Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın beynəlxalq təşkilatlara sədrliyi yeni nümunələr formalaşdırır

O vaxt mən bəyan etdim ki, biz sədr kimi fəal olacağıq, Qoşulmama Hərəkatına üzv ölkələrin maraqlarını dünya miq­yasında müdafiə edəcəyik, ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. Ona görə bu ağır bir dövrdə, əlbəttə, hesab etdim ki, zirvə görüşlərinin keçirilməsinə də böyük ehtiyac var. Bildirməliyəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü yeni formatda onlayn formatda ilk zirvə görüşü idi. Ondan son­ra digər təşkilatlar da buna oxşar addımlar atdılar. Qoşulma­ma Hərəkatına üzv ölkələrin və Türk Şurasının zirvə görüşləri çox uğurlu keçdi. Qəbul edilmiş sənədlərdə Azərbaycanın bu təşəbbüsü və bu sahədə oynadığı rolu, həmrəyliyə hesablanmış addımları yüksək qiymət almışdır.

Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsindən

Bakı, 6 iyul 2020-ci il


Prezident İlham Əliyevin bir neçə il əvvəl BMT Təhlükəsizlik Şurasının, sonra Avropa Şurası Nazirlər Kabinetinin iclaslarına, ötən ilin payızından etibarən isə Türk Surası və Qoşulmama Hərəkatı kimi mötəbər beynəlxalq təşkilatlara uğurla sədrlik etdiyi barədə sətirləri qələmə alarkən, ulu öndər Heydər Əliyevin xalqımıza və dövlətimizə yüksək qiymət verilən möhtəşəm çıxışını xatırlamamaq mümkün deyil.

Məlum olduğu kimi, 2001-ci il yanvarın 25-də Prezident Heydər Əliyevin iştirakı ilə Strasburqda Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilmiş və qurumun binasının qarşısında dövlətimizin bayrağı ucaldılmışdı. Ulu öndər həmin tədbirdə ən ali səviyyəli milli təəssübkeşlik nümayiş etdirərək demişdi ki, bu gün Azərbaycan Avropa və dünya mədəniyyətinə öz töhfələrini verməyə hazırdır. Ümummilli liderimiz bununla da avropalı dostlarımıza və tərəfdaşlarımıza xatırladırdı ki, milli dövlətçilik tarixi, çoxəsrlik mədəniyyəti və müstəqil siyasət yeritmək təcrübəsi olan Azərbaycana kiminsə yuxarıdan aşağı baxması mümkün deyil. Şükürlər olsun ki, bunu həm zaman təsdiq etdi, həm də Prezident İlham Əliyevin fərdi siyasi keyfiyyətləri və liderlik məharəti.

O zaman Azərbaycan Avropa Şurası kimi qitəmiqyaslı bir qurumun üzvü olmaq sevincini yaşayırdı. Bir neçə gün qabaq – konkret desək, iyulun 8-də isə mən – bu sətirlərin müəllifi olan sadə jurnalist Azərbaycan Prezidenti İlham Əliyevin dünyada ən böyük təşkilat olan BMT-nin Baş katibi ilə telefon danışığının sevincini yaşadım. Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda deyilirdi : Telefon danışığı əsnasında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə Baş katibin və BMT-nin səylərini, o cümlədən, çoxtərəfli əməkdaşlığı dəstəkləyir. Dövlətimizin başçısı COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı ayırdığını qeyd edib.

Fikrimcə, haqqında söz açılan 10 milyon ABŞ dolları, eləcə də, 30-dan çox ehtiyacı olan ölkəyə göndərilən humanitar və maliyyə yardımı, sadəcə, rəqəmlərlə ifadə edilən fakt deyil, bəşəri dəyərlərə önəm verən dövlətin nümayiş etdirdiyi mədəniyyətin göstəricisidir. Ulu öndər Heydər Əliyev 2001-ci ildə, məhz bu məqamları, yaxud Heydər Əliyev Fondunun dünyanın müxtəlif ölkələrində reallaşdırdığı layihələri nəzərdə tuturdu, hansısa konkret mədəniyyət sahəsinin inkişafına töhfələr verilməsini yox. Hərçənd, Azərbaycanın o sahələrdə də çox böyük uğurları vardır.

Yeri gəlmişkən, dövlət başçımız BMT rəhbəri ilə söhbətində Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə müraciətinə qısa müddətdə cavab verdiyinə görə Baş katibə təşəkkürünü çatdırıb və BMT-nin 130-dan çox üzv dövlətinin bu təşəbbüsü dəstəklədiyini vurğulayıb. Qoşulmama Hərəkatının sədri BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılmasında Baş katibin liderliyinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. BMT-nin Baş katibi həmin məqamda Azərbaycan Prezidenti kimi deyil, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatın sədri kimi danışan İlham Əliyevə dünya ölkələrinin probleminə şərik olduğuna görə təşəkkür edib. Təbii ki, Baş katibin BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu deməsi də bizim bədxahlarımız üçün sarsıdıcı zərbə olmuşdur.

Xatırladaq ki, həmin telefon danışığından iki gün əvvəl – iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın açılışından sonra yerli televiziyalara müsahibə verən Prezident İlham Əliyev ölkəmizin beynəlxalq təşkilatlara sədrlik etməsi və digər məsələlərə toxunaraq, dəyərli fikirlər səsləndirmişdi. Azərbaycanın pandemiya ilə mübarizədə bir çox ölkələrə humanitar yardım göstərdiyini xatırladan dövlət başçımız bunun sadəcə dünya ictimaiyyəti ilə həmrəylik nümunəsi olduğunu söyləmişdir: “ Biz bu günə qədər 30- dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Onu deyə bilərəm ki, biz bu haqda heç məlumat da vermirdik. Çünki biz bunu piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik borcu kimi edirdik. Ancaq bir neçə dövlət başçısı mənə təşəkkür məktubu ünvanladıqdan sonra bu, artıq bilindi və biz də, əlbəttə ki, bunu gizlətmirik. Əksinə, hesab edirəm ki, bu, bizim böyük üstünlüyümüzdür. Çünki, hətta, çətin bir dövrdə biz 30- dan çox ölkəyə yardım göstərmişik və düz etmişik”.

Azərbaycanın beynəlxalq arenada bir sıra təşəbbüslər irəli sürməsinə, məhz bizim təşəbbüsümüzlə bir neçə beynəlxalq tədbirin keçirilməsinə gəlincə isə, Prezidentin fikrincə, öz üzərinə vəzifə götürən hansısa fərd və ya dövlət o vəzifəni layiqincə yerinə yetirməlidir. Dövlət başçımız xatırladır ki, kiminsə öz üzərinə götürdüyü sədrlik fəaliyyəti formal xarakter daşımamalıdır, halbuki daşıya da bilər: “Çünki Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik növbəlilik prinsipi əsasındadır. Qoşulmama Hərəkatında sədrlik isə seçkilər yolu ilədir. Biz hər iki təşkilata sədrliyi təxminən eyni vaxtda – keçən ilin oktyabrında öz üzərimizə götürmüşük. Bakıda iki zirvə görüşü keçirilmişdir. O vaxt mən bəyan etdim ki, biz sədr kimi fəal olacağıq, Qoşulmama Hərəkatına üzv ölkələrin maraqlarını dünya miqyasında müdafiə edəcəyik, ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik”.

Bundan başqa, Azərbaycan Prezidenti Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvə görüşündə iştirak edib və Azərbaycanın mövqeyini beynəlxalq aləmə çatdırıb. Eyni zamanda, bu yaxınlarda Azərbaycan, Əfqanıstan, Türkmənistan dövlət başçılarının zirvə görüşü keçirilib. Həmin görüş də bir çox region ölkələri üçün olduqca önəmli idi.

Bütün bunlar sübut edir ki, Azərbaycan dövləti beynəlxalq ictimaiyyətin ən fəal üzvlərindən biri olaraq, bəşəri dəyərlərə, humanitar prinsiplərə və əsas insan hüquq və azadlıqlarına daim önəm verir. Bu isə Heydər Əliyev siyasi kursunun tərkib hissələrindən biridir.

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

12 2020 01:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə