Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Stomatoloq tövsiyə edir...

“Qlobal bəla sayılan COVID-19 koronaviris infeksiyası, çox təəssüf ki, bizim respublikamızdan da yan keçmədi. Təbii ki, bu pandemiyanın tam aradan qalxmasını səbirsizlikıə gözləsək də, hələ ki, ona qarşı peyvəndin hazır olmaması və spesifik müalicə vasitəsinin icad olunmaması bizim bu infeksiya ilə hələ bir müddət yaşamalı olacağımız anlamına gəlir”.

Bunu Azərbaycan Tibb Universitetinin (ATU) Ortopedik stomatologiya kafedrasının müdiri, respublikanın baş stomatoloqu, tibb elmləri doktoru, professor Nazim Pənahov e-tibb.az-a deyib. Baş mütəxəssis bildirib ki, belə bir məqamda stomatoloqların da üzərinə çox böyük məsuliyyət düşür:

-- Təsəvvür edin, hamı bilir ki, bu infeksiya yaxın təmas, eləcə də hava-damcı yolu ilə ötürülür. Stomatoloqlar isə bu iki ötürülmə vasitəsinin, belə desək, özəyində çalışırlar. Bir tərəfdən, pasiyentlə həkim-stomatoloq arasındakı fiziki məsafənin tam yaxın olması, digər tərəfdən də ağız boşluğunun tüpürcək mühiti. Burada artıq tüpürcək damlacıqları ilə yaxın təmasdan deyil, birbaşa tüpürcəyin yarandığı və yerləşdiyi mühitdəki küllü miqdardakı təmasdan söhbət gedir. Bu baxımdan, stomatoloqun etdiyi kiçik səhlənkarlıq, yaxud onun gigiyena qaydalarına riayət zamanı etdiyi səhv nəinki özünün, eləcə də ailəsinin, yaxın çevrəsinin, həmçinin digər xəstələrin və ümumilikdə işlədiyi klinikadakı bütün personalın yoluxmasına səbəb ola bilər. Təbii ki, bunları göz önünə almaqla, hər bir həkimin bilməli olduğu, bizim fakültədə hələ tələbələrə ilk dövrdən öyrətməyə çalışdığımız, indi isə xüsusilə vacib olan bir qızıl qaydaya riayət edilməlidir. Bu qaydanı mən tələbələrimizə belə aşılayıram: Sizə yaxınlıq və qohumluq dərəcəsindən asılı olmadan, hər bir müraciət edən şəxsə, fərq qoymadan, sənin valideynindir, dostundur və ya tanımadığın bir kimsədir, potensial virus daşıyıcısı kimi baxmalısan. Onun müayinəsi və müalicəsi zamanı heç bir zaman bu ehtiyatı əldən verməməlisən. Və əgər sən özünü bu infeksiyadan qoruyacaqsansa, deməli, bütün ətrafın da səndən əmin olacaq və sən onları yoluxdurmayacaqsan.

Bu infeksiya yayılmadan öncə də, ağız boşluğu xüsusi təhlükəli infeksiyaların, məsələn AİDS, hepatit, vərəm, sifilis və s. kimi infeksiyaların potensial yayılma ocağı sayılırdı. Amma bu qızıl qaydaya riayət edən həkimlər, təbii ki, bu infeksiyaya yoluxmur və başqasına da yaymırdı. İndi də bu sıraya COVID-19 qatılıb. Sadəcə, vacib gigiyenik qaydalara mütləq riayət edilməlidir.

Belə bir xırdalığı misal çəkmək istərdim, amma əslində bu xırdalıq infeksiyanın yayılmasında çox önləyici əməllərdən sayılır. Məsələn, mən bir həkim olaraq, əlimə əlcək, üzümə maska taxıramsa, bu artıq mənim şüurumda həmin nahiyələrin bulaşmış olduğu anlamı yaradır və heç vəchlə mən əlimdəki əlcəklə üzümdəki maskaya, yaxud bədənimin başqa nahiyələrinə, məsələn, saçıma, alnıma, eləcə də məni əhatə edən avadanlıqlara, otaqdakı mebelin rəflərinə, qapılarına və s. yerlərə toxunmuram. Əgər yardımçı personal otaqda deyilsə və mən məcbur qalıb nəyəsə toxunmalıyamsa, məsələn, mebelin qapısını açmalıyamsa, yaxud su kranını açmalıyamsa, onu sərbəst saxladığım və xəstə ilə təmas etdirmədiyim çeçələ barmaqlarımla, yaxud əlimin arxası yaxud dirsəyimlə edirəm. Mən bu vərdişin bizim əhalidə də yaranmasını çox arzulayardım. Belə ki, hərdən marketlərdə fikir verirəm ki, maska və əlcək taxan bəzi şəxslər bu qoruyuci vasitəni səhvən daha çox bulaşdırıcı vasitə kimi işlədirlər. Ona görə gigiyenaya xüsusi diqqət edilməlidir.

 

Hazırladı:

Z.BƏŞİRQIZI, “Xalq qəzeti”

12 2020 14:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə