadilədə  bir həmvətənimizi də itirdik. O, Maqsud Məmmədov idi. Rusların da, azərbaycanlıların da, digər millətlərin nümayəndələrinin də yaxşı tanıdığı, çox böyük hörmət bəstələdiyi 51 yaşlı Maqsud Məmmədov.

…Vətəndən uzaqlarda yaşayanlar çoxdur. Uzaqda yaşayıb qəlbi vətən həsrəti ilə yananlar,  onunla nəfəs alanlar da var.  Kimisi uzaq dünyaları görmək, kimisi işləmək  həvəsi ilə gedib. Bax beləcə indi dünyanın  hər yerində Azərbaycanın  canlı bir  parçası var.  Yaşayıb,  işləyib, həyatlarını qaydaya salıb  sonra Vətən üçün, həmyerliləri üçün, ətrafındakı həmşəhərliləri üçün nə isə bir iş görmək, kömək  göstərmək, yardım etmək üçün təşkilatlar yaradıblar. Elə bizim qəhrəmanımız Maqsud Məmmədov da əvvəldən o yolu tutub.

…Azərbaycanımızın Ağdaş rayonunda dünyaya göz açmışdı. Orduda xidmətdən sonra 1991-ci ildə Rusiyanın Tula şəhərinə  gəlmişdi.  Tula Kulinariya texhikumunu  bitirmişdi. Könlünü Tatyana adlı xanımla bağlamış, Samirə, Aidə və Fatimə adlı   üç qızı olan xoşbəxt bir ailə  qurmuşdu.

İlk övladı Samirə bu il Moskvada təhsilini başa vurub jurnalist ixtisasına yiyələnib. Aidənin isə 19 yaşı var. Tula Maliyyə Universitetinin tələbəsidir. Kiçik Fatımə isə dünyada bu ailədə birdən-birə nə baş verib,  hələ də yaxşı anlamır. Amma atasının uzaq səfərdə olduğuna inanır.

Maqsud Tulada kiçik biznesdən başlayıb öz işini qurmuşdu. Azərbaycanın ləziz yeməklərinin təklif edildiyi  bir kafe açmış, ora ortancıl  qızı Aidənin adını vermişdi.  Əliaçıq, diqqətcil, səmimi və insanpərvər insan olmağı onu çoxlarına sevdirmişdi.  Adamlara yaxın olmaq, problemlərinin həllinə  kömək göstərmək üçün diaspor hərəkatına qoşulmuşdu.     

Həmin dövrdə  Tulada fəaliyyət  göstərən, əsasən azərbaycanlıları və digər millətlərin nümayəndələrini öz ətrafında birləşdirən Beynəlxalq «Dostluq-Drujba» cəmiyyəti işin və biznesin təşkilinə ehtiyacı olan gənc azərbaycanlılara kömək etmək üçün müəyyən maddi potensiala malik idi. Maqsud da istəyirdi ki, bu təşkilata köməklik göstərə bilsin. Bəlkə də kiçik bir kafenin təşkili elə bu arzudan doğmuşdu.. Maqsud şəhər parklarının birində sevimli Azərbaycan mətbəxinin yeməklərini ilk vaxtlar sadə vaqon-kafedə təşkil edirdi. O, ürəklə və o qədər dadlı bişirirdi ki, müəssisənin daimi qonaqları tədricən nəinki azərbaycanlılar, həm də rayon və Tula sakinləri olurdular. 

Elə ki, 1998-ci ildə Maqsud Məmmədov «Dostluq-Drujba» cəmiyyətinin İdarə heyətinin üzvü secildi, o vaxtdan da  cəmiyyətin işində əməlli-başlı canlanma oldu. O, Azərbaycan diasporunun ən səxavətli sponsorlarından biri idi. Həmin vaxt Maqsud biznesinin imkanları ilə elə bir uğur qazanmışdı ki, o, köhnə vaqonun yerində, şəhər parkında yerləşən böyük restoran kompleksinin gələcək bünövrəsini qoya bilmişdi.

Öz ayaqları üstündə dayana bildikdən sonra   Maqsud  da diaspor  təşkilatın üzvü  kimi  fəaliyyətini uğyrla davam etdirirdi.  Təqaüdçülərə, müharibə veteranlarına  öz hesabına bayram ziyafətləri təşkil edirdi. Uşaq  və qocalar evlərinə, internatlara daim humanitar yardım göndərirdi. Azərbaycan xalqının süfrə mədəniyyətini, səxavətliliyini, qonaqpərvərliyini  bölüşmək istəyirdi. Onun ətrafında daim mədəniyyət xadimlərini, şəhərin   ziyalılarını, digər  tanınmış  adamları görmək olardı. Bu məkanı hamı sevirdi. Heç təsadüfi deyildi ki,  "Aida"  restoran  kompleksi Tula Şəhər Adminstrasiyasının müxtəlif fərman və mükafatları ilə  dəfələrlə təltif olununmuşdu.

Şəhərin rəhbər işçiləri ilə isti münasibətinə görə  "Aida" restoranına  daim ziyalılar, məmurlar, Azərbaycandan olan həmyerliləri toplaşırdılar. Elə buradaca müzakirələr aparılır, iş planları qurulurdu. Cəmiyyət  Tulada aztəminatlı ailələrə, təhsil haqqını ödəməkdə çətinlik çəkənlərə,  təbii ki, öz həmvətənlərinə  yardım göstərirdi.

Maqsud Məmmədəv  dəfələrlə Azərbaycan diasporunun Ryazan, Kaluqa, Moskva ictimai təşkilatları ilə görüşlərin  təşkilatçısı olmuşdur. Onun  təşkilatçılığı ilə Tula şəhərində  baş tutan  Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyeva ilə görüş də yüksək səviyyədə  keçmiş, səmərəliliyi ilə yadda qalmışdı. Maqsud Məmmədovun Azərbaycan diasporunun inkişafı ilə bağlı ictimai fəaliyyəti sərhəd tanımırdı. O,  Tula vilayətində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adını daşıyan idman klubunun fəaliyyətinə dəstək verirdi və klubun üzvləri müxtəlif döyüş növləri  üzrə  yarışlarda  uğurlu çıxışlar edirdilər. Maqsud hər zaman ehtiyacı olanlara - gənc azərbaycanlılara ayağa qalxmağa və öz işinə başlamağa çalışanlara kömək edirdi.

COVİD-19  bütün dünyanın ümumu bəlasına çevrildikdən sonra  Maqsud Məmmədov  ehtiyacı olanlara yardım kimi böyük bir kompaniyaya başlamışdı. Son vaxtlar  bir çox insanlarla ünsiyyətdə olurdu, problemlərini dinləyirdi, kömək əlini uzadırdı. Heç virusa harada yoluxduğunu özu də bilmədi. İki həfə komada oldi. İyunun  7-də isə indiyədək çox çətinliklərdən qalib çıxan bu insan gözəgörünməz düşmən qarşısında məğlub oldu, gözlərini əbədi yumdu…

Maqsud gözəl bir ailə başçısı, azərbaycanlıların, digər millətlərin nümayəndələrinin qapısını ürəklə döydüyü, etibarlı, səmimi, sadiq dost idi. O, işinin nə qədər çox olmasına baxmayaraq, həmişə ünsiyyət üçün vaxt tapirdı, dostların problemləri ilə səmimiyyətlə maraqlanirdı və həmişə  kömək edirdi. Azərbaycan diasporunun ictimai fəaliyyətini və ehtiyaclarını heç vaxt unutmurdu. Bu yalnız xidmət borcuna görə deyildi. Ona görə ki,   o,  həmişə alicənablığı ,xeyirxahlığı, qayğıkeşliyi ilə seçilən insan idi.

Lətif  Abbasov,   Tuladaki    Azərbaycan  "Dostluq" İctimai  Təşkilatının  sədr müavini:- Maqsudla 1996-cı ildə Tulada tanış olmuşdum. O zaman Tulada yaradılan "Drujba-Dostluq"  Beynəlxalq  İctimai Təşkilatının”nın sədr müavini idim. Maqsud 1998-ci ildən bu təşkilatın idarə heyətinin fəal üzvlərindən biri idi.  O vaxtdan başlanan dostluğumuz Maqsud bu dünyadan köçənədək davam etdi.

Sonralar müəyyən səbəblərə görə bu təşkilatın fəaliyyəti dayanmışdı. Mən də artıq Tulada deyil, Moskvada yaşayırdım. Amma, Maqsud daim axtarışda idi, həmyerlilərini bir an belə unutmurdu. O, Rusiyada, o cümlədən Tula vilayətində yaşayan və işləyən azərbaycanlıları yenə bir araya gətirmək, onların problemləri ilə daha yaxından məşğul olmaq üçün azərbaycanlıların "Millətlərarası birlik" adlanan Tula Vilayət Təşkilatının yaradılmasına nail olmuşdu. Maqsud bu təşkilatın həm vitse- prezidenti, həm də ən fəal sponsorlarından sayılırdı.

Dostum haqqında keçmişdə danışmaq mənim üçün çox ağırdır. Hələ də şokdayam, hələ də onun ölümünə inanmıram.O nəinki mənim qəlbimdə, onu yaxından tanıyanların qəlbində əbədi qalacaq. Xəyalpərəst idi və həmişə mənə deyirdi ki, Vətənə köçəcəyik, doğma dənizkənarı bulvarda gəzəcəyik. Arzuları gerçəkləşə bilmədi .51 yaşında bu dünyanı tərk etdi…

Lətif Abbasov deyir ki, Maqsud kimi Azərbaycanlı oğullar nə qədər çox olsa doğma Vətənimiz, millətimiz bir o qədər qürurlu olar, öz sözünü hər yerdə deyər. Onun yeri görünür. Ailəsi, balaları, dostları, bir də ki, sadə azərbaycanlılar Maqsudu unuda bilmirlər, elə hey ondan xoş xatirələr danışırlar…Beləcə gözlərimiz önündə uzun illər Rusiya kimi nəhəng bir ölkədə sevilən, sayılıb - seçilən azərbaycanlı Maqsud Məmmədov obrazı canlanır. Yerin behiştlik olsun, azərbaycanlı balası!

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri
 

13 2020 15:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə