Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham ƏLİYEV: Bu gün ölkəmizdə sənayeləşmə siyasəti uğurla aparılır

Prezident İlham ƏLİYEV: Bu gün ölkəmizdə sənayeləşmə siyasəti uğurla aparılır

Azərbaycanda prioritet hədəf kimi reallaşdırılan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də qeyri-neft sənayesinin inkişafıdır. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”, habelə “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” də dövlət başçısının məhz bu sahəyə xüsusi önəm verməsinin bariz ifadəsidir. Adları çəkilən sənədlərdə qarşıya qoyulan vəzifələr qeyri-neft sənayesində yeni çağırışlar və imkanlar nəzərə alınmaqla uğurla həyata keçirilir.   Bu zaman mövcud sahənin rəqabətqabiliyyətliyi, innovativliyi və iqtisadi inkişafı dəstəkləməsi prinsipləri diqqət mərkəzində saxlanılır.
Məhz elə bunun nəticəsidir ki, cari ilin yanvar-iyun aylarında mövcud sektorda müsbət nəticələr əldə edilib. Həmin dövrdə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 23,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çox məhsul istehsal edilib. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,8 faiz artıb, neft sektorunda isə 0,2 faiz azalıb.   
Sənaye məhsulunun 72 faizi mədənçıxarma sektorunda, 23,4 faizi emal sektorunda, 4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Hesabat dövründə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 188 milyon manat dəyərində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki,   ötən ilin yanvar-iyun ayları ilə müqayisədə toxuculuq sənayesində 64,1 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 56,9 faiz, geyim istehsalında isə 10,3 faiz artım müşahidə olunub.
Komitənin məlumatında, eyni zamanda, qeyd edilir ki,  emal sektorunda tütün məmulatlarının istehsalı 3,4 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,7 dəfə, mebel istehsalı 2 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 64,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 56,9 faiz, geyim istehsalı 10,3 faiz, içkilərin istehsalı 5,6 faiz artıb.
Respublikada ağır sənaye və maşınqayırma sahəsində də dinamik inkişaf nəzərə çarpır. Bu, ilk növbədə, “Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin uğurlu icrası ilə bağlıdır. 
Bu sənədin reallaşdırılması ilə sənayenin strukturu getdikcə təkmilləşdirilir, qeyri-neft sənayesi iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çevrilir, ağır sənaye və maşınqayırmanın sənayedə və məşğulluqda payı artır, ümumi iqtisadi potensial 2020-ci ildən sonrakı dövr üçün nəzərdə tutulan məqsədlərin gerçəkləşdirilməsi üçün hazır vəziyyətə gətirilir, yəni mövcud resurslardan səmərəli şəkildə istifadə edilir, habelə müəssisələrdə səmərəli istehsal metodları tətbiq olunur.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumatda bildirilir ki, “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” üzrə ümumi icra səviyyəsi 68 faizdir. Yol Xəritəsinin 2017-ci il üzrə nəzərdə tutulan hissəsinin 44 faizinin icrası tamamlanıb, 47 faizi qismən icra edilib.
Adıçəkilən Strateji Yol Xəritəsi üzrə icra səviyyəsi ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan sənayeləşmə siyasətinin uğurla davam etdiyini bir daha göstərir. Bu ilin ilk yarısında qeyri-neft sənayesinin 8,8 faiz artımı bunun əyani sübutudur.
Ötən il ərzində ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin ilk hədəfi – mövcud aktivlərin optimallaşdırılması üzrə tam icra 52 faiz, qismən icra 48 faiz səviyyəsində təmin olunub. Bu hədəf üzrə məhsuldarlığın və səmərəliliyin artırılması, enerjidən istifadədə optimal səmərəliliyə nail olunması, aktivlərin və mövcud potensialın mərkəzi reyestrinin yaradılması istiqamətlərində 2017-ci il üçün nəzərdə tutulan tədbirlər həyata keçirilib. “Qənaətli istehsal metodları”, “Qənaətli istehsal metodlarını tətbiq etməklə model müəssisənin yaradılması metodologiyası”, “KOS (kiçik və orta sahibkarlıq) subyektlərinin faydalanması üçün Azərbaycanda model müəssisənin yaradılması metodologiyası” hazırlanıb. Bundan əlavə, metallurgiya, maşınqayırma və avtomobilqayırma sahələrində 3 müəssisə pilot model müəssisə kimi seçilib. Enerji balansının proqnozlaşdırılması və planlaşdırılması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra işlər həyata keçirilib. Sutkanın müxtəlif saatlarında elektrik enerjisindən istifadəyə dair region ölkələrinin təcrübəsi araşdırılaraq müvafiq statistik hesabat hazırlanıb. Sənayedə istifadə olunmayan aktivlərin və təbii resursların mərkəzi reyestrinin yaradılması məqsədilə dövlət müəssisələrinin və təbii ehtiyatların siyahısı tərtib edilib.
Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi üzrə tam icra 45 faiz, qismən icra 50 faiz olub, cəmi 5 faiz tədbir icra edilməyib. İnvestisiya məlumat bankının (portal) yaradılması məqsədilə fəaliyyətlər həyata keçirilib. “Doing Business” və bir sıra digər beynəlxalq hesabatlarda Azərbaycan Respublikasının mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra normativ hüquqi aktlarda dəyişikliklərlə bağlı layihələr hazırlanaraq təsdiq edilib. Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair təkliflər hazırlanıb. Korporativ idarəetmə standartlarının tətbiqi üzrə beynəlxalq təcrübə araşdırılıb, sənaye müəssisələrinin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi və korporativ idarəetmə səviyyələrinin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların layihələri və sənaye müəssisələrində müasir idarəetmə sisteminin qurulması qaydalarının ilkin layihəsi yekunlaşdırılıb.  Milli brendlərin yaradılması sahəsində həyata keçirilən araşdırmalar nəticəsində brend indeksinin yaradılmasına dair konseptual təklif hazırlanıb. Bundan əlavə, “Made in Azerbaijan” brendinin inkişafına və milli brendlərin yaradılmasının təşviq edilməsinə həsr olunmuş birinci “Marketinq sammiti” keçirilib.

Son illər müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində ölkəmizdə metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri də genişlənməklə yanaşı, yeni sənaye sahələri yaradılıb, respublikamızda bir sıra sənaye məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlib. 

İlk süni peykin orbitə buraxılması ilə kosmik sənayenin əsası qoyulub, “Azərspace” və “Azersky” telekommunikasiya peykləri orbitə buraxılıb, yaxınlarda isə “Azərspace-2” peykinin orbitə buraxılması nəzərdə tutulub. Müdafiə sənayemiz inkişafının yeni mərhələsinə daxil olub. Alternativ və bərpa olunan enerji sahəsində bir sıra müəssisələrin işə düşməsi ilə Bakı şəhərinin müxtəlif ərazilərinin işıqlandırılmasında qeyri-ənənəvi vasitələrdən, o cümlədən günəş panellərindən və külək generatorlarından istifadə olunmağa başlanılıb. Müasir texnologiyalar əsasında Gəmiqayırma zavodu yaradılıb və bununla da daha yeni bir sənaye sahəsinin əsası qoyulub.  
Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına və ətraf mühitə mənfi təsirlərin azaldılmasına xidmət etməklə yanaşı, həm də tullantıları enerjiyə çevirir. Azərbaycan üçün ənənəvi olmayan bu müəssisə istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında ən iri bu tipli zavoddur və Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində bütün normativlərinə tam cavab verir. 
Qeyri-neft sənayesinin inkişafında sənaye parkları da mühüm rol oynayır. Bu gün ölkədə fəaliyyət göstərən 5 sənaye parkında işçi sayı 11 minə yaxındır. Gələcəkdə isə burada daha 7 500-ə yaxın yeni iş yerinin açılması nəzərə tutulur. İndiyədək  Azərbaycanda fəaliyyət göstərən bu sənaye parklarına yatırılan investisiyaların həcmi 2,6 milyard dollar təşkil edir. Hazırda Sumqayıt Kimya Sənaye Parkının investisiya portfeli 2 milyard dollara yaxındır. Sumqayıt Kimya Sənaye Parkının dövriyyəsi gündən-günə artmaqdadır. Bu ilin altı ayında parkın dövriyyəsi 100 milyon manat olub. Cari ildə isə bu rəqəmin 200 milyon manata çatacağı gözlənilir.
“SOCAR Polymer” zavodunun bir müddət bundan əvvəl fəaliyyətə başlaması da Azərbaycanda qeyri-neft sənayesinin dinamik inkişafının bariz ifadəsidir.
Bu müəssisənin açılışında Prezident İlham Əliyev vurğulayıb ki, qısa zaman ərzində sənaye parkının ərazisində böyük nəhəng sənaye müəssisəsinin yaradılması Azərbaycanın növbəti uğurudur: “Deyə bilərəm ki, Azərbaycanın müasir tarixində bu ölçüdə və bu səviyyədə sənaye müəssisəsi tikilməyib. Düzdür, bizim neft-qaz sektorunda böyük inşaat işlərimiz həyata keçirilib - böyük platformalar, qazma qurğuları, ancaq qeyri-neft sektorunda bu, ən böyük sənaye müəssisəsidir və ən son texnologiyalara malik olan müəssisədir”.
“SOCAR Polymer” Azərbaycanda ilk dəfə olaraq polipropilen və polietilen istehsal edəcək. Bu zavodun tikintisində istifadə olunan texnologiyalar İtaliyanın ən müasir texnologiyalarına aid edilir. 
Zavod iqtisadiyyatın inkişafında və Azərbaycanın sənayesində böyük rol oynayacaq. Çünki bu zavod təbii ehtiyatlardan istifadə hesabına fəaliyyət göstərəcək. Bu layihə Azərbaycan hökuməti və eləcə də cəmiyyət üçün mühüm mexanizmlərdən birini təşkil edir. Hazırda ölkəmiz aşağısıxlıqlı polietileni ixrac, yüksəksıxlıqlı polietileni isə idxal edir. Layihənin əsas məqsədi idxalın əvəz olunması və ölkənin ixrac potensialının artırılmasıdır.
2015-ci ildə təməli qoyulan “SOCAR Polymer” zavodlarından artıq polipropilen zavodu istismara tam hazırdır. Yüksəksıxlıqlı polietilen istehsal edəcək zavodda isə son tamamlama işləri görülür.
“SOCAR Polymer” zavodları ildə 19 növ olmaqla 184 min ton polipropilen və 12 növ olmaqla 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. Bu məhsullar sahibkarlıq subyektlərinin xammalla təchiz olunmasında əhəmiyyətli rol oynayacaq, respublikanın ixrac potensialının möhkəmlənməsinə əlavə stimul verəcək. İstehsal edilən məhsulun nəql intensivliyi gündə təqribən 60 yük maşını təşkil edəcək. 
Polipropilen zavodunun istifadəyə verilməsi və ilin sonunda polietilen zavodunun fəaliyyətə başlaması nəticəsində Azərbaycanın ixrac potensialı da böyük dərəcədə artacaq. Hər iki zavodda ildə 300 min ton məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək. Bununla da Azərbaycan idxaldan asılılığı tamamilə aradan götürəcək və böyük həcmdə qeyri-neft ixracına başlayacaq.  
Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan öz sənaye potensialını getdikcə müasirləşdirir və gücləndirir. Bu ilin altı ayında qeyri-neft sənayesinin 8,8 faiz artması da bunun sübutudur.
 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

 

6 2018 23:32 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə