Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi Ermənistanı daha da azğınlaşdırır

Nikol Paşinyan Ermənistanın baş naziri seçiləndən sonra işğalçı ölkədə baş verən hadisələr ermənilərin iç üzünü, qəddarlığını, insanlığa xas olmayan xüsusiyyətlərini bir daha açıb ortaya qoydu. Dövlətimizin başçısı iyulun 6-da yerli televiziya kanallarına verdiyi müsahibəsində bu barədə ətraflı məlumat verdi. Buna qədər də Prezident İlham Əliyev bu ölkədə baş verən qanunsuzluqlar, beynəlxalq hüququn normalarına hörmətsizlik, faşizm ideologiyasına meyillik, İrəvanın mərkəzində nasist Qaregin Njdeyə abidə ucaldılması barədə nüfuzlu beynəlxalq tədbirlərdə  kifayət qədər məlumat vermişdi.

Özünü demokrat qiyafəsində təqdim etmək istəyən baş nazir Nikol Paşinyan, görünür, Ermənstan silahlı qüvvələrinin  törətdikləri qanlı faciələri unudub. Dünyada analoqu olmayan bu faciələr ermənilərin faşistlərdən də qəddar olduğunu təsdiqlədi. Belə bir ölkədə demokratiyadan söhbət gedə bilərmi? 30 ildən çoxdur ki, qonşu dövlətin ərazisini işğalda saxlayan, bir milyondan artıq insanı doğma ata-baba yurdundan didərgin salan, uşağa, ağsaqqala qarşı amansız qətllər, dəhşətli terror aktları törədən bir ölkədə humanizm prinsiplərinə, demokratiyaya, beynəlxalq hüquq normalarına hörmət olarmı? Qətiyyən olmaz! Dövlətimizin başçısı da bu məqamları diqqətə çatdırdı.

Artıq Ermənistan digər təşkilatların rolu olmadan  özü-özünü ifşa edir. Bu ölkənin daxilindəki müəyyən qüvvələr 20 il ərzində hakimiyyətdə olan keçmiş prezidentlərin, onların ətrafının  cinayətkar olduqlarını artıq faktlarla ortaya qoyurlar. Keçmiş və indiki rəhbərlərin hakimiyyəti zorla qəsb etmələri, korrupsiya və rüşvətxorluqları barədə kifayət qədər faktlar irəli sürürlər. Hətta hakimiyyəti uzun müddət əllərində saxlamaq üçün rəqiblərinə qarşı amansız rəftar etmələri,  terror aktları törətməkdən belə çəkinməyiblər. 2008- ci ildə keçirilən prezident seçkilrərində baş verən hadisələri xatırlatmaq istərdim. Bunu mən yox, Ermənistanın ziyalıları, tanınmış ictimai-siyasi xadimləri, jurnalistləri də dəfələrlə bəyan ediblər. Dövlətimizin başçısı müsahibədə vurğuladığı kimi, iyirmi il hakimyyətdə olan kriminal bir rejimə rəhbərlik edən cinayətkar prezidentlər, təbii ki, demokrat ola bilməzlər. Onlar təkcə ölkə daxilində deyil, bəşəri cinayətlər də törədiblər. Bir gecənin içərisində Azərbaycanın Xocalı rayonunun yerlə-yeksan edən, əhaliyə qarşı misli görünməmş qəddarlıq nümayiş etdirən  belələrinə demokrat demək olarmı? Faşizm ideologiyasını özündə daşıyan bir dövlət və dövlətin başçıları, demokrat ola  bilməzlər!

Cənab Prezident müsahibəsində Ermənistanı bir daha ifşa etdi. Dövlətimizin başçısının dediklərini olduğu kimi təqdim edirəm: “Mən demişəm ki, əgər 20 il ərzində bir ölkəyə rüşvətxorlar, cinayətkarlar, oğrular rəhbərlik edibsə, bu ölkə cinayətkarlar, oğrular, rüşvətxorlar ölkəsidir. Başqa cür ola bilməz. Onların dırnaqarası müstəqillik tarixi rüsvayçılıq tarixidir. Müstəqilliyin ilk illərində Azərbaycan xalqına qarşı törədilmiş ərazi iddiası, Xocalı soyqırımı, işğal və Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarından didərgin salınması, ondan sonrakı mərhələdə qanunsuz yollarla hakimiyyətin zəbt edilməsi. Bütün Ermənistan rəhbərləri hakimiyyətə qanunsuz yollarla gəliblər. Bu ölkənin, sadəcə olaraq, tarixinə baxmaq kifayətdir. 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror hadisəsi onların əsl mahiyyətini üzə çıxarır. Bu, terrorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxardı.”

Ümumiyyətlə, digər dövlətin ərazsini işğal etmiş və bu işğal zamanı  minlərlə insanı amansızlıqla qətlə yetirmş bir dövlət və onun başçıları demokrat ola bilməzlər. Bu ölkənin siyasətində əsas hədəf Azərbaycan və azərbaycanlılardır. Onlar bu nifrətlərini açıq şəkildə büruzə verirlər. Bu da Ermənistanda faşizm ideologiyasına olan hüsn-rəğbətdən irəli gəlir. Dövlət başçısı bu məqamları öz müsahibəsində də açıq şəkildə vurğuladı. Faşizm ideologiyasını özündə daşıyan bir dövlət və dövlətin başçıları, təbii ki, demokrat ola  bilməzlər .

Mən faşizm ideologiyası ilə bağlı bir məsələni də qeyd etmək istərdim. Ermənistan silahlı qüvələrinin  azərbaycanlılara qarşı törədikləri bütün vəhşiliklər, terror aktları filmlərdə  və tarixi sənədlərdə də öz əksini tapıb . Bu vandal aktları  öz qəddarlığına görə faşistləri də geridə qoyub. Təəssüf edirəm ki, bütün bunlar özlərini beynəlxalq aləmdə insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edən beynəlxalq təşkilatların gözləri qarşısında baş verir. Təəccüblüdür ki, həmin təşkilatlar Azərbaycanda baş verən xırda bir hadisəni dərhal görür və “milçəkdən fil düzəldərək” ölkəmiz haqqında beynlxalq aləmdə mənfi rəy formalaşdırmağa, guya, insan hüquq və azadlıqlarının pozulması barədə haray-həşir salırlar. Ermənistanın törətdiyi vandal aktları, bir milyondan artıq soydaşımızın hüqularını kobud şəkildə pozduğunu isə “görmür” və “eşitmirlər” . Necə deyərlər,  həm kor, həm də kar olurlar.

Münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun fəalyyətsizliyi, mən deyərdim ki. açıq ikili standartı Ermənistanı daha da həyasızlaşdırıb. Bu qrupun fəaliyyətsizliyi uzun müddətdir ki, davam edir. Minsk qrupu nə üzərinə düşən vəzifəni yernə yetirir, nə də bu işdən kənara çəkilir. Artıq beynəlxalq ictimiyyətdə və tanınmış ekspertlərdə də Minsk qrupuna inam heçə enib. Bu qrup ciddi qınaq hədəfinə çevrilib. Bu inamsızlığı onların fəaliyyətsizliyi yaradıb. 25 ildən artıq bir müddətdə yerində sayan, üzərinə götürdüyü vəzifəni icra edə bilməyən bu qrupa kim inanar? Neçə illərdir ki,  ATƏT-in Minsk qrupu Ermənistanın beynəlxalq hüquq normalarını pozmasına əhəmiyyətsiz və hadisəyə dəxli olmayan söz yığımından ibarət bəyanatlarla  “münasibət bildirməyə” adət edib. Minsk qrupu belə bəyanatlarla özünü gülünc vəziyətinə salıb.

1999- cü ildən indiyədək ATƏT-in Minsk qrupu Ermənistanın beynəlxalq hüquq normalarını pozmalarına, ölkəmizə qarşı təxribatlarına, günahsız insanların qətlinə, kəndlərin və digər yaşayış məntəqlərinin yandırılmasına, tarixi- mədəni  abidələrin yerlə -yeksan edilməsinə  qəti mövqe bildirməyib və sanksiya tətbiq etməyib. 1994- cü ildə atəşkəs rejimi tətbiq olunanda tərəflər öz üzərinə öhdəliklər götürdü. 26 ildir ki, Ermənistan tərəfi bu öhdəliyə əməl emir. Təəssüf ki, ATƏT-in Minsk qrupu da buna biganə yanaşır. Bu da işğalçı ölkəni daha da həyasızlaşdırır.

Bu gün də atəşkəs ejimi pozulur, günahsız insanlar qətlə yetirili. Bu günlərdə cəbhə bölgəsində baş verən silahlı insident də bunu təsdiqləyir. Cənab Prezident də haqlı olaraq öz müsahibəsində beynəlxalq təşkilatları kəskin tənqid etdi. Dedi ki, haradadır ATƏT-in media üzrə nümayəndəsi? Hansı ki, gecə-gündüz Azərbaycan haqqında iftiralar uydurur və indi dəridən-qabıqdan çıxır ki, öz vəzifəsində qala bilsin. Niyə səsini çıxarmır? Niyə həbsxanada jurnalist öləndə səsini çıxarmayıb? Niyə pozuntular olanda səsini çıxarmayıb? Haradadır Avropa Şurası? Niyə Ermənistan tənqid olunmur? Niyə Ermənistan üzrə, siyasi məhbus üzrə məruzəçi təyin edilmir? Mən bütün bu sualları verirəm və bu suallar cavabsız qalır, bu suallara cavab verilmir. Çünki sərf etmir. Nə cavab verəcəklər? Cavab verəcəklər ki, biz saxtakarıq? Deməyəcəklər. Sadəcə olaraq, susmağa üstünlük verirlər.

Ölkə başçısı ikili standart nümayiş etdirən beynəlxalq təşkilatları haqlı olaraq  riyakar adlandırdı. Onların riyakarlığının üstünün açıldığını bildirən cənab Prezident İlham Əliyev dedi ki, artıq heç kimdə şübhə yoxdur ki, bütün bu qurumlar tərəfindən verilən qərarların əksəriyyəti siyasi xarakter daşıyır, siyasi sifarişdir. O ölkələr ki, onların qarşısında baş əyir, diz çökür, - Ermənistan kimi, - onların başını sığallayır, o ölkələr ki, özünü ləyaqətli aparır, ayaqda möhkəm durur və özünə qarşı hörmət tələb edir, - Azərbaycan kimi, - onlara hücum edir və hücumun da əsas tezisi insan haqları, demokratiyadır. Əlbəttə ki, bütün bunlar saxta iradlardır. Bizim beynəlxalq arenadakı uğurlarımız onu göstərir ki, Azərbaycan bu gün beynəlxalq aləmdə söz sahibidir. Qərəzli beynəlxalq təşkilatların böhtan və qarayaxmalarına baxmayarq, Azərbaycan tuduğu haqq-ədalət yolunda inamla irəliləyəcək.

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri,
hüquq üzrə fəlsəfə doktoru

13 2020 11:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə